RU

KÜTLƏVİ REPETİTORLUQ TƏHSİLİ ÇÖKDÜRÜR - Ölkənin təhsil büdcəsini acımadan talayırlar

Dosent İlham Əhmədov

Repetitorluq fəaliyyəti ölkəmizdə artıq xeyli vaxtdır ki, kütləvi hal alıb. Buna paralel təhsil də deyə bilərik. Amma repetitorluq hamımızın gördüyümüz kimi, məktəbin pedaqoji mühitini, pedaqoji prosesi, şagird-müəllim, məktəb-valideyn münasibətlərini pis hala gətirib. Nəticədə, məktəbdə təlim-tərbiyə prosesi pozulub.

Bu gün məktəbin fəaliyyəti o dərəcədə sönüb ki, hətta kütləvi repetitorluq da universitetlərə qəbul imtahanlarında keçid balının azalma tendensiyasının qarşısını ala bilmir. Bu gün attestat almağa layiq olmayan məktəblilər kütləvi şəkildə universitetlərə qəbul edilirlər. Qəbul imtahanında 30 % bal yığan məktəbli, 3 aydan sonra 5 fəndən vediyi imtahandan 51% bal necə yığa bilər? Deməli, məktəbdə tədris mühitinin pozulması, ali məktəbin də işini iflic edir.

1 il əvvəl SDU-də imtahanlarda bir az ciddilik olmuşdu, 60% tələbə imtahanlarda kəsildi. Deməli, ciddilik artsa, bu hal digər universitetlərdə də təkrarlana bilər. Məktəbdə tədris prosesini gec də olsa (30 ildən sonra), nəhayət ki, bərpa etmək lazımdır. Əks halda, heç vaxt təhsil düzəlməyəcək.

Məktəbdə tədrisin pozulması, təbii ki, repetitorluğun kütləviliyi ilə əlaqədardır. Repetitorluq fəaliyyəti bəzi müəllimləri pedaqoji fəaliyyətdən çıxardıb, artıq onlar fərdi sahibkar, kommersant olublar. Onlarda pedaqoji təfəkkürdən çox biznes təfəkkür inkişaf edib.

Əgər müəllim, məktəbdəki işindən azad olub repetitorluq edirsə, burda heç bir qəbahət yoxdur. Amma çox vaxt biz əksini görürük. Müəllimlər sinifdə dərs keçməyə həvəsli deyillər (əgər uşaqlar dərsə gəlsələr belə), amma fərdi dərslərdə çox aktivdirlər. 

Onu da qeyd edək ki, son 30 il ərzində repetitorluq fəaliyyəti olmasaydı, müəllimlər çox çətin maddi durumda olacaqdılar. Amma bu repetitorluğun ölkədə kütləvi hal alması üçün əsas ola bilməz. Digər ölkələrdə olduğu kimi, bizdə də müəllimlər elə maaş almalıdır ki, repetitorluğa heç bir ehtiyacları olmasın. Repetitorluq müəllimə xeyli əlavə yükdür, yaşa dolduqca ikiqat enerji sərf edərək işləmək müəllimin səhhətini də korlayır, amma başqa yolu da yoxdur. 

Müəllimin normal maaşı olsa, əminəm ki, bir çox müəllimlər repetitorluqdan imtina edərlər, daha yaradıcı işlərlə məşğul olarlar. Faciə budur ki, alimlərimizin də çoxu son 30 ildir ki, repetitorluqla məşğul olur. Alimin repetitorluğu onun özünün faciəsi, elmimizin və ölkənin də çox ciddi problemidir. Əslində, elmimizin tənəzzülü də müəyyən qədər repetitorluqla əlaqəlidir.

Bu gün bəzi repetitorları şagirdin təlimindən çox öz mənfəəti, təlimin keyfiyyətindən çox, şagirdlərin kəmiyyəti maraqlandırır. Təbii ki, müəllimin bu hala düşməsi ürək ağrıdır.

Repetitorluq kütləviləşəndə artıq bir çox məktəb direktorları bu proseslərədə əsas “menecer”lərdən birinə çevrilirlər. Bir çox məktəb direktoru dövlət obyektlərini icarəyə verən bir kommersant olur. Belə məktəb direktorları (onların sayı heç də az deyil) məktəbdə pis davamiyyətə nəyinsə müqabilində göz yumur, şagirdlərə saxta qiymətlərin yazılmasında təşkilatçılıq edir, keçilməyən dərslərə görə saatların yazılmasında, bu saatlara görə ayrılan maaşların “verilməsi”ndə qanunsuzluqlara da yol verirlər.

Repetitorluq sahəsindəki bir illik dövriyyə (kölgə iqtisadiyyatının bir sferası olaraq) 1 miliyard manatdan çoxdur. Ona görə də, təhsil məmurları repetitorluğa qarşı nəinki mübarizə aparmır, hətta onu 30 ildir ki, dəstəkləyir, onun inkişafında maraqlı olurlar.

Beləliklə, bir çox məktəblərin idarəedilməsi kommersiya və korrupsiyanın simbiozu olur. Bu səbəblərdən məktəb direktoru olmaq istəyənlərin sayı da dəfələrlə artıb, bu sahədə güclü rəqabət yaranıb. Bu post uğrunda son illər çox gərgin mübarizə gedir. Dəfələrlə mətbuatda qeyd edilib ki, direktor və ya təhsil məmuru olmaq istəyənlər müəyyən əlaqələr yaratmağa cəhdlər edib və bəzən də onlar dələduzlar tərəfindən aldanıblar.

Bəzi məktəb direktorları təhsil müəssisəsinin ağsaqqalı, yol göstərəni yox, baş kommersantı olurlar. Beləliklə, maarif şöbəsi, bütünlükdə təhsil sistemi-aşağıdan üzü yuxarıya doğru kommersiya sisteminə, kommersiya piramidasına çevrilir. Nəticədə, bəzi təhsil məmurları da peşəkar “ kommersant” olmuş, təhsilə müqəddəs fəaliyyət sahəsi kimi yox, böyük bir biznes şəbəkə kimi yanaşırlar. Onlar, əsasən, təhsilin inkişafı haqda yox, təhsildə yeni korrupsiya mexanizmləri yaratmaq barədə düşünürlər.

Kommersant düşüncəli təhsil məmuru (belələri əsasən pedaqoq yox, təhsil sisteminə kənardan, əsasən də biznesdən gələnlər olur) pul naminə tədrisin keyfiyyətini bilərəkdən zəiflədir, özləri çoxsaylı kurslar yaradır, onu şəbəkələndirir, şagirdləri ora yönləndirirlər. Bu prosesdə məqsədli şəkildə keyfiyyətsiz dərsliklərin və tədris materiallarının yaradılması, müəllimlər üçün mənasız təlimlərin keçirilməsi, əhəmiyyətsiz layihələr və qrantların verilməsi də müşahidə edilir.

Bir çox hallarda təhsil kommersantları ölkənin təhsil büdcəsini acımadan talayır, dağıdırlar. Ona görə də, 5 qat artan təhsil büdcəsi təhsilin inkişafına heç nə verə bilmir. 20 ildir ki, neft kapitalı insan kapitalına çevrilə bilmir. Artıq neft də tükənir, amma insan kapitalı hələ də yaranmayıb.

Artıq 20 ildir ki, qlobal təhsil reytinqlərində ölkə təhsili son yerlərdədir. Bu təhsil sistemi ölkə rəhbərliyinin təhsil sistemindən olan gözləntilərini də təmin edə bilməz. Belə idarə edilən təhsil sistemi savadlı, kreativ düşüncəli, tərbiyəli vətəndaş, müasir insan kapitalı yetişdirə bilməz. Belə təhsillə bilik iqtisadiyyatı qurmaq da mümkün deyil.

Amma təhsil məmurları hər vəchlə səriştəsizlik və uğursuzluqlardan diqqəti yayındırmaq istəyirlər. Onlar əsl günahkarlardan, qüsurlu idarəetmədən diqqəti yayındırmaq üçün müəllimləri hədəf seçiblər. Məlum olur ki, bəzi zəif müəlimlər təhsildəki bütün problemlərin səbəbi imiş. Amma azsaylı belə müəllimlər də bu təhsil sisteminin yetişdirməsidir, onların heç biri xaricdə təhsil almayıb, ya da xaricdən saxta diplom gətirməyib. Bu yolla müəllimləri gözdən salmaq, diqqəti çökən təhsil sistemindən yayındırmağa cəhdlər aydın görünür.

Bizim təhsil sistemi artıq 30 ildir ki, bu labirintin içində itib. Amma bu 30 ildə itmiş “təhsil sistemi”ndən faydalananlar da az olmadı. (Paralel.az )

Избранный
1
1
azpolitika.info

2Источники