RU

Bakının nəqliyyat sistemindəki dəyişiklərlə bağlı VACİB AÇIQLAMA

Böyük şəhərlər ya insanlar, ya da avtomobillər üçün tikilir. Bakı isə hələ də bu seçim qarşısındadır. Son illərdə paytaxtın mərkəzində həyata keçirilən abadlıq işləri şəhərin daha insanyönümlü olması yolunda mühüm addımlardır. Piyadalar üçün genişləndirilmiş ərazilər, yeni yaşıl zonalar və velosiped yolları bu dəyişikliklərin bir hissəsidir. Lakin əsas sual budur: bu islahatlar təkcə şəhərin mərkəzini abadlaşdırmaq üçünmü aparılır, yoxsa Bakı həqiqətən də insanların rahat yaşaya biləcəyi bir şəhərə çevrilir? Ətraf rayonlar və şəhərətrafı yaşayış massivləri hələ də bu dəyişikliklərdən kənarda qalır. Bəs paytaxt yalnız vitrin üçün abadlaşdırılır, yoxsa hər kəs üçün?

“Yeni Sabah” məsələni nəqliyyat eksperti İlqar Hüseynli ilə müzakirə edib. Ekspert bildirib ki, Bakı şəhərində davam edən islahatlar və yeni çağırışlar şəhərin insanyönümlü olmasına yönəlib:

“Bu çərçivədə bir sıra mühüm layihələr həyata keçirilir. Məsələn, Cavanşir körpüsünün dekonstruksiyası və həmin ərazidə yeni yaşıl zonanın yaradılması, “28 May” metrostansiyası yaxınlığında yolun bir hissəsinin bağlanaraq yaşıllıq sahəsinə çevrilməsi, “Tarqovi” kimi tanınan ərazidə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulması və yalnız piyadaların hərəkətinin təmin edilməsi, eləcə də velosiped yollarının artırılması bu istiqamətdə atılan addımlardır.

Bütün bu işlər paytaxtın daha yaşıl, ekoloji baxımdan təmiz və yaşamaq üçün daha rahat bir şəhərə çevrilməsinə xidmət edir. Bununla yanaşı, istehsal müəssisələrinin şəhər kənarına köçürülməsi, yaşayış sahələrinin artırılması və yaşıl enerjiyə keçidin sürətləndirilməsi vacib məsələlər sırasındadır. Rəqəmsal və Nəqliyyat Nazirliyinin bu sahədəki təklifləri ilə razılaşmaq olar”.

İ.Hüseynli insanyönümlü şəhərlərin əsas elementlərindən danışıb:

“Son illərdə Bakının müəyyən hissələrində köhnə tikililər və gecəqondular sökülərək yerində parklar və yaşıllıq zonaları salınıb. İnsanyönümlü şəhər dedikdə, əsas məqsəd insanların daha rahat və sağlam mühitdə yaşamasıdır. Belə nümunələr dünya təcrübəsində də mövcuddur. Məsələn, Brüsseldə şəhərin müəyyən əraziləri yalnız piyadalar və turistlər üçün açıqdır, nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb, geniş parklar mövcuddur və əhali əsasən tramvay, trolleybus və metrobuslardan istifadə edir. Bu, insanyönümlü şəhər konsepsiyasının mühüm elementlərindən biridir.

Bakının mərkəzi hissəsində abadlıq və yaşıllaşdırma işləri aparılır, şəhərin gözəlliyi və təmizliyi üçün layihələr həyata keçirilir. Lakin bu proses yalnız şəhərin mərkəzi ilə məhdudlaşmamalıdır. Bakı bütövlükdə inkişaf etməli, ətraf ərazilərdə də bu islahatlar öz əksini tapmalıdır. Mərkəzdə həyata keçirilən yeniliklərin şəhərin bütün hissələrinə yayılması daha balanslı və dayanıqlı inkişaf üçün vacibdir”.

Aytac Şahin 


Telegram kanalımız
Избранный
18
1
yenisabah.az

2Источники