RU

RUSİYA NEFT BÖHRANI İLƏ ÜZ-ÜZƏ - Tramp vəziyyəti kritik həddə çatdıra bilər

Gözlənilənlərin əksinə olaraq, ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiyanın enerji sektoruna qoyulan sanksiyaları zəiflətmək əvəzinə, onların gücləndirilə biləcəyinə dair bəyanatlar verir. Eyni zamanda, ABŞ-nin keçmiş prezidenti Co Baydenin səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış tətbiq etdiyi sərt sanksiyalar paketi Rusiya neftinin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.

“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, sanksiyaların tətbiqindən sonra Rusiyanın “Urals” neftinin qiyməti bir barel üçün 60 dollardan aşağı düşüb. Bu da birbaşa Baydenin tətbiq etdiyi sanksiyalarla bağlıdır. Belə ki, həmin sanksiyalardan ehtiyat etdikləri üçün heç kim Qərb ölkələrinin müəyyən etdiyi qiymət həddini aşmaq və nəticədə Amerikanın ağır sanksiyaları altına düşmək istəmir.

Xatırladaq ki, Baydenin tətbiq etdiyi sanksiyalar təkcə Rusiyanın aparıcı neft şirkətlərinə deyil, həm də rus neftini daşıyan “kölgə donanmasına”, habelə məhdudiyyətlərdən yayınaraq Rusiya neftinin ticarəti ilə məşğul olan çoxsaylı treyderlərə qarşı yönəlib. Nəticədə Hindistan və Çin limanları Rusiya neftini daşıyan tankerləri qəbul etməkdən imtina edirlər. Bu səbəbdən Rusiya neftini daşıyan onlarla tanker açıq dənizdə dayanmaq və gözləmək məcburiyyətində qalıb.

Elə indinin özündə də okeanlarda Rusiya neftini daşıyan bir neçə tankerin əlacsız şəkildə dolaşdığına dair məlumatlar var. Ən əsası, Hindistan və Çin neft emalı zavodları Rusiya neftinin idxalını dayandırmağa və alternativ mənbələr axtarmağa məcburdur. Onlar əslində, Rusiya neftini almağa hazırdırlar, ancaq bir şərtlə ki, bu neft “kölgə donanması” ilə yox, sanksiyalara məruz qalmayan, Qərb şirkətləri tərəfindən sığortalanan tankerlərdə daşınsın və 60 dollardan aşağı qiymətə satılsın. Rusiya isə bu şərtləri yerinə yetirməkdə ciddi çətinliklər çəkir, həmçinin, bu qiymət Moskvanı qane etmir.

“Bloomberg”-in məlumatına görə, hazırkı bazar şəraitində Rusiya ixracatçıları alıcılara bir barel üçün 16 dollar endirim təklif etmək məcburiyyətindədirlər, nəticədə “Urals” neftinin qiyməti 60 dollardan aşağı düşüb.

Bundan əlavə, rus tədarükçüləri neftin Cənub-Şərqi Asiyaya daşınmasında rentabellik problemi ilə üzləşirlər, çünki Baydenin sanksiyaları neftin Hindistan və Çin limanlarına daşınmanı xüsusilə çətinləşdirib. Əsas alıcılar isə məhz bu ölkələrdir.

Rusiya İqtisadi İnkişaf Nazirliyi baza ssenarisində 2025-ci ildə neftin orta qiymətinin 69,7 dollar/barel olacağını proqnozlaşdırıb. Rusiya Federasiyasının federal büdcəsinə də bu qiymət daxil edilib. Bu o deməkdir ki, neft büdcədə göstəriləndən 10 dollar ucuz satılır. Rusiyanın satdığı heftin həcmi nəzərə alınsa, bu, olduqca böyük itkidir. Hadisələrin bu cür gedişi Rusiya büdcəsi üçün cidi problemlər yarada bilər.

Bundan əlavə, yanvarın 10-da Bayden 180-dən çox tankerə, onlarla neft ticarəti və sığorta şirkətinə, həmçinin Rusiyanın iki hasilat nəhəngləri olan “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı sanksiyalar tətbiq edib.

Mütəxəssislər hesab edirlər ki, bu gedişlə Rusiya neft şirkətləri sutkada 800 min barelə qədər ixrac həcmi itirə bilər ki, bu da Rusiyanın bütün dəniz neft ixracının təxminən dörddə birinə bərabərdir.

Əslində, yanvar ayının neft gəlirlərində hələlik 1 faizlik azalma var. Lakin nəzərə almaq lazımdır ki, yanvar ayı gəlirləri sanksiyalar tətbiq olunana qədər satılan neftə görə ödənişləri əks etdirir. Bir qayda olaraq, neft ixracından gələn gəlirlər büdcəyə üç aylıq gecikmə ilə çatır. Bu isə o deməkdir ki, Rusiya yalnız mart-aprel aylarında “Urals”ın qiymətinin 60 dollardan aşağı düşməsini hiss etməyə başlayacaq.

İqtisadçılar hesab edirlər ki, hazırda “Urals”ın qiymətinin 60 dollara enməsi Rusiya büdcəsi üçün fəlakətli deyil. Lakin Donald Tramp sanksiyaları sərtləşdirmək qərarına gəlsə və neft-qaz sektoruna zərbə vursa, Moskva üçün vəziyyət kritik olacaq.

Xatırladaq ki, Tramp Rusiyanı Ukraynada müharibəni başa çatdırmaq və sülhə məcbur etmək üçün dünya bazarında neftin qiymətinin düşməsinin vacib şərtlərdən biri olduğunu bəyan etmişdi. Hazırda dünya bazarında qiymətlərdə ciddi dəyişiklik olmasa da, məhz Rusiya neftinin kəskin ucuzlaşması qaçılmaz görünür.

C.Məmmədov

“AzPolitika.info”

Избранный
7
azpolitika.info

1Источники