RU

Məzarı didərgin əfsanə

Qaçaq Kərəm təkcə Qafqazda və Kubanda deyil, İran və Türkiyədə də məşhur olub. Onun qəhrəmanlığı yazıçı və şairlərin diqqətini hələ onun öz dövründə cəlb etmişdi. Kərəmin geniş ad-san qazanması, qəhrəmancasına mübarizə aparması rus müəllifləri (M. Qorki, D. Kozlovski, V. Kazanovski, S. Filippov və b.) ilə bərabər, gürcü xalqının bədii söz ustalarına da ilham verib. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən böyük həvəs və məhəbbətlə bəhs ediblər. V.Mçedlişvilinin Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan pyesinin də adı "Qaçaq Kərim"dir.

Maksim Qorki yazırdı: “Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərimdir. (M.Qorki də onu Kərim deyə xatırlayıb). Kərim əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir”.

M.Qorki oçerkində yazır ki, Tiflisdə, Axalsıx, Kutaisi, Siqnaxi, Qori, Duşeti qəzalarında Qaçaq Kərim (Kərəm) barədə çoxlu əfsanə və hekayətlər var.

XIX əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana köçür və ömrünün sonuna qədər orda qalır.  21 avqust 1896-cı Şah sarayında Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacara qarşı sui-qəsdin qarşısını aldıqdan sonra onun xahişi ilə Rusiya imperatoru onun üzərindən bütün ittihamları götürmüş, bağışlamış və şərt qoymuş idi ki, əsla bir daha Araz çayının bu sahilinə gəlməsin.

Kərəm, bağışlanılmasına baxmayaraq, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparıb. Təbrizdə uzun müddət silah sexi işlətmiş, əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. Kərəm Səttarxanla həm də yaxın qohum olub.

Şahın xahişindən sonra Qaçaq Kərəmin qardaşları Qacar dövlətinə gəlməsinə izn verilir. Sonuncu, kiçik qardaşı İsgəndər Kərəmin düşməni İsrafil ağa Kərbəlayevi 1917-ci ildə öldürəndən sonra Təbrizə  köçüb və digər qardaşlarının yanında yaşayıb.

Qaçaq Kərəm və qardaşları baş vəzir Əmin əl-Sultanın şəxsi mühafizəsində olublar. Kərəmin Zal adlı oğlu qış vaxtı soyuq çaya düşüb ağır xəstəlikdən sonra öldükdə, o, ağır depressiya keçirir. Bir müddətdən sonra spirtli içki və tiryəkə qurşanan Qaçaq Kərəm 1909-cu ildə Tehranda vəfat edib və Qasım Xan Əb-ənbar qəbiristanlığında dəfn olunub. Onun kəfəni, dəfni və cənazə namazı üçün bütün xərcləri Əmin əl-Sultan ödəyib, həmçinin qəbrinin üstündə dörd tağlı bir türbə tikilməsini əmr edib.

Qasım Xan Əb-Anbar qəbiristanlığı paytaxtın hüdudlarında yerləşirdi. Rza şahın dövründə Nasir divarının dağıdılması, Tehranın genişlənməsi və Tehran-Şəhr-e Ray yolu çəkilməsi ilə əlaqədar qəbiristanlığın köçürülməsinə başlanıldı. Orada dəfn edilənləri sümükləri məzarlarından çıxarılaraq əlaqədar qurumlara təhvil verildi. Bir müddət sonra bələdiyyə qəbiristanlığı tamamilə söküb, yerində işçilər üçün uşaq bağçası və evlər tikdirdi. Bu günə qədər də Qaçaq Kərəmin məzarının yeri məlum deyil.

Избранный
99
vaxt.az

1Источники