RU

II Dünya müharibəsinin ikinci ən böyük soyqırımı

İkinci dünya müharibəsi ilə bağlı az məlum olanlardan biri də serblərin soyqırımıdır. Əsasən isə xorvatların törətdikləri və bəzi almanların iştirak etdiyi bu cinayətdə yüzminlərlə serb həyatını itirib.

Yuqoslaviya krallığı (1918-1929-cu illərdə rəsmi adı Serb, xorvat və sloven krallığı idi) Birinci dünya müharibəsindən sonra yarandı.

1941-ci ilin aprelində Yuqoslaviyaya hücum edən almanlar ölkəni çox asanlıqla işğal etdilər. Bu amildə xorvat hərbçilərin və əhalinin sabotajı az rol oynamadı. Xorvatlar yaşayan şəhərlərdə əhali almanları xilaskar kimi qarşılayırdı.

Məğlub Yuqoslaviyanın ərazisi bir neçə dövlət arasında bölündü. Almaniya Sloveniyanın çox hissəsini ilhaq etdi. Xeyli ərazini isə müharibə bitənə qədər işğal altında saxladı. İtaliya, Bolqarıstan, Macarıstan sərhədyanı bölgələri tutdular. Bunlardan əlavə Müstəqil Xorvatiya Dövləti (Nezavisna Država Hrvatska, NDH) yaradıldı. Dövlətə indiki Xorvatiyadan başqa Bosniya və Herseqovina, eləcə də Serbiya və Sloveniyanın bir hissəsi daxil idi. NDH ərazisi 115 min kv km təşkil edirdi. Müqayisə üçün, indiki Xorvatiyanın ərazisi 56,6 kv km-dir.

NDH ərazisində 6,5 milyon əhalinin təxminən 30 faizini serblər təşkil edirdi. Artıq 1941-ci ilin iyulunda təhsil naziri Mile Budak dövlətin serblərlə bağlı planını açıqladı: “Biz serblərin üçdə birini öldürəcəyik, üçdə birini ölkədən qovacağıq, üçdə birini də katolikliyə keçməyə məcbur edəcəyik”. Bu zaman almanlar hələ yəhudiləri qırmaq barədə qərar qəbul etməmişdilər. Başqa sözlə, Xorvatiyada serb genosidi İkinci dünya müharibəsi illərində Avropada milli zəmində ilk kütləvi qırğın sayılır.

Hələ 1941-ci ilin mayında, NDH-nin yaranmasından bir ay sonra xorvatlar serblər üçün Yasenovats ölüm düşərgəsini yaratmışdılar. Burada sonralar yəhudilər və qaraçılar da öldürülürdü. Amma əsas qurban serblər idi. Serb yaşayış məskənlərində tez-tez qətliamlar törədilirdi. Bunlardan ən böyüyü 1942-ci fevralın 7-də Banya Luka yaxınlığında baş verdi. Drakuliç, Şarqovats, Motike kəndlərində və Rakovats şaxtasında 2300 nəfərin öldürüldüyü deyilir. Qurbanların demək olar, hamısı qocalar, qadınlar və uşaqlar idi: kişilər o vaxta qədər ya ölüm düşərgəsin göndərilmişdilər, ya da partizanlara qoşulmuşdular.

Müharibədən sonra Yuqoslaviyada İosip Broz Titonun rəhbərlik etdiyi kommunist rejim qurulmuşdu. Rəsmi təbliğat Yuqoslaviya xalqlarının qardaşlığını təbliğ etdiyindən serb genosidinin üzərindən sükutla keçilirdi. Bu da cinayətin araşdırılmasına, qurbanların az-çox dəqiq sayını bilməyə imkan vermirdi. Ona görə də öldürülən serblərin təxmini say diapozonu yetərincə genişdir. 200 mindən 800 minə qədər. Bu zaman aydındır ki, daha kiçik rəqəmləri xorvatlar, daha böyük rəqəmləri isə serblər səsləndirirlər.

Daha etibarlı təsir bağışlayan fikirlərə görə, NDH-nin mövcud olduğu 4 il ərzində 350-400 min serb öldürülüb (bunların arasında kombatantlar da var), 300 mini ölkədən qovulub, 200 mini də katolikliyin qəbuluna məcbur edilib. Sonuncular müharibədən sonra pravoslavlığa qayıdıblar. İstənilən halda, Müstəqil Xorvatiya Dövləti etnik təmizləmə baxımından nasist Almaniyasından sonra Avropanın ən qatil dövləti olub.

Xorvat dövlətinin rəhbəri Ante Paveliç müharibədən sonra Argentinada gizləndi. 1957-ci il aprelin 10-da, NDH-nin yaranmasının 16-cı ildönümündə iki serb ona atəş açdı, amma yalnız qolundan iki güllə yarası aldı. O, təhlükəsizlik məqsədilə Franko İspaniyasına köçdü. Paveliç ağır şəkər xəstəsi idi. Qoluna dəyən güllələr ölümcül olmasa da, səhhətini pisləşdirdi və o, 1959-cu ildə Madriddə öldü.

Serb genosidinin bir çox digər iştirakçıları – o cümlədən, Mile Budakı – ələ keçirildi və edam edildi.

Избранный
49
vaxt.az

1Источники