RU

Dövlət Komitəsindən valideynlərə tövsiyə: “Uşaqları zərərli...”

Xəbər verdiyimiz kimi, fevralın 5-də Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda ona vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ələkbər Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub.

Ötən gün isə Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdin (adları açıqlanmır) valideyni “Facebook” sosial şəbəkə hesabından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsini tag edərək status paylaşıb.

Bildirib ki, 5-ci sinifdə oxuyan qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq bir vərəq verib. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb.

Valideyn bu oyunu “Google” axtarış sistemi üzərində araşdırıb. Oyun dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurublar amma telefonu açan şəxslər onların səsini edişib dəstəyi asıb. Valideyn bu məsələnin nəzarətə götürülməsini xahiş edib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Cebheinfo.az”-ın göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, son zamanlar müxtəlif sosial şəbəkələrdə yayılan bir sıra xəbərlər uşaqların internetdəki təhlükəli oyunlardan müdafiəsi mövzusunu yenidən gündəmə gətirir:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, valideynlərə övladlarının öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi diqqət yetirməyi, uşaqların internetdən istifadə müddətinin düzgün tənzimlənməsinə məsuliyyətlə yanaşmağı, xüsusən də valideyn nəzarəti proqramlarından istifadə etməyi tövsiyə edirik.

Nəzərə alsaq ki, uşaqlar internetdən tədris, rəqəmsal resursların əldə olunması, müxtəlif sahədə bilik və bacarıqların artırılması, asudə vaxtlarında inkişaf və əyləncə məqsədilə istifadə edirlər, onların internet təhlükəsizliyinin təmin olunması ən aktual məsələlərdəndir.

Uşaqların zərərli informasiyadan qorunması məqsədilə, valideynlər üçün aşağıdakı tövsiyələri təqdim edirik:

· Övladınızın öz yaş kateqoriyasına uyğun informasiya məhsulundan faydalanmasına ciddi nəzarət edin.

· Uşağın istifadə etdiyi informasiya məhsullarının yaş kateqoriyasına uyğun düzgün  işarələndiyindən əmin olun.

· Yaş kateqoriyası düzgün işarələnməmiş məhsul aşkarladıqda, Dövlət Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək, məlumat verməyi unutmayın.

· Övladınızın maraqlandığı informasiya məhsulları (bədii kitablar, rəqəmsal oyunlar, film, video və digər audiovizual məhsullar, musiqilər, ziyarət etdiyi teatr, konsert, sərgi və digər mədəni-kütləvi tədbirlər) haqqında ilk öncə özünüz məlumat əldə etməyə çalışın.

· Övladınızın istifadə etdiyi kompüter, planşet, smart telefon, televizor və digər rəqəmsal avadanlıqlara valideyn nəzarəti proqramları (məsələn: Google tərəfindən ödənişsiz təklif olunan “Family Link”) yükləyin və uşaqda asılılığın yaranmaması üçün gün ərzində istifadə müddətini onun yaşına uyğun olaraq tənzimləyin.

· Müasir dövrdə azyaşlıların zərərli informasiyanın ən təhlükəli formaları ilə internətdə rastlaşdığını nəzərə alsaq, 12 yaşa qədər övladınızın sosial şəbəkələrdən (“İnstagram”, “TikTok”, “Snapchat”, “Facebook” və s.) istifadə etməsinə məhdudiyyət qoyun.

· Övladınıza sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmamağı, adı, soyadı, fotoşəkilləri, evinin və ya məktəbinin ünvanını, telefon nömrəsi, şifrələri və digər şəxsi məlumatlarını paylaşmamağı tapşırın.

· İstifadə etdiyiniz internet şəbəkəsi üzərində filtr proqramlarının tətbiq olunmasına çalışın.

· Övladınızla daha çox vaxt keçirərək, onunla həmsöhbət olun, çətinliklərini, problemlərini, qorxularını dinləyin, ən etibarlı dostu siz olun”.

Qeyd olunub ki, ölkəmizdə 2018-ci ildən etibarən uşaqların zərərli informasiyadan qorunması sahəsində xüsusi qanunvericilik formalaşıb:

“Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minmişdir.

Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir”.

Bildirilib ki, bu Qanunun icrasına nəzarət həm dövlət, həm də ictimai nəzarət formalarında həyata keçirilir: 

“Belə ki, uşaqları zərərli informasiyadan qorumaq məqsədilə müvafiq dövlət qurumları ilə yanaşı, qeyri-dövlət qurumları, böyükdən-kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, müəllimlər, yetkinlik yaşına çatmayanlarla birbaşa çalışan şəxslər öz dəstəyini əsirgəməməli, bu prosesin iştirakçısına çevrilməlidirlər. 

Zərərli informasiya dedikdə, uşaqlar üçün nəzərdə tutulmayan, uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat nəzərdə tutulur. 

Uşaq siyasətini həyata keçirən qurum kimi Dövlət Komitəsi tərəfindən uşaqların zərəli informasiyadan qorunması sahəsində  müxtəlif istiqamətdə işlər görülür, uşaqların internet məkanında, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə təbliğat-təşviqat işləri aparılır, mütəxəssislər, valideynlər və uşaqlar üçün təlimlər təşkil olunur, bu sahədə analitik təhlillər aparılır, maarifləndirmə vəsaitləri, çap məhsulları hazırlanır”.

Избранный
47
cebheinfo.az

1Источники