Mövzu ilə bağlı Demokrat.az-a danışan həkim-dietoloq Ceyhunə Yusifova bildirib ki, sibutramin əvvələr piylənmənin müalicəsində istifadə olunan, lakin ciddi yan təsirləri səbəbi ilə bir çox ölkədə qadağan olunmuş bir maddədir:
“Son illərdə isə bəzi arıqlama çayı və qəhvələrin tərkibində gizli şəkildə yer aldığından bu məhsulların sağlamlıq üçün ciddi risklər yaratdığı aşkar olunub. Ümumiyyətlə, sibutraminin insan orqanizminə bir çox təsirləri var. Onların başında ürək-damar sisteminə olan təsirindən danışmaq olar. Yüksək qan təzyiqinə səbəb olur. Ürək döyüntülərini sürətləndirir. Ürək tutmalarına və insult riskinə yol açır. Sinir sisteminə təsir edir. İnsanda həyəcan, əsəbilik, yuxusuzluq, depressiya kimi psixoloji təsirlər göstərir. Baş ağrısı və baş gicəllənmə yaradır. Mədə-bağırsaq sisteminə təsir edir. İnsanın iştahını azaldır, qida qəbulunu məhdullaşdırır. Bu, bədənin enerji balansına çox pis mənfi təsir edir”.
Həkim əlavə edib ki, bu maddə hormon balansına belə təsir edir:
“Qadınlarda menstruasional pozuntulara səbəb olur. Ümumiyyətlə, bir çox ölkələrdə məsələn, ABŞ, Avropa hətta Türkiyədə də bu maddənin istifadəsi rəsmi şəkildə qadağan olunub. Bu maddə ölümcül nəticələrə səbəb olur. Ona görə də biz arıqlamaq üçün alternativ yollardan istifadə etməliyik. Sağlam və balanslı qidalanma proqramı tərtib etməliyik. Fiziki aktivliyimizi artırmalıyıq. Gündəlik 2-3 litr suyumuzu içməliyik. Həmçinin həkim nəzarətində olmalıyıq”.
Leyla Turan
Demokrat.az