RU

Sosial çörək istehsalçılarına təzyiqləri dayandırın: Eyyub Hüseynovdan müraciət

Xəbər verdiyimiz kimi mağazaların birində satılan çörəyin içindən siqaret kötüyü çıxıb.

Mövzu ilə bağlı  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a fikirlərini bildirib. 

"Bəli, bu məsələ ilə mən də tanışam. Bizim ofisdə içindən 10 sm uzunluğunda yad cisimlər çıxan çörəklər olub. Kəndir, tük, hətta insan dişi qalıqları belə tapılıb. Təəssüf ki, belə hallar baş verir. Çörək istehsalı inkişaf etsə də, bu problemlər hələ də qalır.

Sosial çörəklə bağlı ölkədə ciddi problemlər yaşanır. Əsas problemlərdən biri budur ki, dövlət çörəyin qiymətini sabit saxlamaq üçün çörək zavodlarına təzyiq göstərir. Onlar da qiyməti artırmamaq üçün müxtəlif üsullara əl atırlar. Hökumətin bu təzyiqini azaltmaq lazımdır. Çörək istehsalçıları deyir ki, hər ay 3-4 min manat yol polisinə cərimə ödəyirlər. Mağazalara çörək çatdırmaq üçün maşınlarını saxlayırlar, amma kameralar cərimə yazır. Nəticədə sürücülər işdən çıxır, yeni sürücü tapmaq çətinləşir. Bəzən isə yol polisi çörəklə dolu maşını cərimə meydançasına aparır."

E.Hüseynov hətta bu problemlərlə bağlı  İqtisadiyyat Nazirliyinə müraciət edib:

"Dövlətin çörək istehsalçılarına təzyiqi nəticəsində keyfiyyətsiz məhsul istehsal olunur, hətta içindən siqaret çıxan çörəklər belə olur. Buna görə İqtisadiyyat Nazirliyinə müraciət edirəm: sosial çörək istehsalçılarına təzyiqləri dayandırsınlar, bazarda bolluq yaratmaq üçün yeni şirkətlərin işə başlamasına şərait yaratsınlar, yol polisi ilə bağlı problemləri həll etsinlər ki, qiymət aşağı düşsün və keyfiyyət artsın.

İllər əvvəl də çörəyin içindən tük çıxması ilə bağlı şikayətlər olurdu. Araşdıranda görürdük ki, bəzi insanlar bilərəkdən çörəyin içinə tük qoyub istehsalçıları şantaj edirlər. Biz bu insanları ifşa etmişik. Yəni bəzi hallarda istehsalçılara qarşı belə oyunlar qurulur.

Amma bəzi çörəklərdə doğrudan da antisanitariya var. Əgər bu, böhtan deyilsə, çox ciddi problemdir. Çünki bu, insan sağlamlığı üçün təhlükəlidir. Səlahiyyətli qurumlar buna nəzarət etməlidir."

Избранный
46
news365.az

1Источники