RU

Səudiyyə rəsmisi Trampa israilliləri Alyaskada yerləşdirməyi təklif edir

Bakı, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahunun "Səudiyyə Ərəbistanının kifayət qədər torpaqları var, orada Fələstin dövləti qura bilərlər" açıqlamasına Səudiyyə Ərəbistanı Şurasının üzvü Yusuf bin Tirad əs-Sədun sərt reaksiya verib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Sədun, ABŞ prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin üçüncü ölkələrə köçürülməsi ilə bağlı təklifini tənqid edib və İsrailin mövcud siyasətlərini pisləyib.

Sədun Netanyahunun təklifini rədd edərək, "Əgər Tramp sülh və sabitlik istəyirsə, israilliləri əvvəlcə Alyaskaya, sonra isə Qrenlandiyaya köçürsün" - deyə ironiya ilə cavab verib. O, ABŞ-ın "suveren torpaqların qeyri-qanuni işğalı və etnik təmizləmə siyasəti apardığını" vurğulayaraq, bunun beynəlxalq hüquqa görə insanlığa qarşı cinayət olduğunu bildirib.

"Sionistlər və onların müttəfiqləri media təzyiqi və siyasi manevrlərlə Səudiyyə Ərəbistanını manipulyasiya edə bilməzlər", - deyə o əlavə edib.

Sədun, Səudiyyə Ərəbistanının beynəlxalq qərarlara uyğun olaraq, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulmasını dəstəklədiyini bir daha bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Şura Şurası qanunvericilik səlahiyyətinə malik olmasa da, ölkə kralına siyasi, iqtisadi və sosial məsələlərdə məsləhət verən bir orqandır.

Избранный
20
turkic.world

1Источники