RU

Yaponiyalı mütəxəssis: Egey dənizindəki seysmik aktiv bölgədə 7,5 bal gücündə zəlzələ ola bilər

İstanbul, 8 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İzmir şəhərində keçirilən seminarda iştirak edən yaponiyalı zəlzələ mütəxəssisi Yoşinori Morivaki son günlər Egey dənizində baş verən zəlzələləri şərh edib. O, seysmik aktivliyin davam edəcəyi və bu bölgədə 7 və ya 7,5 bal gücündə zəlzələlərin baş verə biləcəyini deyib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis bu gücdə zəlzələnin baş verəcəyi təqdirdə, Türkiyədə də hiss olunacağını, lakin ciddi fəsad yaratmayacağını düşündüyünü bildirib. “Əgər Yunanıstanın Santorini adasında böyük bir zəlzələ baş verərsə, açıq dənizdə orta hesabla 3-5 metr hündürlüyündə sunami yarana bilər. Xəritəyə baxdıqda, sunaminin təsiri Santorinidən birbaşa Mərmərəyə çata bilər. Əgər arada kiçik adalar varsa, bunlar sunaminin şiddətini zəiflədə bilər. Bu səbəbdən sunami baş versə belə, İzmirə qədər çatmayacaq, çünki arada adalar maneə yaradır”, - deyə Morivaki bildirib.

Santorini adasında vulkanik partlayış ehtimalına da toxunan Morivaki, belə bir hadisənin Türkiyəyə böyük təsir göstərməyəcəyini, lakin bundan yaranan kül buludlarının ölkəyə çata biləcəyini qeyd edib.

Egey dənizindəki seysmik xətlər qısa və incə olduğu üçün Santorinidə güclü bir zəlzələ baş verərsə, İzmirin seysmik xəttini də hərəkətə keçirə biləcəyini qeyd edən mütəxəssis bina təhlükəsizliyinə də diqqət çəkərək deyib: “Türkiyədə 2000-ci ildə inşaat normativləri dəyişdiyi üçün bu ildən əvvəl tikilən binaların torpaq qatı mütləq yoxlanılmalı və əgər problem varsa, tədbir görülməlidir. İzmir bölgəsində 6-6,5 bal gücündə bir zəlzələ olarsa, xüsusilə Karşıyaka kimi yumşaq torpaqlı ərazilərdə tikililər standartlara uyğun və düzgün inşa edilməyibsə, zəlzələ daha uzun müddət davam edə və sarsıntı daha şiddətli hiss oluna bilər”.

Избранный
66
13
azertag.az

10Источники