RU

“Böyük manipulyator”

Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)

Göründüyü kimi, seçki kampaniyası zamanı Makron heç kimdən və heç nədən qorxub-çəkinmədən, həyasızcasına, utanıb-qızarmadan hər şeyə əl atır. Bu iddialı gənc Fransanın cənub-qərb hissəsində də bu əməllərindən qalmır. Xüsusilə Lot departamentində yaxşı xal qazanacaq. 2015-ci ilin oktyabr ayında İqtisadiyyat naziri kimi Makron, departamentin Figeac şəhərində təşkil olunan “gələcəyin sənayesi” mövzusuna həsr olunmuş dəyirmi stol arxasındakı görüşdə iştirak etmişdi. (Onu da qeyd edək ki, bu şəhərdə Airbus şirkətinin subpodratçısı olan “Figeac Aero” yerləşir). O, hələ bir neçə dəfə də bura gələcək – bir dəfə 2017-ci ilin fevral ayının sonunda prezidentlik kampaniyasının qızğın çağında, bir dəfə də 2019-cu ilin yanvarında bu bölgənin bələdiyyə idarələrinin başçıları ilə görüşmək üçün. Bu səfərlərin bir səbəbi də bu bölgədə Makronu dəstəkləyən ağır çəkili bir siyasət adamının olmasıdır. O da kim olsa, yaxşıdır? Keçmiş sosialist, 1998-2017-ci illər arasında millət vəkili olan, sonradan "Hərəkətdə!" hərəkatının kadrlarından birinə çevrilən Jan Lonay. Bu adam başqa bir baronun, Pas-de Calais departamentində boya-başa çatmış, əvvəllər Jak Şirakın çevrəsində olan Jan-Pol Delevoyun rəhbərlik etdiyi Milli Sərmayə Komissiyasının (CNI) üzvlərindən biridir. Jan Lonay Lot departamentinin kadrı olsa da, ölkədə çox geniş siyasi və iqtisadi şəbəkəyə malik bir nüfuzlu şəxsiyyətdir. Milli Assambleyanın keçmiş kvestoru (Kvestor – parlamentin məşvərət qrupunun üzvü) olan Lonay, vaxtilə dövlət Müdafiə büdcəsinin, eləcə də Fransanın Merlər Assosiasiyasının (AMF) xəzinədarı olub. Bundan başqa, o, Milli Su Komitəsinin prezidenti, eləcə də bu sektorun nəhəng fiqurları olan Süez və Veolia kimi çoxmillətli şirkətlər birliyinin həmsədridir.

2017-ci ilin iyul ayında bu Jan Lonay David Kolon ilə birlikdə İçməli su faktura və bölgü arasında başlığı altında bir kitab yazıb nəşr elətdirdi. (Faktura – beynəlxalq ticarət təcrübəsində satıcı tərəfindən alıcıya təqdim olunan mal və xidmətlərin siyahısı; onların miqdarı və alıcıya təhvil verildiyi qiymət; malların formal xüsusiyyətləri, rəngi çəkisi və s. olan sənəd.) David Kolon isə Veolia şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, başqa sözlə, lobbiçidir. Bu atributlar sayəsində, Lonay içməli su sahəsində beynəlxalq səviyyədə qərar qəbul edənlərə müdaxilə etməyə hüququ olan bir adamdır. 2017-ci ilin fevral ayında Emmanuel Makronun Lot departamentinə səfərindən bir neçə gün əvvəl, o, Seneqala səfərə getdi. Prezident seçildikdən sonra Makron ona su şəbəkələrinin yenilənməsi haqqında maliyyə planı qurmağı həvalə etdi. (Bu sahəyə gələcəkdə milyardlarla avro məbləğində investisiyalar tələb olunacaq.) Ona görə də,14 iyul 2018-ci ildə Fransanın Milli Bayramı münasibəti ilə Lot departamentinin kadrı Jan Lonayın, Baş nazir tərəfindən Fəxri Legion Ordeni ilə təltif edilməsi qətiyyən təəccüb doğurmur.

Qocaların orta yaşlılardan qisası

Köhnə siyasətin, köhnə siyasətçilərin içində Makrona qoşulanların arasında, Kot-d’Or departamentindən olan senator Fransua Patriat da var. Vaxtilə Sosialist Partiyasında həmişə Dominik Stros Kanı dəstəkləyən bu adam, indi də Senatda Makronu dəstəkləyir. (!) Ona görə də tamamilə təbiidir ki, Fransua Patriat Milli Assambleyada LREM (Respublika Hərəkətdə Partiyası) qrupunun prezidenti olur. Kantal departamentində isə Makron, Radikal Sol Partiyasının (PRG) tanınmış fiquru Jak Mezardı da öz tərəfinə çəkir və bu adam, bir müddət onun Ərazi Birliyi naziri kimi fəaliyyət göstərir. Yeri gəlmişkən, Jak Mezard və onun PRG-dən (Radikal Sol Partiyası) olan dostları, əllərinə düşən bu gözlənilməz şansdan bacarıqla istifadə etdilər: Belə ki, öz partiyalarından olan Samuel Deqara adlı bir adamın “Hərəkətdə!” qrupunun Milli İnvestisiya Komissiyasının daxilində olmağından istifadə edib, ciddi bir namizədləri olmasa da, öz piyadalarından bir neçəsini müxtəlif seçki dairələrinə soxuşdurur.

Əyalətdə özünə lazım olan, ona dəstək ola biləcək adamları iyləyib tapan Makron, bu dəfə Val-d’Uaz departamentinin senatoru, sosialist, keçmiş Müdafiə naziri Alan Rişarddan yapışır. O, LREM (Respublika Hərəkətdə Partiyası) qrupunun bu kadrına yüksək səviyyəli dövlət məmuru Dominik Burla birlikdə, yerli orqanların vergi hesabatını aparmaq kimi çox məsuliyyətli bir iş tapşırır. Rişard, həmçinin konstitusiya islahatları ilə bağlı müzakirələrdə də iştirak edir.

“Hərəkətdə!” qrupunun bir çox üzvlərinin fikrincə, bu təvazökar senator, Makronun yaratdığı hərəkatda çox böyük rol oynayır. Bu adamın ölkənin seçki xəritəsindən çox yaxşı başı çıxdığını hiss edən Makron, istədiyi vaxt ona zəng vurub məsləhət almaqdan çəkinmir...

Bunu çox adam bilmir: Makron Sosialist Partiyasının üzdə olan fiqurlarından biri, uzun müddət Nord-Pa-dö-Kale departamentinin regional şurasının prezidenti olmuş Daniel Perşerona pərəstiş edir. Göründüyü kimi, prezidentin əyalət modelləri arasında qüdrəti və əzəməti ilə fərqlənən möhtəşəm bir baron var.

Bir şey çox qəribədir ki, “yeni dünya” qurmaq istəyən namizəd, bu istəyinə, hər şeydən əvvəl, yaşlı siyasətçilərin məskən saldıqları ərazilərində çatmaq istəyir. İstər, sağçı olsun, istər, solçu, istər, radikal partiyadan olsun, istər, mərkəzi partiyadan, bu adamların hamısının 60-dan yuxarı yaşları var, onlar Jiskar, Mitteran kimi prezidentlərin hakimiyyəti dövründə məsul vəzifələrdə çalışıblar. Buna baxmayaraq, bu Mitterançılardan ibarət solçular şəbəkəsinin və Jiskarçılardan ibarət sağçılar şəbəkəsinin gənc Makrona simpatiyaları var. Niyə? Çünki PS və LR (Sosialistlər və Respublikaçılar) kimi iki böyük ənənəvi partiyanı partladıb darmadağın etmək üçün Makron arxasını onlara söykəyir... onlar da bu iddialı gəncin sayəsində, yenidən qaynar siyasi həyata qayıdıb cavanlıqlarını yada salırlar. Bundan başqa, adlı-sanlı universitetləri, institutları bitirib, onların partiyasında qoçuluq edən, yaşlı nəslə hörmət etməyən, özündənrazı və eqoist orta yaşlı siyasətçilərə yaxşı dərs vermək istəyirlər. Makronla bu yaşlı nəslin ittifaqı sonralar daha çox bəhrə verəcək... Belə ki, sağçılar partiyasından olan ağır çəkili siyasətçi, keçmiş Baş nazir Jan-Pier Raffaran, prezident seçkilərinin iki turu arasında Emmanuel Makrona yaxınlaşacaq və Baş nazir olanda – çevrəsinə yığdığı nüfuzlu şəbəkəsindəki şəxslərin hamısını bu gənc və iddialı namizədə kömək etməyə çağıracaq. Onların arasında 2002-2004-cü illər arasında Raffaranın kabinet direktoru olan – hal hazırda indiki Baş nazir Eduard Filippin kabinet direktoru – Benua Ribado-Düma, eləcə də onun müşaviri Ksavier Şino kimi ağır çəkili siyasətçilər var. Sonralar JanPier Raffaranın bu keçmiş əməkdaşları, “yeni dünya” qurmaq istəyən 159 Makron tərəfindən yüksək vəzifələrə təyin olunacaqlar: Məsələn, Paris Aeroportunun Direktoru (ADP) Oqustan dö Romanet. (Jan Pier Raff aran Baş nazir olanda, onun kabinet direktorunun keçmiş müavini.) Bir sözlə, Makronun qurduğu “yeni dünyada” elə bir yenilik gözə dəymir. Orta yaşlılar tərəfindən kənara itələnən yaşlı nəsil, yenidən geri qayıdır. “Bu bir növ uduzanların qisasıdır”, – deyə əvvəllər Sosialist Partiyasında olanlardan biri kinayə ilə qeyd edir.

Aveyronun Makron sektoru

“Mən Aveyron departamentini çox sevirəm” – bu sözləri Makron Centre Presse (Aveyron departamentinin Rodez şəhərində çıxan gündəlik qəzet) qəzetinə verdiyi müsahibədə deyir. Makron özünü fransızlara sadə, xalq içindən çıxan, necə deyərlər bir “kəndçi” kimi göstərmək istəyir. O, əlindən gələni edir ki, ölkədə onu nə tək Rotşild bankının investisiya bankiri kimi, nə də Tuket şəhərinin küçələrində qısaqol köynəkdə gəzən bir gədə kimi yox, həm də Fransanın hər bir bölgəsində öz çevrəsi olan siyasətçi kimi tanısınlar. V Respublikada namizədin belə bir hərəkəti təəccüblü deyil, çünki lap əzəldən, bütün prezidentlər seçki kampaniyası zamanı uzaq bölgələrə baş çəkib, imiclərini artırmaq üçün sadə kənd adamları ilə birbaşa “dialoqa” girməyi özlərinə borc biliblər; ancaq onu da etiraf etmək lazımdır ki, heç bir siyasi təcrübəsi olmayan İqtisadiyyat naziri üçün bu çox riskli addımdır…

Yerli əhali ilə bu görüş, namizədin prezident seçkilərinin ikinci turundan əvvəl Rodez şəhərində təşkil olunan axırıncı görüşdür. Bu şəhərin meri Kristian Teyssed onun ilk dəstəkçilərindən biridir və bu prefekturanın 80% əhalisi ikinci turda “Hərəkətdə!” hərəkatının namizədinə səs verəcək. Yeri gəlmişkən, merin gənc kabinet direktoru Toma Moqaraey, LREM partiyasının (Respublika Hərəkətdə Partiyası) yerli referenti sayılır. Amma Makron Aveyronu tək buna görə sevmir: Məsələ burasındadır ki, onun mühafizə komandasındakı cangüdənlərin çoxu əslən bu bölgədəndirlər. Ümumiyyətlə, prezidentin komandası ilə Aveyron departamenti arasında əlaqələr çoxdur. Makronun İqtisadiyyat Nazirliyindəki keçmiş kabinet direktoru, eyni zamanda, onun yaxın dostlarından biri olan iqtisadçı Mark Ferraççinin həyat yoldaşı Sofi Ferraççi də əslən bu zonadandır. 2005-ci ildə Aveyron bölgəsinin Brommat adlı kiçik bir kəndində onların toyunda iştirak edən gündən Emmanuel Makron bu ərazilərə vurulub.

(ardı var)

 

Избранный
10
xalqqazeti.az

1Источники