RU

Bir gün Cümhuriyyətçi olurlar, bir gün sovet ideologiyasını tərənnüm edirlər- İqbal Ağazadədən mükəmməl yazı

Bu mövzu barədə bir daha öz düşüncələrimi bölüşmək istərdim...

Azərbaycanda insanlara və ya proseslərə mahiyyəti üzrə yox, münasibətlər, yaxud bağlılıqlar kontekstində qiymət verilir. Nəticədə, obyektivliyə və gerçəkliyə kölgə düşür, dəyərlər sistemi pozulur.

Məsələn, biz hələ SSRİ-nin dağılmasına münasibətimizi formalaşdıra bilməmişik.

Bilmirik, yaxşı oldu, dağıldı, yoxsa biz o sistemdə daha xoşbəxt yaşayırdıq?!!

Cümhuriyyət qurucularını sevdiyimizi bəyan edirik, adlarını fəxrlə çəkirik, onları yıxan və Azərbaycanın müstəqilliyinin sonunu gətirən adamların da adlarını yaşadırıq, həm də min cür "səbəb" uydurmaqdan çəkinmirik.

Tarixi şəraiti, vəziyyəti, adamların ən düzgün qərar verdiklərini əsaslandırmaq üçün nələrə əl atmırıq.

Sovet rejiminin Azərbaycanda təşəkkül tapmasını inkişafımıza zərbə hesab edirik, amma onun yaratdığı tarixin, ədəbiyyatın, mədəniyyətin, ideologiyanın təbliğatçısı oluruq.

Sovet rejimi mahiyyətcə pis olubsa, Azərbaycana ziyan gətiribsə, (ki, mən məhz belə düşünürəm...) onun yaratdığı ideoloji, nə varsa, imtina edilməlidir.

Bu o demək deyil ki, məsələn, Sovet dövründə çəkilmiş filmləri, yazılmış ədəbiyyat nümunələrini, rəsm əsərlərini və s. ucdantutma məhv etməli, onları yandırmalıyıq. Əsla.

O dövlətimizin tarixinin bir parçasıdır, arxivlərdə qorumalıyıq, saxlamalıyıq.

Amma və lakin...

Daha bu gün də ideoloji ədəbiyyatın nümayəndələrinitəbliğ etməməliyik. Onların əsərləri ilə böyüməməliyik. Mənim kəndimdən, rayonumdan, mahalımdandır deyib, yaxamızı yırtmamalıyıq.

Mənim qohumumdur deyib, müdafiəçisi rolunda çıxış etməməliyik.

Bu, mağara düşüncəsidir, feodal təfəkkürünün məhsuludur. Yanlışdırsa, yanlışdır, daha nəyi bəzəməyə çalışırıq?!!!

Hamımız dövrün də nə olduğunu bilirik, ideologiyanın da nələr etdiyini ya görmüşük, ya da oxumuşuq. Sovet dövrünə pis deyiriksə, onun ideolojisi olan hər şeyindən imtina etməyi bacarmalıyıq.

Heç kim S.Vurğunu, S.Rüstəmi, M.İbrahimovu,M.Hüseyni, R.Rzanı, M.Rahimi və s. istedadsız, bacarıqsız, ruhsuz, ilhamsız hesab etmir. Sadəcə olaraq, onların və digərlərinin partiya və Sovet rejiminin təbliği ilə bağlı yazdığı ədəbiyyat nümunələrindən imtina etmək lazımdır.

Qoy, Ədəbiyyat İnstitutu və ya Elmlər Akademiyası dilin saflığı üçün etdikləri ilə bağlı elmi araşdırmalar etsin, ideoloji olmayan əsərlərini ayırıb ayrıca nəşr etsin, sənət nümunələri kimi gələcək nəsillərə ötürsün, amma bu gün onların barəsində tənqid deyənləri topa, tüfəngə tutmasın.

Избранный
26
aznews.az

1Источники