Bakı, 8 fevral, AZƏRTAC
Son statistik göstəricilər Böyük Britaniyada şəkərli diabetin yayılmasının kritik həddə çatdığını nümayiş etdirir. “Diabetes UK” xeyriyyə təşkilatının yeni hesabatına əsasən, 2023-cü ildə ölkədə şəkərli diabet diaqnozu qoyulmuş insanların sayı 4,4 milyondan 4,6 milyona yüksəlib. Bundan əlavə, təxminən 1,3 milyon insanın 2-ci tip diabetə malik olduğu, lakin hələ diaqnoz almadığı bildirilir.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, hesabat, həmçinin 6,3 milyon insanın prediabet mərhələsində olduğunu vurğulayır. Bu da onların qan şəkəri səviyyəsinin normaldan yüksək olması, lakin diabet hesab ediləcək səviyyəyə çatmaması deməkdir. Prediabet müvafiq həyat tərzi dəyişiklikləri ilə geri qaytarıla bilsə də vaxtında müdaxilə olunmadıqda ikinci tip diabetin inkişaf riskini artırır. Ümumilikdə, Böyük Britaniyada 12 milyondan çox insan – hər beş yetkindən biri – ya diabetdən, ya da prediabetdən əziyyət çəkir.
Diabet iki əsas formada olur: 1-ci tip və 2-ci tip. 1-ci tip diabet, immun sisteminin mədəaltı vəzi hüceyrələrinə hücum edərək insulin istehsalını dayandırması nəticəsində yaranan ömürlük vəziyyətdir. 2-ci tip diabet isə orqanizmin ya kifayət qədər insulin istehsal etməməsi, ya da insulindən düzgün istifadə edə bilməməsi ilə xarakterizə olunur. Böyük Britaniyada diabet hallarının təxminən 90 faizini 2-ci tip diabet təşkil edir ki, bu da əsasən piylənmə, yüksək qan təzyiqi və qeyri-sağlam qidalanma ilə əlaqələndirilir. Hesabatda, həmçinin 1-ci tip diabetin ümumi halların 8 faizini, digər nadir diabet növlərinin isə 2 faizini təşkil etdiyi qeyd olunur. Diabetin infarkt, insult, böyrək xəstəlikləri, göz problemləri, sinir zədələnmələri və amputasiya kimi ciddi fəsadlara səbəb ola biləcəyi vurğulanır. Bu xəstəlik təkcə Böyük Britaniyada deyil, bütün Avropa və dünya üzrə artan tendensiya göstərir. “Lancet” tibb jurnalının qlobal hesablamalarına görə, 2022-ci ildə 828 milyon insan şəkərli diabetdən əziyyət çəkib ki, bu da 1990-cı illə müqayisədə 630 milyon nəfərlik artım deməkdir.
“Diabetes UK” təşkilatının baş icraçı direktoru Colette Marshall ölkədə milyonlarla insanın 2-ci tip diabet və ya prediabet diaqnozu olmadan yaşadığını bildirərək, onların erkən aşkarlanması və müalicəyə yönləndirilməsi üçün səhiyyə sisteminin daha fəal fəaliyyət göstərməli olduğunu vurğulayıb. O bildirib ki, onlara nə qədər tez qayğı göstərilsə, daha ciddi sağlamlıq fəsadlarının qarşısını almaq bir o qədər asan olar. Xeyriyyə təşkilatı Britaniya hökumətini diabet xəstələri üçün daha yaxşı tibbi xidmətə sərmayə qoymağa çağırır. Xüsusilə, yeni diaqnoz qoyulmuş insanlara erkən dəstək verilməsi, fəsadların vaxtında aşkarlanmasını təmin edən illik sağlamlıq müayinələrinin artırılması və diabet xəstələrinin həyat keyfiyyətinin yüksəldilməsi üçün daha effektiv tədbirlərin görülməsi təklif olunur. C.Marshallın sözlərinə görə, bütün növ diabetlə yaşayan milyonlarla insana daha yaxşı qayğı göstərilməli, onların sağlam və fəsadlardan uzaq həyat sürmələri üçün lazım olan dəstək verilməlidir.