RU

USAID-in fəaliyyətinin dayandırılması sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir - ŞƏRH

Bakı, 8 fevral, AZƏRTAC

Müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizminin icraçısı olan USAID-in ifşası davam edir. Araşdırmalar göstərir ki, USAID 707 media, 6200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın sözlərinə görə, tam həqiqətdir ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa Oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanırdı.

"Rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-a bildiriş göndərib. Azərbaycan da başda olmaqla, bir çox ölkələr bu təşkilatla əməkdaşlığa son qoyur", - deyə K.Nurullayeva qeyd edib.

USAID-in "radikal dəlilər tərəfindən idarə olunan" cinayətkar təşkilat olmasının təsdiqini tapdığını bildirən deputat qeyd edib: "ABŞ Prezidenti Donald Tramp USAID-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir. USAID-in düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur".

Deputatın fikrincə, Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ-ın yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir.

"Bir sözlə, USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub.

Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda, “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir. Bir çox ölkələr Trampın təşkilatın fəaliyyətinin 3 aylıq dondurulması mexanizminin həmişəlik qüvvədə qalmasını arzulayır", - deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.

Избранный
26
4
azertag.az

6Источники