RU

Əliməmməd Nuriyev: "Sahil Babayevin təyinatı onun dövlət idarəçiliyindəki təcrübəsinə əsaslanır"

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Sahil Babayevin maliyyə naziri təyin edilməsi ilə bağlı fikirlərini QHT.az-a açıqlayıb.

Əliməmməd Nuriyev bildirib ki, Cənab Prezident İlham Əliyev tərəfindən Sahil Babayevin maliyyə naziri vəzifəsinə təyinatı, onun dövlət idarəçiliyində qazandığı təcrübə və yüksək peşəkarlığa əsaslanır. O, Sahil Babayevin uzun illər boyu iqtisadiyyat və sosial siyasət sahələrində yüksək vəzifələrdə çalışdığını və bu təcrübənin onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsinə imkan yaradacağını vurğulayıb:

"Sahil Babayev həm iqtisadiyyat, həm də sosial siyasət sahəsində yüksək vəzifələrdə çalışıb. Geniş dövlət idarəçilik təcrübəsinə malikdir və eyni zamanda yüksək peşəkarlıqla və ləyaqətlə də bu vəzifələri icra etmiş bir şəxsdir. Əsas etibarilə, onun karyerasında hansı məqamlar diqqəti cəlb edir? İlk növbədə, iqtisadi və maliyyə sahəsində böyük təcrübəsi, uzun illər İqtisadiyyat Nazirliyində çalışdığı dövrlərdə xarici investisiyalar, beynəlxalq təşkilatlar, əməkdaşlıq və ticarət siyasəti ilə yaxından məşğul olmuşdur. Bu sahələr istiqamətində fəaliyyət göstərmişdir. Beynəlxalq maliyyə institutları və strateji layihələrlə bağlı bilik və təcrübəsi onun maliyyə siyasətinin idarə olunmasına çox əhəmiyyətli olmuş və yeni vəzifəsində ona kömək etmiş ola bilər."

Ə. Nuriyev həmçinin Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbərliyi dövründə həyata keçirdiyi genişmiqyaslı sosial islahatlara da toxunub. Onun sözlərinə görə, S.Babayevin təşəbbüsləri sayəsində sosial müavinətlərin verilməsində şəffaflıq artmış, pensiya islahatı və məşğulluq proqramları həyata keçirilmişdir:

“Demək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin simasını tamamilə dəyişdi. Özünün həm cəsarətli təşəbbüsləri ilə, həm də eyni zamanda genişmiqyaslı sosial paketlərin təşkil edilməsində və islahatların həyata keçirilməsində, xüsusilə sosial müavinətlərin verilməsində şəffaflığın artırılması, pensiya islahatı, məşğulluq proqramının icrası sahəsində görülən işlər, həm də onun çox bacarıqlı idarəsi kimi tanıdır. Eyni zamanda, onun mühüm institusional və beynəlxalq təcrübəyə malikdir. Müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı və iri maliyyə qurumları ilə əməkdaşlıq etmişdir. Bu isə Azərbaycanın maliyyə siyasətində beynəlxalq təcrübəyə əsaslanan yanaşmalara üstünlük verəcəyini göstərə bilər."

Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki fəaliyyətinə dair bəzi tənqidlər olsa da, Ə.Nuriyev onun cəsarətlə qarşıya qoyulmuş çətinliklərin öhdəsindən gəldiyini və islahatları həyata keçirdiyini vurğulayıb:

"Əlbəttə ki, yeni vəzifəsində ölkənin maliyyə dayanıqlığını qorumaq, büdcə xərclərini avtomatlaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək kimi böyük çağrışlarla üzləşəcəkdir. Düşünürəm ki, Sahil Babayev bu çağırışlara adekvat cavab verəcək və yüksək peşəkarlıqla maliyyə naziri vəzifəsini uzun illər boyu qazandığı təcrübəni burada geniş miqyasda tətbiq edəcək və eyni zamanda burada da uğurlu nəticələrə nail olmaq mümkün olacaqdır. İndi bilirsiniz ki, ən vacib məsələ nəticə yönümlü büdcə məsələsidir və uzun illərdir bu istiqamətdə cəhdlər olub. Amma bunun uğurlu sona çatdırılması hələ ki, baş verməmişdi və ümid edirəm ki, bax bu istiqamətdə də biz Sahil Babayevin uğurlara nail olmasının şahidi ola biləcəyik. Yəni söylədiyim kimi, qarşıdakı dövrdə onun əsas sınağı Azərbaycan maliyyə sistemini effektiv idarə etmək, inflyasiya və dövlət borcu kimi məsələlərə balanslı yanaşmaq olacaqdır. Uğurlar arzulayırıq."

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
25
qht.az

1Источники