RU

Son finalçı mübarizəni dayandırdı - İCMAL

Fevralın 4-də İtaliya kubokunun 1/4 finalına start verildi. Çərşənbə günü isə bu mərhələnin ikinci oyunu keçirildi. Diqqəti daha çox cəlb edən nəticə son finalçının mübarizəni dayandırması oldu.

Qeyd edək ki, reqlamentə əsasən, turnirin yarımfinalına qədər olan bütün mərhələlərinin qalibləri biroyunluq mübarizə nəticəsində müəyyən edilir. “Atalanta” 1/4 finalda “Bolonya” ilə öz meydanında oynadığından ev sahiblərinin mərhələni adlamaq şansı yüksək dəyərləndirilirdi. Lakin son finalçı olan berqamolular rəqibin güclü müqaviməti ilə üzləşdilər. Oyun təxminən bərabər mübarizə şəraitində keçdi. Qarşılıqlı hücumlarla zəngin olan matçda hər iki komanda qapıya eyni sayda – 13 zərbə endirdi. Meydan sahibləri dəqiq zərbələr üzrə 5:3 hesabıyla üstün olsa da, qonaqların qapıçısı Skorupski bütün zərbələri zərərsizləşdirdi. Nəhayət, 80-ci dəqiqədə qurulan hücumda Kastro müdafiəçi Likoyannisin ötürməsi ilə “Bolonya”nı hesabda önə keçirdi. Turnirin son finalçısı qalan vaxtda bu qola cavab verə bilməyincə mübarizəni dayandırmalı oldu.

“Atalanta”dan fərqli, “Milan” ertəsi gün “Roma” ilə oyunda meydan sahibi statusundan məharətlə yararlandı. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Serjio Konseysaonun komandası Sviların qoruduğu qapı qarşısında gərginlik yaratdı. Qonaqların qapıçısı Reyndersin zərbəsini dəf etsə də, hücumu davam etdirən ev sahibləri hesabı açdılar: Ernandesin asmasını başı ilə tamamlayan isə “Roma”nın sabiq hücumçusu Abraham oldu. Bundan sonrakı mübarizə qarşılıqlı hücumlarla yadda qaldı. Şomurodovun zərbəsinə qapıçı Menyan reaksiya verdi, az sonra Tomorinin baş zərbəsi dəqiq alınmadı, Pizilli isə topu tirə tuşladı. Fasilə ərəfəsində romalıların yol verdiyi səhvdən “Milan” maksimum yararlandı: Ernandesin növbəti ötürməsini qəbul edən Abraham ikinci topu qapıdan keçirdi. Fasiləyə az qalmış Menyan Dibalanın cərimə zərbəsi ilə fərqi azaltmasına mane oldu.

“Milan”a yenicə qoşulan Uoker ikinci hissənin əvvəlində hesabı darmadağın həddinə çatdırmağa yaxın oldu, lakin ingilis müdafiəçinin zərbəsindən sonra top tirə dəydi. Mübarizəyə fasilədən sonra qoşulan Dovbik 54-cü dəqiqədə Anxelinyonun ötürməsi ilə fərqi azaltdı. Ancaq qonaqların geridönüş etmək cəhdləri bir nəticə vermədi. Əvəzində milanlıların meydana hissənin ortalarında çıxan iki yeni oyunçusu 3-cü qolu təşkil etdi: Feliş Santyaqo Ximenesin ötürməsi ilə qırmızı-qara formadakı debütünü qolla qeyd etdi. Beləliklə, Konseysaonun komandası İtaliya kubokunun ikinci yarımfinalçısı oldu.

1/4 final
Atalanta – Bolonya 0:1

Kastro, 80.
Atalanta: Patrisio, Toloy (Poş, 72), Cimşiti, Hin, Bellanova, De Roon, Zappakosta (Kuadrado, 59), Ederson, Paşaliç (Samarciç, 59), De Ketelare (Breşianini, 59), Retegi (Maldini, 59).
Bolonya: Skorupski, Likoyannis, Lukumi, Beukema, Holm, Fröyler, Pobeqa (Kazale, 78), Fabbian (Moro, 66), Odqor (Dominges, 40), Dallinqa (Kastro, 78), Ndoy.

Milan – Roma 3:1
Abraham, 16; 42. Feliş, 72 – Dovbik, 54.
Milan: Menyan, Ernandes, Pavloviç, Tomori, Uoker, Fofana, Reynders, Musa (Sottil, 90), A.Ximenes (Leao, 70), Pulişiç (Feliş, 59), Abraham (S.Ximenes, 59).
Roma: Svilar, Ndika, Hummels (Nelsson, 80), Çelik (Rensx, 46), Kone, Paredes (Lorentso Pelleqrini, 46), Pizilli, Anxelinyo, Salemakers (Əl-Şaaravi, 80), Dibala, Şomurodov (Dovbik, 46).

Bu mərhələnin “İnter” – “Latsio” oyunu fevralın 25-də, “Yuventus” – “Empoli” oyunu isə fevralın 26-da keçiriləcək.

Избранный
5
football-plus.az

1Источники