RU

Şənbə üçün nəzm

Darısallıq

Uzun illər sıxdı məni:

gah çəkmələrim -

bəzən uzunu, bəzən eni ilə,

Gah ötüb keçən ilə təəssüfüm.

Gah ümidim, yeni ilə.

Gah dünyanın dərdi, qəmi sıxdı məni,

gah corablarımın boğazı,

Gah alçaq buludların qalın pərdəsi;

Gah bir nadan qələmindən

tökülən yazı.

Gah avtomat qələmin bahalığı.

Gah sözün ucuzluğu.

Gah köynəyimin yaxalığı.

Qırıb çıxmaq istədim

“olar”, olmaz” çərçivəsindən.

Dedilər yox, yox!

Dəblərə, qaydalara gir!

Vərdişləri, adətləri gözlə!

Sığallı dillə yaz!

Sıxdılar məni,

maddələrlə, sözlərlə...

İş otağım

on iki metr yarım.

Altısında

mən,

yazı masam,

həsrətim, ümidim.

Sabir.

Heminquey.

Tavandan süzülən damcıların izi.

Bricid Bordonun

bığsız, pişik üzü.

Falk, Mikayıl,

Tağı,

Bəhlulun nəvəsi.

İlk sırada olmaq

və qalmaq həvəsi.

Altı metr belə.

Altı yarım:

kitablar, kitablar, kitablarım.

Pəncərələr sıxdı məni

uzunsov dördbucaqda göstərib

küçənin evlərlə sərhədlənmiş yarğanını.

Maşınlar sıxdı məni

markalarına münasib.

Sıxdı məni vaqonların

güzgülü kupeləri və

yol hesabatını yoxlayan mühasib.

Məsafələr metrlərlə,

işıq kilovatlarla doldurulub.

Nəğmələr oktava içində

Xəstələrin hərarəti

dərəcələr içində.

İri meyvələr dənələrə,

üzüm-göz yaşı gilələrə dolub.

Şəhərimin yaşıllığı

ölçülüb, biçilib

salınıb rəqəmlərə.

Dağlar darıxıb göyə qalxıb

dərələr çöküb yerə.

Darıxır insan

hüdudlar, ölçülər içində.

Yayda uzun gündüzlər,

qışda uzun gecələr içində.

Deyirəm:

öləndə, atın

ən dərin dəryaya məni;

qaldırıb buludlardan yuxarı!

Son yolum uzun,

son mənzilim geniş olsun barı

Yox, yox.

Ən dərin dəryalar da

sahillərin çənbəri içindədir.

Görünür,

darısqallıq kənarda deyil;

hər meyvənin tumunda,

hər canlının hüceyrəsində,

hər binanın daşında, kərpicindədir.

Görünür,

yolumuz budur.

Zərurəti dərk etməyincə

gedirik, gedəcəyik

Darısqallıqdan keçə-keçə...

***

SARI DANA VƏ BALACA QIZ

Səs düşdü Göytəpə kəndinə:

“Sarı dana xəstələnib!”

- Necə, sarı dana?

Sazaqlı külək kimi

xəbər yayıldı hər yana.

Sədr gəldi,

partkom gəldi,

baytar, bir də briqadir.

Hər gələn soruşdu:

-Azarı nədir?

Baytar qulağını qoydu

dananın sinəsinə.

Hamı dondu qaldı.

Baytar tövşüdü, tərlədi.

Dana öz bildiyi kimi nəfəs aldı.

Baytar qaşlarını çatdı.

Hamı qəm dəryasına batdı.

Baytar dedi:

-Süddədir illəti.

Sağıcı Gülxaranın

gözlərinə çökdü dünyanın zülməti.

Baytar dedi: tez olun!

Tənzif, pambıq verin! Qarnını bağlayaq,

İsti su gətirin ayaqlarına!

Damcı dərman da lazımdır

qulaqlarına.

Nüsxə yazdı bir qarış.

Maşın ürkək keçi kimi sıçradı:

sədrin buyruğu ağzından çıxmamış.

Handan-hana

qoca mühasib gəldi.

Baxdı, ah çəkdi

Dedi: yazığın gəlsin bizə,

sarı dana.

Amandır bu zülmü eləmə

illik plana!

Üç gün, üç gecə

Gülxara ayrılmadı

sarı danadan.

Dana sakit yatanda dedi:

ağrın alım.

Dana qurcuxanda dedi:

Can!

Hər üç saatdan bir

verdi su dərmandan,

hər altı saatdan

toz dərmandan.

Nə evinə gedə bildi.

Nə urvalıq apara bildi

uşaqlara dəyirmandan.

Tənzifə qızmadı ürəyi,

dananın qarnına bağladı

gəlinlik şalını.

Sədr hər axşam, hər səhər,

şəxsən,

soruşdu dananın əhvalını.

Partkom gündə bir dəfə

xəbər aldı:

-Necədir sarı dana?

Əhvalat uzundur, nə deyim.

Bəsdir bunu desəm

dana ölmədi azardan.

Ancaq Gülxaranın

qaragöz kiçik qızı...

Beşcə qulac bez aldılar bazardan.

***

Quyruğunu qoyub belinə

qaçır, tullanır

sarı dana indi,

Ancaq, soruşan yoxdur,

yaşıl otlar içindəki

o balaca qəbir kimindir!

***

Əlim qopdu əlindən,

Mən dedim: - Üşüyərsən!

Sən dedin:

-Əynim-başım istidir.

Mən dedim:

-Olsun...

Cəhənnəmdə də üşüyər adam;

yalqız olsa.

Sən getmişdin.

Sözlərimi eşitmədin.

Səni sözüm üşütmədi.

Sakit budaqlarda

sakitdi yarpaqlar.

Mən qışqırdım, ey!

Həsrətini gəl, apar!

Sən eşitmədin.

Səni səsim üşütmədi.

Ayrıldıq.

Evə gəldim.

Yaşıl civəyə baxdım.

Hərarət iyirmi üçdü.

Sözün yadıma düşdü:

Əynim-başım istidir.

Mən

Üşüyürəm istidən.

Bəs sən necə, sən?!

***

Nə “Koroğlu” vardı,

Nə “Arşın mal alan”,

ahəngə düzülmüş

quşların nəğməsi,

bulaqların səsi vardı.

Bir qara gözlü uşaq,

söykənib qaya daşına,

dinləyirdi tütək səsini

və ara-sıra gələn

qırıq kəlmələri tək-tək:

“Kərə, tayın gördüm,

Kürə, tayın görmək gərək”.

Bir “Kəsmə şikəstə”

“Yandım” - deyib,

enirdi yamaclara

Üzeyir adlı

Bir qara gözlü uşaq

heyran-heyran baxırdı

quş nəğməli ağaclara

Beşik başından

axırdı ana laylaları

axşam-səhər,

Bir qara gözlü uşaq

dinləyirdi, dodağında

körpə zümzümələr.

Hələ nə “Koroğlu” vardı,

nə “Arşın mal alan”.

Bir qara gözlü uşaq vardı.

Bir könlü nəğməli insan

Bir gün gəldi

“Arşın mal alan”da var oldu,

“Koroğlu”da, “Sənsiz”də

Bir də acı bir duyğu,

yanıqlı bir həsrət

qəlbimizdə.

Избранный
25
yeniazerbaycan.com

1Источники