RU

"Ferrari "ilk tam elektrikli avtomobilini təqdim etməyə hazırlaşır

"Ferrari" tarixində ilk dəfə tamamilə elektrikli avtomobil istehsal etməyə hazırlaşır. 

Valyuta.az xəbər verir ki, şirkət bu yeni modelin 9 oktyabr 2024-cü ildə təqdim ediləcəyini elan edib. Bu avtomobil, 2025-ci ildə bazara çıxarılacaq altı yeni modeldən biri olacaq.

"Ferrari"nin elektrikli avtomobil istehsal etməsi marka üçün mühüm bir dönüş nöqtəsidir. Çünki indiyə qədər şirkət yalnız V8 və V12 mühərrikli güclü benzinli avtomobilləri ilə tanınıb. Əgər bu yeni model uğurlu olarsa, "Lamborghini", "Aston Martin" və digər lüks avtomobil istehsalçıları da elektrikli avtomobil layihələrinə daha çox investisiya qoymağa həvəslənə bilərlər.

Yeni "Ferrari EV"nin dizaynında "Apple"ın keçmiş baş dizayneri Coni Ayv və onun "LoveFrom" dizayn studiyası iştirak edib. Coni Ayv "Apple"dan ayrıldıqdan sonra dizayner Mark Nyuson ilə birlikdə "LoveFrom" adlı yaradıcılıq kollektivini qurub və "Ferrari" onların ilk müştərilərindən biri olub. Ayv uzun müddətdir klassik "Ferrari" avtomobillərinin kolleksiyaçısı kimi tanınır.

Ötən il "The New York Times" qəzetinə verdiyi müsahibədə "LoveFrom"un elektrikli "Ferrari" üçün sükan və toxunma ekranlı informasiya-əyləncə sistemi üzərində işlədiyini açıqlayıb.

"Ferrari" yeni EV modelini sıfırdan dizayn edir və bunun üçün Maranellodakı zavodunda "E-Building" adlandırılan xüsusi bir elektrikli avtomobil kompleksi tikir. Bu addım, şirkətin bəzi əsas komponentləri tədarükçülərdən almaq əvəzinə özünün istehsal edəcəyini göstərir.

Hazırda yeni "Ferrari EV" haqqında ətraflı texniki məlumat paylaşılmayıb. Kamuflyajlı test avtomobillərinin görüntüləri də avtomobilin dizaynı və xüsusiyyətləri barədə dəqiq məlumat vermir. Bəzi mənbələr bunun SUV və ya crossover tipli bir avtomobil olacağını düşünür, lakin test modellərinin bəzi hissələrinin bilərəkdən dəyişdirildiyi ehtimal edilir.

"Ferrari"nin bu addımı, lüks avtomobil bazarında mühüm bir mərhələ ola bilər. Elektrikli superkarın necə qarşılanacağı isə oktyabr təqdimatından sonra bəlli olacaq.

Paşa Məmmədli

Избранный
54
1
valyuta.az

2Источники