RU

Tonni Vilyena “Alanyaspor”da

Yunanıstanın “Panatinaikos” klubunun mərkəz yarımmüdafiəçisi Tonni Vilyena bundan sonra “Alanyaspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi əslən Anqoladan olan niderlandlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb.

Tonni Vilyena Niderlandda dünyaya göz açıb və “Feyenoord”un yetirməsi hesab olunur. “Krasnodar”, “Espanyol”, “Salernitana” kimi klublarda da çıxış etmiş yarımmüdafiəçi 2023-cü ildən “Panatinaikos”da forma geyinir. 30 yaşlı futbolçu Yunanıstan klubunun heyətində 44 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Tonni 2016-cı ilin yanvarında əsas millidə debüt edib. O, Niderland yığmasında bütövlükdə 15 oyun keçirib.

“Alanyaspor”da iki ayrılıq da yaşanıb. Mərkəz müdafiəçisi Furkan Bayır Alanya klubundan ayrılaraq “Göztəpə”yə keçib. 25 yaşlı futbolçu İzmir təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Furkan Bayır “Menemenspor”un yetirməsidir. 2021-ci ildən “Alanyaspor”da çıxış edən futbolçu bu komandanın heyətində 93 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyənin U-21 yığmasında da çıxış edib.

“Alanyaspor”un portuqaliyalı sağ vingeri Roni Lopes “Farense”yə keçib. Portuqaliya klubu 29 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Roni Lopes “Benfika” və “Mançester Siti”nin yetirməsidir. “Lill”, “Monako”, “Sevilya”, “Nitsa”, “Olimpiakos”, “Trua”, “Braqa” kimi klublarda da oynamış yarımmüdafiəçi Alanya klubuna cari mövsümün əvvəlində qoşulmuşdu. O, Super Liqa təmsilçisində 18 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Roni əsas millidə də 2 oyun keçirib.

Избранный
69
arena.az

1Источники