RU

“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır"- Zatulin...

Image

Akif Nağı: "Rusiya Azərbaycana qarşı hansısa əməliyyata hazırlaşır, ona görə də rus mediası Azərbaycana çamur atmaqla məşğuldur"

Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa başlayıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin RTVI-ya bildirib ki, Bakı bununla “ictimai çəkişmə” etmək istəyir və Moskva ilə hesablaşmağa çalışır.

O bildirib ki, Moskva bundan əvvəl ən yüksək səviyyədə Bakıdan üzr istəyib, lakin Azərbaycan bununla kifayətlənmir.

Zatulin deyir ki, Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır. Deputata görə, Azərbaycan Rusiyanın zəifləməyindən istifadə etmək istəyir: "Ona elə gəlir, o, [Azərbaycan] indi o qədər güclənib ki, ambisiyaları o qədər böyüyüb ki, indi Rusiyaya əvvəllər olduğu kimi əhəmiyyət verməyə məcbur deyil. O düşünür ki, Rusiyanı gözdən sala bilər. Onlar artıq  bizimlə hesablaşmaqdan çəkinmirlər”.

Daha sonra Zatulin qeyd edir ki, yanvarda məhkəməsi başlayan tanınmamış "Dağlıq Qarabağ" respubilikasnın rəhbər vəzifəli şəxsləri həbs ediləndə ərazi Rusiya sülhməramlılarının nəzarəti altında idi: "Biz buna görə yalnız mənəvi məsuliyyət daşıyırıq".

Nədən Zatulin gah olub kecənləri xatırladır, gah Rusiyanın indi zəif olduğunu diqqətə çatdırır, gah Azərbaycanın güclənməsindən danışır, gah da prezidentləri müqayisə edir? Yəni Rusiya o qədər zəifləyib ki, təyyarə qəzasında həlak olanlara kompensasiya verməyə gücü çatmır? Axı Azərbaycan tərəfinin tələbləri o qədər də ağır deyil - məsuliyyəti üzərinə götürmək, səhvə yol vermiş məmurları cəzalandirmaq və həlak olanların ailələrinə kompensasiya vermək belə hadisələr üçün adi prosedur qaydadır. Rusiya nədən razı deyil?

Baki-xeber.com saytının suallarına cavabında politoloq Akif Nağı bildirdi ki, Zatulinin dedikləri Rusiyanın qeyri-rəsmi mövqeyidir və o, fikirlərini çox kobud şəkildə ifadə edir: "Ola bilsin də ki, bu, Zatulinin öz təsəbbüsüdür, hökumətdən "molodes..." almaq istəyir. Çünki o, Rusiyada nüfuzdən düşmüş bir personadır. Rusiya da açıq deyə bilmədiklərini adətən Zatulinin, Duqinin və digərlərinin dili ilə deyir. Bu cür öz rəsmi mövqeyini qeyri-rəsmi qaydada ortaya atır. Amma bu xüsusda Peskov rəsmi mövqe bildirdi ki, Qazaxıstanın verdiyi məlumatlar araşdırılandan sonra bu məsələyə münasibət bildirəcəklər. Bu da vaxtın uzadılmasına xidmət edir. Zatulin kimilərin ortaya çıxıb mövqe bildirməsini Rusiyanın mövqeyi kimi dəyərləndirə bilərik.

Hazırda Rusiya öz məsuliyyətini etiraf etmək istəmir. Azərbaycan tərəfi isə güzəştə getmək istəmir. Nə üçün də güzəştə getməlidir?

Zatulinin Rusiyanın zəifləməsi barədə dediyi fikri Rusiyaya qarşı "ayı xidməti"dir. Onsuz da Rusiya zəifləyib. Suriyada zəifləyib, iki bazada müqəvva kimi qalıb. Cənubi Qafqazda zəifləyib, artıq Ermənistandan da çıxır. Ermənistan Rusiya ilə bərabər güc subyekti kimi danışır, onu ələ salır, Zatulin bunlardan niyə danışmır?

Yəni Rusiya doğrudan zəifləyib, amma bunun belə ictimailəşdirilməsi onu göstərir ki, hökumətin daxilində ciddi problemlər var. Rusiya hökuməti ictimai rəyi belə idarə edə bilmir. Rusiya Azərbaycana qarşı hansısa əməliyyata hazırlaşır, ona görə də rus mediası Azərbaycana çamur atmaqla məşğuldur. Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri arasında müəyyən narahatlıqlar var. Ancaq bu da əsas vermir ki, Azərbaycan Rusiyanın qarşısından geri çəkilsin. Rusiya nədən məsuliyyətini etiraf edib, günahkarları cəzalandırmır, kompensasiya vermək istəmir? Rusiya yəni bu qədərmi kasıblayıb? - İnandırıcı deyil.

Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməsi hələlik Rusiyaya bir mesajdır. Amma Rusiya məsuliyyəti üzərindən atmaq istəsə, günahkarları cəzalandırmasa, zərərçəkənlərə görə kompensasiya ödəməsə, bu addım atılacaq.

Ötən il Azərbaycanla Rusiya arasında yaxın əməkdaşlıq ili olub və biz bu münasibətləri davam etdirmək fikrindəyik. Amma Rusiya bunu istəmirsə, biz onları məcbur edə bilmərik. Azərbaycanın istəkləri beynəlxalq hüquq normalarına və hər iki tərəfin qəbul etdiyi mövcud konvensiyalara uyğundur. Rusiya anlamalıdır ki, dövlət səviyyəsində terror dili ilə danışmaq olmaz. Bu qəbuledilməzdir ki, sən istədiyin təyyarəni vurasan və məsuliyyətdən qaçasan. Rusiya bu mövqeyi tutacaqsa, deməli dövlət səviyyəsində terrorizmlə məşğul olduğu təsdiqlənəcək.

Biz bütün qonşularımızla xoş münasibət qurmaq istəyirik, o cümlədən də Rusiya ilə...

Son zamanlar İran da bizimlə münasibətləri korlamaq yolunu tutdu, amma sonra anladılar ki, bizimlə bu tonda danışmaq olmaz. Azərbaycan qardaş Türkiyə ilə birlikdə regionun lider dövlətinə çevrilib, onun mövqeyi ilə hesablaşmaq lazımdır. Azərbaycan heç kimə heç nə diqtə etmir, hec bir ölkənin daxili işinə qarışmır, heç bir dövləti ondan asılı olmağa məcbur etmir, xarici siyasətini beynəlxalq hüququn normalarına uyğun qurur. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, bu, qarşılıqlı və bərabər hüquqlu formatda baş tutmalıdır.

Azərbaycan, Rusiya və İranın XİN rəhbərlərinin və gömrük xidmətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirəsi üçün görüşü gözlənilir. Bir tərəfdən biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik, digər tərəfdən isə qonşularımız belə səhvlərə yol verir. Azərbaycan Ermənistandan başqa bütün qonşu ölkələrlə regional layihələrdə bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır. Ermənistan isə Azərbaycana qarşı törətdiyi təcavüz aktına görə cavab verməlidir və Azərbaycanın şərtləri daxilində sülh müqaviləsi imzalamalıdır. Bundan sonra Ermənistan da Azərbaycanın iştirak etdiyi regional layihələrə qoşula bilər.

Əslində Zatulin deputatdir, rəsmi şəxs sayılır. Amma Rusiya hakimiyyəti onun rəsmiyyətini formal qəbul edir. Rusiya tərəfi, görünür, casus yuvası olan "Rus Evi"nin bağlanmasından qəzəblənib. Rusiya XİN-i də bu barədə danışıb və təhdid mövqeyindən çıxış edib. Ancaq Azərbaycan bütün addımları qanun cərçivəsində atır. Məlum olub ki, bu qurum statusuna uyğun olmayan işlərlə məşğuldur və hüquqi baxımdan qeydiyyat müddəti keçib. Özlərini ölkədə qanunun fövqündə sanırlar. Ona gorə də "Rus Evi" Azərbaycanda bağlanıb. Rusiyanı daha çox qəzəbləndirən budur. Amma qəzəblənməyə dəyməz, yaxşısı odur ki, fəaliyyətlərini qanunlar cərçivəsində qursunlar. Azərbaycan haqlı mövqeyini həmişə müdafiə edəcək, nə qədər ki, Rusiya bizimlə diktant mövqedən danışacaq, layiqli cavabını alacaq. Azərbaycan bu cavabı verməyə qadirdir".

Dəniz NƏSİRLİ





Избранный
62
baki-xeber.com

1Источники