RU

İki dövlətin edam olunan kraliçası ...

Mariya Stüart 1542-ci il dekabrın 8-də anadan olub. Atası V Ceyms Şotlandiya kralı idi. Mariyanın ata tərəfdən nənəsi Marqarita İngiltərədə hakimiyyətdə olan Tüdor sülaləsindən idi. VII Henrinin qızı idi. O, anadan olanda İngiltərədə hakimiyyətdə atasının dayısı VIII Henri idi. Mariyanın anası isə (qızı ilə adaş idi) Fransanın qüdrətli Giz ailəsindən idi.

Anadan olandan 6 gün sonra atası vəfat etdi və Mariya Stüart Şotlandiya kraliçası oldu. Amma ölkəni naiblər idarə edirdilər.

Həmin dövrdə Şotlandiyanı öz nüfuz dairəsinə salmaq üçün İngiltərə və Fransa arasında mübarizə gedirdi. Ölkənin öz daxilində sürətlə yayılan yeni protestantlıq köhnə katolikliklə savaşırdı.

Sarayda əvvəlcə ingilispərəstlər üstün oldular. Mariya 6 aylıq olanda onu İngiltərə şahzadəsi Eduardla nişanladılar. Amma sonra vəziyyət dəyişdi. 1548-ci ildə Mariya Fransa şahzadəsi Fransisklə nişanlandı. Bu zaman Fransiskin 4,5, Mariyanın 5,5 yaşı vardı.

Mariya Parisə aparıldı və o zamanın Avropasının ən təmtəraqlı sarayında təhsil və tərbiyə aldı. Şotlandiyanı isə anası Mariya de Giz idarə edirdi.

Fransisk və Mariya Stüart 1558-ci ildə evləndilər. Bir il sonra Fransisk Fransa kralı, Mariya isə konsort-kraliça oldu. Amma 1560-cı ildə Fransiskin sol qulağında fistul yarandı, qanqrenaya çevrildi və 16 yaşlı kral öldü. Mariya da Şotlandiyaya qayıtdı.

Bu zaman ölkədə protestantlar qalib gəlmişdi və onlar eyni məzhəbə malik ingilislərlə yaxınlaşmanın tərəfdarı idilər. 6 günlüyündən kraliça olan, amma ilk dəfə gerçək hakimiyyətə yiyələnən Mariya bunu nəzərə almalı oldu.

Bununla belə, ölkədə sülh yaranmadı. Protestantlar (ingilispərəstlər) və katoliklər (fransapərəstlər) arasında  gedən və təsviri uzun çəkəcək proseslər bir sıra ehtiyatsızlıqlara yol verən kraliçanın 1567-ci ildə devrilməsi ilə nəticələndi. Onun ikinci (əmisi oğlu Henri Stüartla) nikahdan olan 1 yaşlı oğlu VI Ceyms Şotlandiya kralı elan edildi. Krailça özü isə İngiltərəyə qaçıb kraliça I Yelizavetaya sığınmalı oldu.

I Yelizaveta Mariyanın atasının dayısı qızı idi. O, kral VIII Henrinin ikinci arvadı (VIII Henrinin dəfələrlə evlənib, sonradan xəyanətdə günahlandırılaraq edam edilən Anna Boleynin qızı idi. VIII Henrix onu əvvəlcə öz qızı kimi tanımaqdan imtina edib saraydan uzaqlaşdırdı. Ölümünə az qalmış isə yenidən öz qızı kimi tanıdı.

Qardaşı və böyük bacısının ölümündən sonra 1558-ci ildə taxta çıxan Yelizavetanı bəziləri hələ də qeyri-legitim hökmdar hesab edirdilər. Onun övladı da yox idi. Tüdor soyunun tükənməsi üzündən taxt-taca növbəti namizəd (nənəsinin Tüdor sülaləsindən olmasına görə) Mariya Stüart sayılırdı. I Yelizaveta hər hansı qəsdlərdə iştirak etməməsi üçün qohumunu nəzarət altında saxlayırdı.

1586-cı ildə belə qəsdlərdən birinin üstü açıldı. Ələ keçən sənədlər arasında Mariyanın Yelizavetanın öldürülməsini dəstəklədiyi məktublar da vardı. Məhkəmə onu edama məhkum etdi.

1587-ci il fevralın 8-də eşafota çıxanda cəllad qəbul olunmuş qaydalara uyğun olaraq diz çökdü və onu öldürəcəyinə görə Mariyadan bağışlanılmasını istədi. Keçmiş kraliça da “Ürəkdən bağışlayıram, çünki siz mənim bədbəxtliklərimə son qoyacaqsınz” dedi. Həmin gün Avropa ədəbiyyatının populyar faciəvi qəhrəmanı Mariya Stüart edam olundu.

I Yelizaveta 1603-cü ildə öldükdə Mariyanın oğlu Ceyms İngiltərə kralı oldu. Şotlaniyada VI Ceyms olan kral burada I Ceyms sayılırdı, çünki İngiltərədə bu adda kral əvvəllər olmamışdı. İngiltərə inqilabı zamanı devrilən və 1649-cu ildə edam olunan I Çarlz Mariyanın nəvəsi idi.

Stüart sülaləsi fasilələrlə 1714-cü ilə qədər İngiltərə, Şotlandiya və İrlandiyada hakimiyyətdə oldu. 1707-ci Böyük Britaniya da onların dövründə yaradıldı. Sülalənin tükənməsindən sonra Britaniya taxtında Hannover sülaləsi bərqərar oldu.

Избранный
59
vaxt.az

1Источники