Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu Il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
İqtisadçı, deputat Vüqar Bayramov məlumatı şərh edərkən bildirib ki, muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması diqqət çəkir.
“Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb”, - o, əlavə edib.
İqtisadçı hesab edir ki, dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Deputat vurğulayıb ki, bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.
“Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır”, - o, əlavə edib.
“AzPolitika.info”