Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynadakı Azərbaycan diasporunun liderlərindən biri olmuş, milyonçu, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivinin və onunla birgə mühakimə olunan, Ukrayna müdafiə sənaye nazirinin aviasiya məsələləri üzrə sabiq müavini Kostiantin Antoniviç Kuçerin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hit.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin müdafiəçisi Xeyransa Babayeva vəsatətlə çıxış edərək, müvəkkilinin səhhətində ciddi problemlərin olduğunu, bu səbəbdən də onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən xahiş edib:
"Həbs olunmamışdan əvvəl də səhhətində problem var idi, müalicə olunurdu. İndi yenidən xəstəliyi baş qaldırıb. Bundan başqa qeyd edim ki, müdafiə etdiyim şəxs Azərbaycan vətəndaşıdır, yaşayış yeri bəllidir, ittiham olunduğu maddə isə xüsusilə ağır cinayət deyil. Həbsdə saxlanmasına əsas yoxdur. Həmçinin, cəmiyyətdə tutduğu mövqeyini də nəzərə almağınızı xahiş edirəm".
Oleq Krapivin də vəsatətin təmin olunmasını istəyib. O, yeddi aydır həbsdə saxlanıldığını deyib:
"Mən yeddi aydır Kürdəxanıda oturmuşam. Heç nə olmayan işə görə burada saxlanılıram. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım".
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə digər təqsirləndirilən Konstantin Antonoviç Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb.
Konstantin Kuçer dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeriy Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildən məşğul olduğunu deyib. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Pulun bir qismi ilə sifariş verilib, ancaq sifariş olunan mallar Valeriy Zaxarenkovun şirkətlərinin ABŞ sanksiyaları altına düşdüyündən istehsal olunduqları ölkədə saxlanılıb. Buna səbəb isə Rusiya - Ukrayna müharibəsi olub. Digər tərəfdən "Günay bank" bağlandığı üçün Konstantin Kuçer Zaxarenkovun şirkətlərindən onun hesablarına köçürülən pulları qaytara bilməyib.
Təqsirləndirilən şəxs xuliqanlıq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, onun ofisinə Valeriy Zaxarenkov, Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev, Oleq Bakinski, Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanov birgə gəliblər. O, Oleq Bakinskinin Valeriy Zaxarenkov və digəriləri ilə birgə görəndə təəccüblənib. Onu əvvəldən tanıdığından Oleq Bakinskinin Valeriy Zaxarenkov və digəriləri ilə birgə onun ofisinə gəlmə səbəbini anlamayıb. Söhbət müqavilələr üzrə istehsalçı şirkətlərə ödəmələrdən getdiyindən həmin vaxt o, ofisin digər otağından ödəmə barədə qəbzləri götürmək üçün otaqdan çıxıb. Qayıdanda isə artıq Valeriy Zaxarenkovun ofisdə görməyib:
"Mən sənədləri götürmək üçün beş dəqiqə vaxt istəyib çıxdım. Geri qayıdanda gördüm ki, Valeriy Zaxarenkov artıq gedib. Nəsə münaqişə baş verməsindən xəbərim olmayıb. Otaqda da hər şey qaydasında idi, şübhə doğuracaq heç nə yox idi" - təqsirləndirilən Konstantin Kuçer belə deyib. Bundan sonra zərərçəkmiş Valeriy Zaxarenkov sərbəst ifadə verib.
Deyib ki, Konstantin Kuçer Oleq Krapivini ona şəriki kimi təqdim edib. Zərərçəkmiş həmçinin, təqsirləndirilən şəxslərin hər ikisinin ona xəsarət yetirdiklərini, su şüşəsi atdıqlarını, şüşələrdən birinin başına dəyib yardığını, buna görə də xəstəxanaya aparıldığını və orada tibbi yardım aldığını deyib. Ertəsi gün isə baş verənlərlə bağlı polisə şikayət etdiyini bildirib.
Zərərçəkmişin ifadəsi ilə təqsirləndirilən şəxslərin ifadəsi ziddiyyət təşkil edib.
Oleq Krapivin bir daha zərərçəkmişə heç bir xəsarət yetirmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Valeriy Zaxarenkov öz növbəsində başında xəsarət izlərinin olduğunu, tibbi ekspertizanın rəyində də hər şeyin əks olunduğunu bildirib.
Məhkəmə prosesi fevralın 12-də davam edəcək.
Qeyd edək ki, “Oleq Bakinski” ötən ilin iyulunda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq , Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
K.Konstantin isə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Valeriy Nikolayeviç Zaxarenkov tanınıb.
Abbas