RU

Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb- Rusiyada çoxdan ləğv edilib...

Image

Təbriz Musayev: “Bütün bunlar Rusiya hakimiyyətinin şovinist mahiyyətini ortaya qoyur”

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə "cavab verməyə" başlayıb. 

Bəzi şovinist mövqedən çıxış edən siyasilər çağırış ediblər ki, Rusiyada Azərbaycanla bağlı diaspor təşkilatlarının fəaliyyəti dayandırılsın. Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib.

Rusiya Dövlət Dumasının digər bir deputatı Andrey Pinçuk isə, özünün terrorçu mahiyyətini ortalığa qoyaraq “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsini təklif edib. 

Ancaq əslində illər əvvəl Rusiya orada Azərbaycan diasporası ilə bağlı ən vacib təşkilatın fəaliyyətini dayandırıb. Belə ki, 2017-ci ilin mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Həmin ilin sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Halbuki, ÜAK Rusiya prezidenti Vladimir Putin və Ümummilli lider Heydər Əliyevin razılığı ilə yaradılmışdı. ÜAK-ın qeydiyyatının ləğvindən sonra isə bir daha Rusiyada güclü Azərbaycan diaspor təşkilatının yaradılmasına imkan vermədilər. Düzdür, sonra Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası yaradıldı və onun sədri akademik Fazil Qurbanov seçildi. Ancaq bu təşkilatın aktiv, genişmiqyaslı fəaliyyətinə şərait yaradılmadı. Rusiya istəmədi ki, sözügedən təşkilat əvvəlki ÜAK təşkilatı qədər güclü olsun, təsir dairəsi geniş olsun. Faktiki olaraq bu təşkilatın fəaliyyəti yox səviyyəsindədir. O baxımdan Rusiya bunun nəyini ləğv edəcək ki? Rusiya o zaman ÜAK-la bağlı ədalətsiz qərar verməklə Azərbaycana ən böyük pisliyini etdi. Azərbaycan indiyə qədər buna dözüm göstərir. Azərbaycanda isə Rusiyanın diaspor təşkilatı var, Azərbaycan Rusları Cəmiyyəti var. Rus icmasını təmsil edən deputat Milli Məclisdə təmsil olunur. Ancaq Rusiyada Azərbaycan diasporunun əvvəlki ÜAK səviyyəsində təşkilatı yoxdur. 2019-cu ilin aprelində Frenk Elkaponinin (Füzuli Məmmədov) rəhbərliyi altında Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı - Rusiya Azərbaycanlıları İttifaqı yaradıldı. Hətta Azərbaycanın bəzi vətənpərvər media nümayəndələri də ora dəvət olunmuşdu. Ancaq həmin qurumun fəaliyyətinə Rusiya imkan vermədi. Azərbaycan bir belə ədalətsizliyə dözümlü yanaşıb, amma Duma üzvləri utanmaz-utanmaz çağırış edirlər ki, azərbaycanlılardan ibarət diaspor təşkilatları ləğv edilsin. Rusiyada 2 milyon nəfərədək azərbaycanlı yaşayır. Necə bu reallığı inkar etmək olar? Onların diaspor qurumlarında toplanmasını önləmək üçün bir belə adamı həbs edəcəksiniz? Zatən Rusiyada azərbaycanlılardan ibarət yaradılan diaspor təşkilatları qeydiyyata alınmır. Bundan artıq nə edəcəksiniz ki?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bütün bunlar Rusiya hakimiyyətinin şovinist mahiyyətini ortaya qoyur: “Rusiya Azərbaycana tarix boyu bütün pislikləri edib. Torpaqlarımızı işğal edib, ikiyə bölüb, ərazilərimizdə yoxdan Ermənistan yaradıb, Qarabağın işğalına yardım edib və s. O cümlədən, Rusiya heç vaxt imkan verməyib ki, orada güclü Azərbaycan lobbisi olsun. Ancaq bizdən fərqli olaraq erməni lobbi təşkilatlarının yaradılmasına hər cür şərait yaradıblar. Bu gün Rusiyada ən güclü diaspor təşkilatlarından biri Rusiya Erməniləri İttifaqıdır. Baxmayaraq ki, Paşinyan hökuməti Qərbə doğru istiqamət götürüb, amma bu, erməni diaspor təşkilatlarının Rusiyada sıxışdırılmasına gətirib çıxarmayıb. Tam əksinə, ermənilərə hər cür meydan verilir. Azərbaycan isə müstəqil siyasət yeridir. Rusiyanın Cənubi Qafqazda maraqlarını nəzərə alır. Buna baxmayaraq, diaspor qurumlarımızın qeydə alınmasına Moskva imkan vermir. Azərbaycanın tələbi odur ki, Qroznı üzərində vurulan təyyarəmizə görə günahkarlar cəzalandırılsın. Rusiya bunu etmək əvəzinə, müəyyən dairələr Azərbaycanı hədəf alır. Hesab edirəm ki, bu cür yaramaz çağırışlarla ölkəmizə təsir edə bilməyəcəklər”.

Vidadi ORDAHALLI





Избранный
59
baki-xeber.com

1Источники