RU

Rusiya-Ukrana danışıqları: Sülhdən danışmaq çox tezdir, ortada atəşkəs olacaqsa…

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. Tramp detalları və Putinlə neçə dəfə danışdığını açıqlamayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla belə, o vurğulayıb ki, Putin döyüş meydanında qətliama görə narahatdır.

Tramp bir daha təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, bu üç illik müharibə heç vaxt baş verməzdi. İddiasına görə, onun müharibəni bitirmək üçün konkret planı var: “Ümid edirəm ki, bu, tez baş verəcək”

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın bəzi ölkələrdə biznesi olduğundan, onun bir çox dünya liderləri ilə də yaxşı münasibətləri, əlaqələri olub.

Ekspertə görə, bu münasibətlər hələ də davam edir və bu da Trampın dünyaya açıq olmasından, prezident kimi praqmatik yanaşmasından irəli gəlir:

"Tramp dəfələrlə deyib ki, o, hakimiyyətdə olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamazdı. Tramp Putinlə şəxsi münasibətlərini də qabardıb. Bu, həm də diplomatik dildir. Ancaq diplomatiyada "amma"dan sonrakı hissə maraqlıdır. Tramp Baydendən fərqli olaraq, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək, ciddi hərbi-siyasi gedişlər etmək iqtidarındadır. Kifayət qədər cəsarətli bir şəxsdir. Həqiqətən də dediyini edə bilər. Trampın Rusiyadan əsas istəyi sülhdür. Amma sülh ilə bağlı Rusiya rəhbərinin də öz istəkləri var. Ona görə də "yaxşı münasibətlər"in olmasına baxmayaraq, Tramp Putinə qarşı ciddi təzyiqlər edəcək. Yəqin ki, Zelenski üzərində də təzyiq olacaq. Faktiki olaraq Tramp burada iki tərəfi də öz “yol xəritəsi”nə məcbur etmək fikrindədir. Sülh üçün danışmaq çox tezdir, əgər ortada atəşkəs olacaqsa, iki tərəf ortaq mövqeyə gəlməlidir".

Analitik vurğulayıb ki, danışıqlarda Krım müzakirə mövzusu olmayacaq. Çünki Krım Rusiya üçün "qırmızı xətt"dir, tarixu-siyasi, mənəvi əhmiyyəti var:

"Şəxsən, prezident Vladimir Putin üçün böyük əhəmiyyəti var. Putin özünü Krımın "yeni fatehi" kimi təqdim edir. Hətta bununla bağlı metal pullar da dövriyyəyə buraxılmışdı. Müzakirə yəqin ki, Donbasla bağlı gedəcək. Rusiya həmin bölgədə özünə ilhaq etdiyi 4 vilayəti istəyir. Moskvanın atəşkəs şərtinə görə, ona əlavə torpaqlar da verilməlidir. Məsələn, Zaporejye və Xerson vilayətinin qalan əraziləri verilməlidir. İstəyir ki, maksimum nəsə əldə etsin. Ukrayna isə tamamilə rus qoşunlarını öz sərhədlərindən çıxarmaq istəyir. Hətta Krımı da geri tələb edir. Düşünürəm ki, Krımın Rusiyada qalması, Donbas bölgəsinin isə hansısa şərtlər daxilində dondurulması mümkündür. Yəni münaqişə belə həll oluna bilər, daha doğrusu məhəlli xarakter ala bilər. Rusiya rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyaraq oradan çıxa bilər. Ukrayna parçalanmaya bilər. Faktiki olaraq Cənubi Osetiyanı itirməsi Gürcüstanı parçalamadı. Qarabağın 30 illik işğalı da Azərbaycanı parçalaya bilmədi. Sadəcə dondurulmuş münaqişədən söhbət gedir. Hansısa dövrdə federallaşma ola, sözügedən ərazidə ruslara müəyyən statuslar verilə bilər".

Turab Rzayev, politoloq

T.Rzayev qeyd edib ki, indiki halda müharibənin tam dayandırılması Donald Trampa da lazım deyil:

"Münaqişənin konservləşdirməsi həm də Ukrayna üçün bir şans yaradır. Kiyev 5-10 il sonra Rusiyanın zəifləməsindən, beynəlxalq geosiyasətdə yaranmış daha uyğun vəziyyətdən istifadə etməklə problemi çözə bilər. Amma hesab edirəm ki, Ukrayna üçün minimum itki Krımın itirilməsidir. Rusiya üçün də maksimum güzəşt Donbas ərazisinin hansısa statusla, xüsusi hüquqlarla Ukraynaya qaytarılmasıdır”.

Müsahibimiz qeyd edib ki, istənilən halda vurğuladıqları hər iki ölkənin siyasi elitasında böyük çaxnaşmaya səbəb olacaq:

“Təbii Kreml rəhbərinə sual edəcəklər ki, milyondan çox insan niyə, nəyin uğruna həyatını itirdi? Niyə qardaş Ukrayna xalqına qarşı qırğınlar törətdik? Zelenskiyə deyəcəklər ki, əgər Krımın işğalı ilə barışacaqdınsa, Moskva ilə danışıqlara girəcəkdinsə, o halda niyə Ukrayna viran edildi? Ukrayna əhalisinin yarıdan çoxu ölkədə deyil".

Aydın Baxış

Избранный
5
bakivaxti.az

1Источники