RU

Qazaxıstan ammofosu ilk dəfə Orta Dəhliz vasitəsilə Batumiyə çatdırılıb

Qazaxıstan ilk dəfə yerli istehsal olan ammofosun Batumi dəniz limanı vasitəsilə dünya bazarlarına ixracı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM, Orta Dəhliz) istifadə edib.

Bu barədə “Report” "Batumi Neft Terminalı" MMC-nin 100 % payının idarə edilməsi üzrə müstəsna hüquqlara malik olan "KazTransOil" (KTO) şirkətinin məlumatına istinadən xəbər verir.

"Qazaxıstan ammofosunun Orta Dəhliz vasitəsilə Batumi dəniz limanından ixracı ilk dəfə həyata keçirilir. Onun Batumiyə çatdırılması üçün multimodal daşıma həyata keçirilib. Yükgöndərən "Kazfosfat" MMC-dir. İxrac həcmi 3 min ton Qazaxıstan ammofosu təşkil edib", - məlumatda qeyd olunub.

"KazTransOil" şirkətinin məlumatına görə, 2025-ci ildə Batumi dəniz limanı 50 min ton Qazaxıstan ammofosunun boşaldılıb yüklənməsini həyata keçirməyi planlaşdırır.

"Yeni yükgöndərənlərin cəlb edilməsi işi çərçivəsində 2024-cü ildə Batumi dəniz limanı TBNM vasitəsilə dünya bazarlarına 37,6 min ton Qazaxıstan ammonium nitratının ilk tədarüklərini təmin edib", - məlumatda bildirilib.

"Batumi Neft Terminalı" MMC öz körpüləri, texnoloji boru kəmərləri və rezervuarlarından istifadə etməklə neft, neft məhsulları və mayeləşdirilmiş karbohidrogen qazının, eləcə də onların emalı məhsullarının yükaşırma, nəql və saxlanması xidmətlərini göstərir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Избранный
10
1
report.az

2Источники