RU

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı fərman imzalayıb

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edən fərmanı imzalayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, ABŞ mediasının məlumatına görə, sanksiyalar ICC-nin başlatdığı işlərə bağlı şəxslərin şəxsi vəsaitlərini və vizalarını əhatə edir.

Xüsusilə Trampın Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Benyamin Netanyahu üçün verilən həbs orderi sanksiyaların əsas hədəflərindən biridir. ABŞ və onun müttəfiqlərinə qarşı ICC araşdırmalarına dəstək verən şəxslərə və onların ailələrinə də maliyyə və viza məhdudiyyətləri tətbiq ediləcək.

Belə ki, ötən ay ABŞ Senatı Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı həbs orderlərinə cavab olaraq ICC-yə qarşı sanksiya qanununu bloklayıb.
Nümayəndələr Palatası qanunu qəbul etsə də, Senatda lazım olan 60 səs toplana bilməyib (54-45 səs). "Yanlış Məhkəmə ilə Mübarizə" qanun layihəsi ABŞ və onun müttəfiqlərinin vətəndaşlarına qarşı ICC-nin istənilən hüquqi tədbirlərinə cavab olaraq sanksiyalar tətbiq etməyi nəzərdə tutur.

ICC isə ABŞ-ın mümkün sanksiyalarına qarşı qabaqlayıcı tədbirlər görüb, işçilərinin maaşlarını əvvəlcədən ödəyib və maliyyə məhdudiyyətlərinə hazırlaşıb.

Qeyd edək ki, ICC 125 üzv dövlətdən ibarət beynəlxalq məhkəmədir və fərdləri müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlərə görə mühakimə edə bilər. ABŞ, Çin, Rusiya və İsrail ICC-nin üzvü deyil. 2020-ci ildə Tramp administrasiyası ICC-nin Əfqanıstandakı ABŞ qüvvələrinə qarşı araşdırmasına cavab olaraq o vaxtkı baş prokuror Fatou Bensoudaya sanksiya tətbiq etmişdi.

Избранный
57
turkic.world

1Источники