"Bir yandan uranın zənginləşdirilməsi, nüvə proqramının gücləndirilməsi, atom enerjisi üzrə beynəlxalq logistika mütəxəsislərin bütün obyektlərə buraxılmaması istiqamətində addımlar atılır, digər tərəfdən isə biz nüvə silahı hazırlamaq istəmirik formasında açıqlamalar səsləndirilir"
İran müharibə və nüvə silahı yaratmağa can atmır, çünki ölkənin doktrinası bu cür silahların istifadəsini rədd edir. Bunu İran Prezidenti Məsud Pezeşkian xarici diplomatlarla görüşündə deyib. O söyləyib ki, biz nüvə silahı yaratmağa çalışmırıq. Bunu yoxlamaq sadə işdir. İran prezidenti əlavə yoxlamalara etiraz etmədiyini deyib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İran rəsmiləri nüvə proqramı ilə bağlı heç vaxt birmənalı açıqlamalar vermirlər:
“Onlar uranın 60-80 faizə qədər zənginləşdirildiyi ilə bağlı fikirlər bildirirlər və nüvə silahı əldə etməyin bir addımlığında olduğunu söyləyirlər. Bəzən isə əksinə olaraq biz istəsək nüvə silahını çoxdan hazırlayardıq şəklində bəyanatlar səsləndirirlər. Ona görə də belə fikirlər və nüvə proqramı ilə bağlı mövqe Tehran hakimiyyətinin həmin istiqamətdə fəaliyyətinə dair şübhələri artırır. Digər yandan İranın doktrinasında da nüvə silahının istifadəsiylə bağlı qərar qəbul olunub. İranın Ali Rəhbəri Əyətullah Seyid Əli Xamenei kütləvi qırğın və nüvə silahından istifadənin haram olduğunu bildirir. Bununla da Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının İranın nüvə silahı ilə bağlı suallarına cavab verir. Prezident Məsud Pezeşkianın İran müharibə və nüvə silahı yaratmağa can atmır fikri də ənənəvi bəyanatların davamıdır. Bir yandan uranın zənginləşdirilməsi, nüvə proqramının gücləndirilməsi, atom enerjisi üzrə beynəlxalq logistika mütəxəsislərin bütün obyektlərə buraxılmaması istiqamətində addımlar atılır, digər tərəfdən isə biz nüvə silahı hazırlamaq istəmirik formasında açıqlamalar səsləndirilir. Bu isə İrana qarşı inamsızlıq və etibarsızlıq yaradır. Ona görə də İsrail və Amerika İranın nüvə proqramına qarşı ən sərt addımları ata biləcəklərini gizlətmirlər”.
Ekspert qeyd edib ki, Məsud Pezeşkianın bunu yoxlamaq asand işdir bəyanatı isə sübut edir ki, məsələ elə də sadə deyil:
“Çünki əks halda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ötən 25-30 il ərzində sözügedən sadə işi reallaşdırardı. Hesab edirəm ki, Tehran höküməti qarşıdan gələn dövrdə bu sahədə daha şəffaf olmağa və özünə etimadı artırmağa çalışacaq. Fələstində Həmasın və Livanda Hizbullahın zəifləməsi, Bəşər Əsəd kimi bir qüvvəni regionda itirməklə İran hakimiyyəti xaricdə ABŞ və İsrailə qarşı mübarizədə zəifləyib. Belə olan halda İran danışıqlar aparmaq üçün yollar axtarır və belə açıqlamalar verir. Ona görə də müharibədən daha çox İran və ABŞ-nin danışıqlara üstünlük verəcəyi istisna edilmir”.