RU

Əti bahalaşdıranlar onlar imiş! – Quzuları yedikləri üçün…

Kənd təsərrüfatı mütəxəssislərinin verdiyi açıqlama müzakirələrə səbəb olub. Belə ki, ekspertlər modern.az-a deyiblər ki, insanlar quzu ətini çox yedikləri üçün heyvanlar artmır.

Sitat: “İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli deyib ki, əslində, heyvan çox balaca və normal çəkidə olmayan zaman kəsildiyi üçün azalma baş verir.

Onun sözlərinə görə, əvvəl xırdabuynuzlu heyvanlar böyük çəkidə kəsilsə də, bu gün kiçik yaşda kəsilir:

“Biz quzunu 12-13 kilo olan zaman kəsirik, amma normalda tam yetkinlik durumuna gələn zaman, yəni 22-23 kilo olanda kəsilməlidir. Nazirliyin demək istədiyi də budur ki, heyvanlar kiçik aylarında kəsilir deyə bazarda azalma gedir. Lakin məsələ heyvanların yalnız balaca olarkən kəsilməsi deyil. 2024-cü ilin əvvəllərində iri və xırdabuynuzlu heyvanların sayının 8-9 faiz civarında azaldığı açıqlandı. Deməli, burada fundamental səbəblər var. Bu o deməkdir ki, heyvanın sayının azalması növbəti dönəmlər üçün idxalı artıracaq və ya qiymətin artmasına gətirib çıxaracaq”.

Ekspert deyib ki, bizdə xırdabuynuzlu heyvanlar açıq yemləmədən istifadə edir:

cefer

Cəfər İbrahimli

“Bilirsiniz, normalda xırdabuynuzlu heyvanlar qışlaq və yaylaq yerlərində otarılır, qapalı yemləmədən istifadə etmir. Lakin son 20-30 ildə örüş yerlərinə ciddi yanaşılmadığı üçün o ərazilərin yeri qaneedici deyil. Ot örtükləri müxtəlif səbəblərdən azalıb. Buna görə də heyvanları yaylaqdan qışlağa gətirmək çətin olur. Nəticədə onları həm də quru yemlə yemləməyə ehtiyac yaranır. Belə olduğu halda maya dəyərinə də çox təsir edir. Çünki biri var, heyvan bütün günü örüşdə otlayır, biri də var örüşdə doymadığı üçün biz buna əlavə yem veririk”.

C.İbrahimlinin fikrincə, bizdə örüş və otlaqların ot örtüyünün yaxşılaşdırılması ilə bağlı tədbir görülmür:

“Bunun üçün iş aparılmalıdır. İş aparılmadığı üçün ot örtükləri çox bərbad vəziyyətdədir. Hətta iribuynuzlu heyvanların da yataqlarda saxlanılması üçün şərait yaradılır. İribuynuzlu heyvanların qış otlağı ərazisində olması ot örtüyünü məhv edir. Dünyada iribuynuzlu heyvanların qapalı yemlənmə təcrübəsi ona görə inkişaf etdirilib ki, onlar otlağa çıxıb, oraları məhv etməsinlər. Bunların hamısı qiymət artımına səbəb olan faktorlardır”.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa davam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Избранный
18
1
editor.az

2Источники