RU

Tarixin tədrisi metodikasının aktual problemləri

Tarix fənninin tədrisində elmilik prinsipinə əməl olunması vacib şərtdir

XX əsrin 90-cı illərində dünyada baş verən qlobal dəyişikliklər, soyuq müharibənin başa çatması, müstəqil dövlətlərin, yeni sosial-iqtisadi və siyasi sistemlərin formalaşması cəmiyyət həyatının bütün sahələrində münasibətlərin yeni məzmununun yaranması zərurətini doğurdu. Belə bir dövrdə təhsilin məzmunu, tədris prosesinə yanaşmalar da köklü şəkildə dəyişildi və yeni tarixi şəraitə uyğun innovasiyaların tətbiq sahəsi tədricən genişləndirilməyə başladı. Aydın məsələdir ki, əgər təhsilin məzmunu dəyişirsə, deməli həm də ayrı-ayrı fənlər üzrə standartların, proqram və dərsliklərin dəyişməsi nəzərdə tutulur. İlk növbədə, məzmun baxımından köklü şəkildə dəyişən fənlər sırasında tarix fənnini xüsusi qeyd etməliyik. Çünki bilavasitə cəmiyyətdəki hadisə və proseslərlə bağlı olan tarix fənninin o zamankı məzmunu sinfi mübarizə, ehkamçılıq və formalizm prinsipləri üzrə qurulmuş və real gerçəkliyi əks etdirmirdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat  Proqramı” 1999-cu ildə təsdiq edildikdən sonra ölkəmizdə təhsilin bütün istiqamətləri üzrə geniş islahatlar həyata keçirilməyə başlandı. Bu islahatlar bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü şəkildə uğurla davam etdirilir. Qeyd edək ki, ötən illər ərzində mütəmadi olaraq təhsilin, o cümlədən tarixin tədrisinin məzmunu təkmilləşdirilmiş və bu gün də məzmun, təlim texnologiyaları daha da müasirləşir, innovativ yanaşmalar öyrənilir, tədqiq  və tətbiq olunur.

Araşdırmalar göstərir ki, ölkəmizdə “Tarix müəllimliyi” ixtisası üzrə kadr hazırlanmasında tarixin tədrisi metodikası fənni xüsusi əhəmiyyət kəsb edir. Bu fənnin məzmunu tarixin tədrisi metodikasının bir elm kimi formalaşması tarixini, eyni zamanda ümumtəhsil məktəblərində tarixin tədrisi məqsədi, vəzifələri, tarix fənninin, dərsliklərinin struktur və məzmunu, tarixi bilik və bacarıqların formalaşdırılması, yeni təlim texnologiyalarının, standartların, strategiyaların mahiyyəti və tətbiqi, şagirdlərin tarixi şüurunun, dövlətçilik təfəkkürünün, şəxsiyyətinin formalaşdırılması, mənəvi tərbiyəsi və digər məsələləri əhatə edir. Ümumiyyətlə, tarixin tədrisinə müasir yanaşmalar tarixin tədrisi metodikasının aktual problemləri kimi mühüm əhəmiyyət kəsb edir. Ciddi əhəmiyyətliliyi ilə həmişə seçilən belə bir elm sahəsi üzrə respublikamızda elmi-pedaqoji kadr hazırlığının genişləndirilməsi vacib məsələ kimi diqqəti cəlb edir. Bu,  həm də ali məktəblərdə kadr potensialının lazımi səviyyədə təmin olunmasına zəmin yaradır. 

Məlumdur ki, ümumtəhsil məktəblərində tarixin tədrisi sistemli şəkildə həyata keçirilir. V siniflərdə Azərbaycan tarixi fənni tədris olunur və onun  məzmunu  epizodik hekayələr üzərində formalaşdırılıb. VI sinifdən XI sinfə qədər  isə  Azərbaycan tarixi və ümumi tarix (dünya tarixi) ayrı-ayrı fənn olmaqla konsentrik prinsiplə tədris olunur. Bu, ilk növbədə, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi ilə bağlıdır. Belə ki, IX sinifdə ümumi orta təhsil başa çatdığından tarixin sistematik tədrisinin birinci konsentri VI-IX sinifləri, XI sinifdə isə tam orta təhsil başa çatdığına görə tarixin sistematik tədrisinin ikinci konsentri X-XI sinifləri əhatə edir. 

Hər iki konsentrdə tarix siniflər üzrə müvafiq  dövrlərə uyğun  tədris olunur. Belə ki, VI sinifdə ən qədim dövrdən başlayaraq eramızın III-V əsrlərinədək, VII sinifdə III-V əsrlərdən XVI əsrin ikinci yarısınadək, VIII sinifdə XVI əsrin ikinci yarısından XVIII əsrin sonu, XIX əsrin əvvəllərinədək, IX sinifdə isə XIX əsrin əvvəllərindən bu günümüzədək  olan tarixi hadisə və proseslər fənnin məzmununa daxil edilib.

X-XI siniflərdə tədris prosesi təmayülləşmə əsasında həyata keçirildiyindən burada tədrisin təşkili, o cümlədən  Azərbaycan tarixi və ümumi tarixin tədris xüsusiyyətləri  fərqlidir. Belə ki, X sinifdə ən qədim dövrdən XVIII əsrin sonu, XIX əsrin əvvəllərinədək, XI sinifdə isə yeni və ən yeni dövrün hadisə və prosesləri öyrənilir.

Ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənləri ilə bərabər fakültətiv fənn kimi Zəfər tarixi (IX siniflərdə həftədə 1 saat) və Ortaq türk tarixi (VIII siniflərdə həftədə 1 saat) fənləri də tədris olunur.

Qeyd edək ki, tarix fənni ümumtəhsil fənləri içərisində özünün məqsədi, vəzifələri və şəxsiyyətin formalaşdırılmasına təsir gücü baxımından xüsusilə fərqlənir. Tarix fənninin məzmunu, ilk növbədə, tarix elminin əldə etdiyi nailiyyətləri əks etdirir. Tarix elmi isə cəmiyyətin, bəşəriyyətin keçdiyi tarixi yolu öyrənməklə siyasi, iqtisadi, sosial və mədəni sahədə inkişafın dinamikasını, xüsusiyyətlərini, tarixi zaman və məkan əlaqələrini, dövlətlərin, şəxsiyyətlərin münasibətlər sistemindəki rolunu, mövqeyini, onların xalqa, millətə verdikləri töhfələri üzə çıxarır, bəzi hadisə və proseslərin acı nəticələrini göstərməklə keçmişdən dərs almaq və gələcək perspektivləri müəyyənləşdirmək imkanları yaradır. 

Bir qayda olaraq, hər sinifdə ilk dəfə tarixin tədrisinə başlayarkən əvvəlcə şagirdlərə fənn haqqında ümumi məlumat verilməli, nəyin öyrəniləcəyi, hansı xronoloji çərçivədən bəhs olunacağı nəzərə alınmalıdır. Eyni zamanda nə məqsədlə, hansı yollarla öyrədilmə, sonda hansı təlim nəticələrinin əldə olunması məsələləri də daim diqqətdə saxlanılmalıdır.

Diqqətçəkən vacib məqamlardan biri budur ki, indi sovet dövründən fərqli olaraq tarixin obyektiv, elmi əsaslarla, demokratik, humanist məzmunda tədrisi üçün geniş imkanlar yaranıb. Müasir dövrdə milli və ümumbəşəri dəyərləri nəzərə alan yeni təhsil standartları dərsliklərin, digər tədris resurslarının hazırlanması, təlim prosesində müstəqil yanaşmaların tətbiqi üçün əlverişli şərait yaradır, fənn müəlliminin azad, sərbəst fəaliyyətinə təminat verir. 

Müasir yanaşmalar imkan verir ki, şagirdlərdə aşağıdakı bacarıqlar formalaşdırılsın:

- mühüm hadisə və proseslərin xronoloji çərçivəsini müəyyənləşdirərək cədvəllər hazırlamaq;

- tarixi hadisə və prosesləri öyrənmək üçün müvafiq mənbələri seçməklə müxtəlif baxışları dəyərləndirmək;

- insanların həyat təzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında müəyyən etməklə referatlar, təqdimatlar hazırlamaq;

- xalqların formalaşması tarixini, inkişafının xarakterik cəhətlərini dəyərləndirmək;

- sosial-iqtisadi inkişafın xüsusiyyətlərini müəyyənləşdirmək, zaman  və məkan baxımından əlaqələndirmək;

- dövlətlərin yaranması, dövlətçilik ənənələrinin inkişaf xüsusiyyətlərini dəyərləndirmək;

- dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini əsaslandırmaq;

- cəmiyyətin, dövlətin inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirmək;

- mədəniyyətin inkişafına təsir edən amilləri şərh etmək, Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə etmək və s.

Araşdırmalar göstərir ki, bu gün şagirdlərin tarixi bilik və bacarıqları dərsliklə bərabər digər tədris resurslarından da əldə etmək imkanları xeyli genişlənib. Lakin istər dərslik, istərsə də əlavə təlim materialları ənənəvi qaydada öyrənilmir. Tarixi faktları əzbərləmək hələ tarixi bilik və bacarıqlara yiyələnmək anlamına gəlmir. Tarix elmini, fənnini öyrənmək insana yüksək mənəvi keyfiyyətlər bəxş edir. Ona görə də fakt, hadisə və prosesləri dərk edərək, tarixilik, müasirlik və gələcək perspektivlər kontekstində öyrənmək, tarixi mənəvi dəyər kimi qiymətləndirmək, onu sevmək, yüksək insani hisslər kimi yaşatmaq, gələcək nəsillərə ötürmək və ondan nəticə çıxarmaq lazımdır. Tarix bizim ata-babalarımızın keçdiyi həyat yoludur. Bu həyat yolunun tarixi izləri, şanlı tarixi səhifələri, faciəli anları, bu yolda zülmə, müstəmləkəçiliyə qarşı, azadlıq uğrunda mübarizə əzmi unudula bilməz. Ona görə də tarixin obyektiv öyrənilməsi vacibdir. M.K.Atatürkün təbirincə desək, tarix yazmaq tarix yaratmaq qədər mühümdür, tarix yazan tarix yaradana sadiq qalmalıdır, əgər belə olmasa, onda məqsəd bəşəriyyəti çaşdırmaqdan başqa bir şey olmaz. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də tarixin olduğu kimi, obyektiv öyrənilməsinin çox əhəmiyyətli olduğunu tövsiyə edir, tarixi həm də dəyər kimi yüksək qiymətləndirirdi. Ona görə də təlim prosesində hər bir mövzu üzərində şagirdlərin ciddi təhlillər aparması, tədqiqatyönlü müstəqil işlərinin təşkili, bu və ya digər məsələ ilə bağlı geniş müzakirələrə cəlb edilməsi, problemə münasibətdə onların öz mövqeyinin öyrənilməsi və s. tələb olunur. Dərsin təşkilinə belə yanaşma təlim prosesində şagirdlərin fəallığının təmin olunmasına, dərketmə qabiliyyətlərinin inkişafına, tarix fənninə marağının artırılmasına,vətəndaş-şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. 

Tarix və onun tədrisi problemləri hər bir mütəxəssisdən, fənn müəllimindən bu məsələlərə çox diqqətli, həssas yanaşma tələb edir. Dünyanın bütün ölkələrində həm milli tarix (Vətən tarixi - ayrı-ayrılıqda hər bir ölkənin tarixi), həm də dünya tarixinin öyrənilməsində millilik və bəşərilik aspekti vəhdətdə nəzərə alınmalı, tədrisdə sinxronluğa, əlaqəliliyə ciddi əhəmiyyət verilməlidir. Ölkə tarixi də dünya tarixinin tərkib hissəsi olduğundan Vətən tarixinin dünya tarixində yeri, rolu, bəşəriyyətə verdiyi töhfələr və s. qeyd edilməlidir. 

Elmi araşdırmalardan aydın olur ki, milli birliyin yaradılmasına milli tarixin-Vətən tarixinin tədrisi güclü təsir göstərir. Deməli, tədris prosesində millilik amili vacibdir. Burada  bir anlayış kimi diqqət çəkən millilik ifadəsi  hər bir kəsin millət, vətən, dövlət qarşısında borcunun tələb olunan səviyyədə dərk olunması ilə bağlı şəkildə izah edilə bilər. Təcrübə göstərir ki, tarixin milli məzmunda elmi əsaslarla tədrisi şagirdlərdə milli dəyərlərə, milli mədəniyyətə hörmət hissi formalaşdırmaqla həm də onlarda bəşəri dəyərləri obyektiv qiymətləndirmək imkanları yaradır. Beləliklə, şagirdlər həm də dünya xalqlarının mədəni irsinə hörmətlə yanaşır, onların bəşər tarixində rolu və yerini aydın dərk edir və dəyərləndirirlər. Lakin dünya ölkələrində tarixin tədrisi təcrübəsi göstərir ki, heç də bütün ölkələrdə məsələyə belə yanaşılmır. Çox təəssüf ki, bəzi ölkələrdə tarix tədrisinin məzmunu elmi prinsiplər əsasında formalaşdırılmayıb. Məsələn, Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan Respublikasında tarixin məzmunu başqa xalqlara nifrət ruhunda formalaşdırılıb. O ölkədə tarixin tədrisi məzmunu saxta ideyalar əsasında müəyyən olunub. Dünya xalqlarının, o cümlədən Azərbaycan və digər türk xalqlarının milli  irsini mənimsəməyə cəhd edən ermənilər saxta tarix yazır, şagirdlərini şovinist ruhda böyüdürlər. Ermənilərin Cənubi Qafqaza köçürülməsi, XIX yüzillikdən etibarən burada məskunlaşmaları və 1918-ci ildə tarixi Azərbaycan torpaqlarının kiçik  bir hissəsində dövlət yaratmaları  üçün onlara güzəştə gedilməsi barədə danılmaz faktlar mövcuddur. Çox təəssüf ki, tarixi həqiqətləri dilə gətirməyən ermənilər həmişə işğalçı mövqedən çıxış edib, türk-müsəlman əhalisinə, azərbaycanlılara qarşı soyqırımlar törədib, Azərbaycana məxsus digər əraziləri də tədricən işğal edib, işğal etdiyi ərazilərdə Azərbaycan toponimlərini dəyişdirib, milli-mənəvi, mədəni dəyərlərimizə böyük zərbə vurub.

Azərbaycan XX yüzilliyin sonlarında müstəqilliyə qədəm qoyarkən Ermənistan yenə də işğalçılıq planlarına uyğun olaraq torpaqlarımızı işğal etməyə başladı. Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etdi. Azərbaycan xalqına qarşı Xocalıda (26 fevral 1992) və digər bölgələrimizdə soyqırımılar törətdi. Xocalıda baş verən hadisələr nəinki Azərbaycan, bütövlükdə  dünya tarixinə XX yüzilliyin faciəsi kimi yazıldı. Bu soyqırımı hadisəsi  o zaman da, bu gün də dünya mətbuatının diqqət mərkəzində olub. Lakin bu və ya digər tarixi faktlar Ermənistanda saxtalaşdırılır, erməni şagirdlərə ədalətdən, həqiqətdən uzaq, yalan, saxta tarix öyrədilir, erməni terroru və  təcavüzünə haqq qazandırılır. Təhsilin, o cümlədən tarixin tədrisinin elmdən kənar, belə bir antihumanist məzmunda formalaşdırılması yolverilməzdir. Bu baxımdan, tarix fənninin tədrisində elmilik prinsipinə əməl olunması olduqca vacib şərtdir. Tarixi şərait səbəb-nəticə əlaqələri əsasında, zəngin informasiya mənbələrindən istifadə etməklə ciddi araşdırılmalıdır. Bu mənbələr müqayisə edilməli, nə zaman, nə məqsədlə, kim tərəfindən yazıldığı müəyyənləşdirilməli, ciddi təhlil olunmalı, həmçinin əhəmiyyəti aydınlaşdırılmalıdır.

Elmi tədqiqatlar göstərir ki, proqram və dərsliklər nə  qədər təkmilləşsə də təlimin səmərəliliyinin yüksəldilməsində müəllim amili əsasdır.  Ona görə də tarix fənninin tədrisində müəllimin mövqeyi, onun fəaliyyət istiqamətləri şagirdlərin bilik və bacarıqlara yiyələnməsində, eyni zamanda onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Müəllim təlim prosesində şagirdlərin tarixi, tənqidi və yaradıcı təfəkkürünü formalaşdırmaq üçün tədqiqatyönlü  müstəqil tapşırıqların yerinə yetirilməsinə, dərsdə geniş müzakirələrin aparılmasına, müvafiq  mövzu ilə bağlı şagird mövqeyinin əsaslandırılmasına və s. şərait yaratmalıdır. Bu münasibətlərdə demokratiklik, humanistlik, tolerantlıq prinsipləri nəzərə alınmalıdır. İnnovasiyalara əsaslanan belə bir metodika, tarixin tədrisi texnologiyası şagirdlərdə özünəinam hissi yaradaraq onları tarixi keçmişi daha dərindən öyrənməyə, vətən, millət  və bəşəriyyət anlayışlarını, vətəndaşlıq mövqeyini dərk etməyə, milli və bəşəri dəyərlər ruhunda tərbiyələnməyə istiqamətləndirir.

Qeyd etdiklərimizi ümumiləşdirərək belə qənaətə gəlirik:

1. Azərbaycanda tarix fənninin məzmunu elmi obyektivlik, demokratiklik, humanistlik  prinsipləri əsasında formalaşdırılıb.

2. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tarixin məzmun komponenti kimi  milli və bəşəri dəyərlərin vəhdətdə  öyrənilməsinə xüsusi əhəmiyyət verilir.

3. Tarixin tədrisi prosesində müasir pedaqoji-metodik yanaşmalara üstünlük verilir.

4. Müəllim hazırlığı, o cümlədən tarix müəllimi hazırlığı beynəlxalq standartlara uyğun olan milli standartlar əsasında həyata keçirilir və səmərəli nəticələr verir.

5. Bütün dünya ölkələrində tarixin tədrisi məzmununun elmi prinsiplər əsasında formalaşdırılması yaxşı olardı.

6. Bütün dünya ölkələrində tarix fənninin məzmunca milli, eyni zamanda demokratik, humanist dəyərlər əsasında müəyyənləşdirilməsi vacibdir.

Aşağıda təqdim etdiyimiz mövzuların tədqiqat kimi araşdırılması məqsədəuyğun olardı:

1. Tarixin tədrisinin tərbiyə imkanları.

2. Azərbaycanın dövlətçilik tarixində tarixi şəxsiyyətlərin rolu və onların həyat və fəaliyyətinin təhsilalanlara öyrədilməsi.

3. Ümummilli Lider Heydər Əliyev irsi Azərbaycan tarixinin tədrisinin metodoloji əsası kimi.

4. İnteraktivlik tarixin tədrisi keyfiyyətinin yüksəldilməsi  vasitəsi kimi.

5. Azərbaycan tarixinin tədrisində Əli bəy Hüseynzadə irsindən istifadə üzrə işin sistemi.

6. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə (2020-ci il 27 sentyabr - 10 noyabr) tarixi çıxışları (nitqləri) yeniyetmə gənclərin vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi.

7. Azərbaycan tarixinin tədrisində təhsilalanlarda vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması.

8. Şagirdlərdə azərbaycançılıq ideologiyasının (təfəkkürünün) formalaşdırılması.

9. Tarixi biliyin məzmunu və şagirdlərdə milli mənlik şüurunun (dövlətçilik şüurunun) formalaşdırılması problemi.

10. Tarixin tədrisində şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.

11. Zəfər tarixi şagirdlərin milli ruhda tərbiyəsi vasitəsi kimi.

12. Yeni təlim texnologiyalarından istifadənin  tarix təlimi keyfiyyətinin yüksəldilməsinə təsiri.

13. Şagirdlərin müstəqil işinin təşkilində İKT-dən istifadə  imkanları və yolları.

14. Əyani metodlardan istifadənin tarixin təlimi keyfiyyətinə təsiri.

15. Tarixin tədrisində şagirdlərdə tənqidi təfəkkürün formalaşdırılması.

16. Tarixin tədrisində şagirdlərdə dəyərləndirmə (qiymətləndirmə) bacarıqlarının formalaşdırılması.

17. Tarixin tədrisində azərbaycanlıların soyqırımına dair mənbələrdən istifadənin elmi-pedaqoji əsasları.

İntiqam CƏBRAYILOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor 

Избранный
34
tehsil.biz

1Источники