RU

Milan derbisində qollu heç-heçə - İCMAL

A seriyasının 23-cü turunda nəticəsi daha çox maraq doğuran oyunlar Milanda və Romada keçirildi. Hər iki matç 1:1 hesabı ilə sona çatdı. Nəticədə “Napoli” liderliyini qorudu və neapolluların əsas izləyicisi “İnter” ilə xal fərqi olduğu kimi qaldı.

Turun mərkəzi oyunu Milanda baş tutdu. Həftəiçi Çempionlar Liqasında əsas mərhələnin sonuncu turunun matçlarını keçirən Milan klubları bu il ikinci dəfə qarşılaşdılar. Xatırladaq ki, “Milan” İtaliya Superkubokunun yanvarın 6-da baş tutan finalının gedişində iki top fərqi ilə uduzsa da, ikinci hissədə üç qol vurmaqla “İnter”ə 3:2 hesabı ilə qalib gəlmişdi. Əzəli rəqiblər arasında A seriyasının ilk dövrəsində keçirilən derbi də “Milan”ın qələbəsi (2:1) ilə nəticələnmişdi.

Deməli, bazar günü “İnter” son məğlubiyyətlərin əvəzini çıxmaq üçün əlindən gələni edəcəkdi. İtaliyanın son çempionu Dimarko ilə hesabı erkən açsa da, qol Martinesin ofsaydda olmasına görə qeydə alınmadı. Hər iki komandanın ehtiyatlı oyuna üstünlük verdiyi aydın görünürdü. “İnter” həmin Dimarko ilə Dyumfrisin cinahlardakı fəallığı sayəsində qapıya yol axtararkən, pressinqdən imtina edən “Milan” rəqibini əks-hücum taktikası ilə çətinə salmağa çalışırdı. 33-cü dəqiqədə Martinesin vurduğu qol Barellanın ofsayda düşməsi səbəbindən hesaba alınmadı. Amma fasilə ərəfəsində “Milan” qaydalar çərçivəsində hesabı açdı: Zommer Ernandesin cərimə meydançasına yönəltdiyi topu dəf etsə də, Reynders onu tora qovuşdurdu.

Fasilədən sonra Martinesin vurduğu növbəti qol da Dyumfrisin Ernandesə qarşı qaydanı pozmasına görə hesaba alınmadı. İkinci hissəni çox yaxşı keçirən Simone İnzaqinin komandasının böyük bəxtsizliklə üzləşdiyini də qeyd edək. Belə ki, 67-ci dəqiqədə Bissekin, 82-ci dəqiqədə Türamın, 90+1-ci dəqiqədə isə Dyumfrisin zərbəsindən sonra top dirəyə dəydi. Amma məğlubiyyətə əsla layiq olmayan son çempionun zəhməti hədər getmədi: müdafiəçi De Vrey komandaya “Roma”dan yenicə transfer edilən Zalevskinin ötürməsini tamamlayaraq derbinin son nəticəsini müəyyən etdi – 1:1. Beləliklə, “Milan” əzəli rəqibinə ardıcıl üçüncü dəfə qalib gəlmək şansını itirdi. Çempionatda 18 oyundu (13 qələbə, 5 heç-heçə) uduzmayan “İnter” isə bir oyun az keçirməklə əvvəlki kimi “Napoli”dən 3 xal geri qalır.

“Qara-göylər”in bəxtindən lider də xal itirdi. Avrokuboklarda çıxış etmədiyi üçün həftəyə bir oyun qrafiki ilə hərəkət edən “Napoli” Romada maksimum nəticəyə çox yaxın idi. Spinatsola ilk hissədə sabiq klubunun qapısına yol tapdı və minimal hesab matçın son saniyələrinə qədər dəyişmədi. “Roma”lıların canfəşanlığı isə final fitindən əvvəl nəticə verdi.

Çempionatdakı 7 oyunluq qələbə seriyası qırılsa da, Antonio Kontenin komandası liderliyini qorudu.

Maraqlıdı ki, tura 3-cü yerdə başlayan “Atalanta” da iki xal itirdi. Evdə “Torino”dan bir xal (1:1) ala bilən Can Pyero Qasperininin komandası əvvəlki kimi liderdən 7 xal geri qalır.

“Mükafatçılar zona”sındakı klubların büdrəməsi “Yuventus”un işinə daha çox yaradı. 22-ci turda bu mövsüm Tyaqo Mottanın başçılığı altında çempionatda ilk dəfə “Napoli”yə məğlub olan (1:2) turinlilər evdə “Empoli”yə 4:1 hesabıyla qalib gəldilər. “Fiorentina” da “Cenoa”ya 2:1 hesabıyla üstün gələrək “Çempionlar Liqası zonası”na iddiasını davam etdirdi.

23-cü tur
Atalanta – Torino 1:1
Cimşiti, 35 – Maripan, 40. (22547)
Atalanta: Patrisio, Kolaşinats (Toloy, 30), Cimşiti, Hin, Bellanova, Rucceri (Kuadrado, 57), Ederson, De Roon, Breşianini (Paşaliç, 57), De Ketelare (Samarciç, 57), Retegi (Skamakka, 85).
Fiorentina – Cenoa 2:1
Ken, 9. Qudmundsson, 30 – De Vinter, 55. (19088)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Ponqraçiç, Dodo, Mandraqora, Folorunşo, Riçardson (Komutso, 56), Qudmundsson, Beltran (Parizi, 71), Ken (Kuame, 83).
Yuventus – Empoli 4:1
Kolo Muani, 61; 64. D.Vlahoviç, 90. Konseysao, 90+2 – De Şilyo, 4. (40160)
Yuventus: Di Qreqorio, Savona, Renato Veyqa, Qatti, Makkenni (K.Türam, 85), Lokatelli, Koopmeyners, Vea, Yıldız (D.Vlahoviç, 65), Qonsales (Konseysao, 84), Kolo Muani.
Bolonya – Komo 2:0
De Silvestri, 25. Fabbian, 66. (25000)
Bolonya: Skorupski, Likoyannis (Miranda, 46), Lukumi, Beukema, De Silvestri, Fröyler, Moro (Kambyaqi, 83), Dominges (Əl-Azzuzi, 83), Odqor, Ndoy (Fabbian, 52), Dallinqa (Kastro, 64).
Milan – İnter 1:1
Reynders, 45 - De Vrey, 90+3. (75000)
Milan: Menyan, Ernandes, Tomori, Pavloviç, Uoker, Bennaser (Ximenes, 46), Reynders, Musa (F.Terraçano, 78), Pulişiç (Çukvueze, 86), Leao (Qabbya, 85), Abraham (Kamarda, 78).
İnter: Zommer, Bastoni (Bissek, 63), De Vrey, Pavar (Auqusto, 63), Dimarko (Zalevski, 76), Dyumfris, Mxitaryan (Frattezi, 76), Barella, Çalhanoğlu (Zyelinski, 63), Lautaro Martines, M.Türam.
Roma – Napoli 1:1
Anxelinyo, 90+2 – Spinatsola, 29. (60788)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Rensx (Baldantsi, 80), Kone (Paredes, 56), Kristante (Dovbik, 64), Pizilli, Sule, Əl-Şaaravi (Salemakers, 55), Şomurodov (Dibala, 80).
Napoli: Meret, Spinatsola, Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Zambo Angissa, Maktominey, Neres (Matsokki, 76), Politano (Raspadori, 86), Lukaku (Simeone, 81).
Parma – Leççe 1:3
Valeri, 34-p. – Krstoviç, 36. Pyerotti, 63; 90+3. (18238)
Montsa – Verona 0:1
Lekoviç, 13-öz qapısına. (9659)
Udineze – Venetsiya 3:2
Lukka, 47. Lovriç, 52. Bravo, 84 – Nikolussi-Kavilya, 64. Qütkyaer, 79. (19767)
Kalyari – Latsio 1:2
Pikkoli, 55 – Zakkanyi, 41. Kastelyanos, 64.

1. Napoli 23 17 3 3 38-16 54
2. İnter 22 15 6 1 56-19 51
3. Atalanta 23 14 5 4 49-26 47
4. Latsio 23 13 3 7 40-31 42
5. Yuventus 23 9 13 1 39-20 40
6. Fiorentina 22 11 6 5 37-23 39
7. Bolonya 22 9 10 3 35-27 37
8. Milan 22 9 8 5 33-24 35
9. Roma 23 8 7 8 34-29 31
10. Udineze 23 8 5 10 28-36 29
11. Torino 23 6 9 8 24-27 27
12. Cenoa 23 6 8 9 21-32 26
13. Leççe 23 6 5 12 18-41 23
14. Verona 23 7 2 14 26-48 23
15. Komo 23 5 7 11 27-38 22
16. Empoli 23 4 9 10 22-33 21
17. Kalyari 23 5 6 12 24-38 21
18. Parma 23 4 8 11 29-42 20
19. Venetsiya 23 3 7 13 22-38 16
20. Montsa 23 2 7 14 20-34 13

Bombardirlər: Retegi (Atalanta) - 16, M.Türam (İnter), Ken (Fiorentina) - 13, Lukman (Atalanta) - 10.

Turun rəqəmi
2 – “Yuventus”un yanvarda PSJ-dən icarəyə götürdüyü Kolo Muani İtaliyadakı karyerasına uğurlu başlayıb. Neapolda ağ-qara formada keçirdiyi ilk oyunda qol hesabını açan fransalı hücumçu bu dəfə dubl etdi. 26 yaşlı Randal son 30 ildə “Yuventus”un formasında A seriyasındakı ilk iki oyununda qapıya yol tapan ikinci futbolçudu. Ağ-qara formada belə startla yadda qalan əvvəlki oyunçu argentinalı Karlos Teves olmuşdu.

Turun ulduzu
Anxelinyo (Roma) - liderin qələbə seriyasının qırılmasında onun böyük rolu oldu. 28 yaşlı müdafiəçi “Napoli”yə qarşı oyunda öz ampluasında çox yaxşı çıxış etdi, sol cinah boyunca dəfələrlə hücuma atıldı, oyundaşlarını topla təchiz etdi və son dəqiqələrdə baxımlı qol vurmaqla komandasını məğlubiyyətdən qurtardı. İspaniyalı futbolçunun ikinci mövsümünü keçirdiyi A seriyasında qol hesabını açdığını da qeyd edək.

Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Futbolçularımız əla oynadılar, onlar bəxtsizlikdən başqa bütün vəzifələrinin öhdəsindən gəldilər: top üç dəfə dirəyə dəydi, üç qolumuz hesaba alınmadı və Türama qarşı kobudluğa görə penalti təyin olunmadı. Amma “Milan”ı da əla oyun münasibəti ilə təbrik etmək lazımdı. Bu, intensiv futbol sərgiləyən yaxşı komandadı. Bu komandaya qarşı oynamaq həmişə çətindi. Bizə gəlincə, son iki ayda 17-ci oyunumuzu keçirdik. Uşaqları təbrik etdim. Həmişə qalib gəlmək istəyirik. Derbinin gedişində çətin vəziyyətə düşsək də, əsla qollarımızı yanımıza salmadıq. İkinci hissədə çox yaxşı oynadıq və daha artığına layiq idik. Amma unutmayaq ki, çox yaxşı rəqibə qarşı mübarizə apardıq”.
Избранный
37
8
football-plus.az

9Источники