RU

İlin ilk “Kənddən şəhərə” həftəsonu yarmarkasından REPORTAJ

Bakı, 8 fevral, Nailə Həsənova, AZƏRTAC

Fevralın 8-də səhər saatlarından Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb. Küləkli havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu satılmışdı. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. İki gün davam edəcək yarmarkada 20 regiondan 50-dən çox fermer 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.

Yarmarkanın iştirakçısı olan Balağa Şahbalayev paytaxta Quba rayonunda özünün əkib-becərdiyi meyvələri gətirib: “Hər dəfə olduğu kimi, bu gün də Quba almaları gətirmişəm, daha çox armud və alma satıram. Armudun qiyməti 1,5 manatadır, almanın qiyməti isə 1-1,50 manat arasında dəyişir. Qiymətlər sərfəlidir”.

İsmayıllı rayonundan gələn fermer Rövşən Novruzov turşular, mürəbbələr, kompotlar, sirkələr, pip yarpağı və bəkməz satışını həyata keçirir. “Daha çox turşu, mürəbbə, sirkə satılır. Fərqli turşu növlərindən badımcan, zoğal, əzgil, sarımsaq, göyəm turşusu gətirmişəm, hamısı evdə hazırlanıb. Turşuların qiyməti 3 manatdan 10 manatadəkdir. Alma, kivi, abqora sirkəsi də satırıq, qiymətləri 3 manatdan 10 manatadək dəyişir”, - deyə o bildirib.

Quru meyvələr, çərəz alveri ilə məşğul olan fermer Aqil Nəzərov da məhsulların öz təsərrüfatından olduğunu söyləyib. O, yarmarkada fermerlərə yaradılan şəraitə görə təşəkkürünü ifadə edərək deyib: “Qiymətlərə baxa bilərsiniz, ucuz və sərfəlidir. Alıcılar da kifayət qədərdir. Daimi müştərilərim var, çərəzin əsl mövsümü fevral-mart ayıdır”.

Alıcılar da məhsul bolluğu və qiymətlərdən razıdır. Çeşid müxtəlifliyinə diqqət çəkən alıcı Elçin Hüseynov bu ərazidə yaşayır. Deyir ki, yarmarkada təzə kənd təsərrüfatı məhsulları alır: “Qiymətlər nisbətən ucuzdur. Fermerlərin öz təsərrüfatlarının məhsullarıdır. Mövsümi meyvələrin də qiymətləri münasibdir”.

Aqrar Tədarük və Təchizat İdarəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilüfər Qaçayeva AZƏRTAC-a açıqlamasında bildirib ki, yarmarka dörd həftə boyunca hər həftəsonu eyni ünvanda keçiriləcək: “Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını rahat şəkildə bazara çıxarmasına, məhsullarının satışına kömək etməkdir. Həmçinin hədəfimiz bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, fermerlərin satış imkanlarını artırmaqdır”.

Onun sözlərinə görə, yarmarkada fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar, iştirak üçün heç bir əlavə ödəniş tələb edilmir. Hər bir fermer yarmarkada iştirak edə bilər.

Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Yarmarka keçirildiyi müddətdə Səyyar Qida Laboratoriyası xidmət göstərir və məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar həmin xidmətdən faydalana bilirlər.

 

Избранный
19
azertag.az

1Источники