![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/5/1/25306a65-4109-4644-b519-b79c98f6f572/bank-karti-ogurluq.jpg)
Bildiyimiz kimi, bu yaxınlarda Milli Qəhrəman Hökumə Əliyevanın atasına məxsus bank kartından böyük məbləğdə vəsait kibercinayət yolu ilə oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, baş verən hadisə bank kartlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlardan, eyni zamanda da rəsmi qurumların açıqlamalarından belə görünür ki, bank kartlarına kiberhücumların sayı sürətlə artmaqdadır.
Görünən odur ki, internet üzərindən ödənişlərin və onlayn alış-verişin geniş yayılması ilə bank kartlarının təhlükəsizliyini qorumaq hər kəs üçün vacib məsələyə çevrilib.
Bəs, necə edək ki, bank kartlarımız kiber cinayətkarların “qurbanına” çevrilməsin?
Bu sahənin mütəxəssislərinin bank kartlarının etibarlı qorunması ilə bağlı tövsiyələrini ümumiləşdirərək sizlərə təqdim edirik:
- Güclü parollardan istifadə edin
Bank kartlarınızı idarə etdiyiniz hesabınıza (əsasən mobil tətbiqlərdə) güclü şifrələr qoyun. Sadə rəqəmlərdən ibarət olan, adınızı və ya doğum tarixinizi əks etdirən parollardan uzaq durun. Güclü şifrə yaradarkən aşağıdakı qaydalara əməl edin:
Böyük və kiçik hərflərdən istifadə edin;
Rəqəmləri və xüsusi simvolları (@, #, $, % və s.) daxil edin;
Şifrəni heç kimlə paylaşmayın və mütəmadi olaraq dəyişdirin.
- İki mərhələli doğrulamanı (2FA) aktiv edin
Bankınızın mobil tətbiqində və ya onlayn bankçılıq hesabınızda iki faktorlu autentifikasiyanı (2FA) aktiv edin. Bu funksiya kartınızla giriş zamanı sizə SMS və ya mobil tətbiq vasitəsilə doğrulama kodu göndərir. Beləliklə, parolunuz oğurlansa belə, hakerlər ikinci doğrulama kodu olmadan hesabınıza daxil ola bilməyəcək.
- Şübhəli linklərə klik etməyin
Hakerlər çox vaxt fişinq (phishing) hücumları vasitəsilə insanları aldadaraq kart məlumatlarını ələ keçirməyə çalışırlar. E-poçt və ya SMS vasitəsilə gələn, bankınızın adından göndərildiyi iddia edilən linklərə klik etmədən əvvəl diqqətli olun. Əgər belə bir mesaj alsanız, həmin bankın rəsmi saytı və ya mobil tətbiqi vasitəsilə yoxlama aparın.
- Etibarlı saytlardan alış-veriş edin
Onlayn alış-veriş zamanı saytın etibarlı olduğuna əmin olun. Bunun üçün saytın URL ünvanının "https://" ilə başlamasına diqqət edin. "HTTP" ilə başlayan saytlarda məlumatlar qorunmur. Tanınmış və rəsmi onlayn mağazalardan istifadə edin.
- Bank kartınızın CVV kodunu gizlədin
Kartınızın arxa tərəfindəki CVV/CVC kodunu yadınızda saxlayın və kartın üzərindəki rəqəmi örtərək gizlədin. Əgər kimsə kartınızın şəklini çəkərsə və ya oğurlayarsa, CVV kodu olmadan onlayn ödəniş etmək çətin olacaq.
- Şəxsi bank məlumatlarını heç kimlə paylaşmayın
Heç kim sizdən PIN kodunuzu, kart nömrənizi və ya doğrulama kodunuzu tələb edə bilməz. Əgər belə bir zəng və ya mesaj alsanız, dərhal müvafiq qurumlara (polisə, bankınıza və s.) məlumat verin.
- ATM və POS terminallarda diqqətli olun
ATM-in klaviaturasında əlavə qurğu olub-olmadığını yoxlayın. Skimmer adlanan cihazlar kart məlumatlarını oğurlamaq üçün quraşdırıla bilər.
PIN kodunuzu daxil edərkən ətrafı nəzarətdə saxlayın və klaviaturanı əlinizlə örtün.
- Bank kartınızın hesabını daim yoxlayın
Mobil bank tətbiqlərindən istifadə edərək müntəzəm olaraq hesabınızı yoxlayın. Əgər tanımadığınız bir ödəniş görsəniz, dərhal bankınıza müraciət edərək kartınızı blok etdirin.
- Virtual kartlardan istifadə edin
Əgər tez-tez onlayn alış-veriş edirsinizsə, əsas bank kartınızın məlumatlarını paylaşmaq əvəzinə, virtual kart yaradın. Virtual kartlar birdəfəlik ödənişlər üçün nəzərdə tutulub və əsas kartınıza bağlı olmadığı üçün risk daha azdır.
Elnur Əli