RU

Rəsmi nikahdan kənar doğulan uşaqların atası necə müəyyən edilir? - AÇIQLAMA

Azərbaycanda rəsmi nikaha daxil olmadan ailə həyatı quran insanların sayı kifayət qədər çoxdur. Bu barədə rəsmi rəqəmlər açıqlanmasa da, müşahidələr belə deməyə əsas verir.

Həmçinin, Dövlət Statistika Komitəsi hər il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayını açıqlayır. Bu statistikadan ölkədə vətəndaş nikahlarının sayı tam məlum olmasa da, mövcud vəziyyət barədə fikir irəli sürməyə kifayət edir.

Ölkəmizdə son illərdə rəsmi nikahdan kənar doğulan uşaqların azalsa da, bu sahədə tendensiyanın hələ də yüksək olmağa davam edir. 

Son statistikalar göstərir ki, 2023-cü ildə rəsmi nikahdan kənar 15 622 uşaq doğulub ki, onların 6019-u şəhər, 9603-ü isə kənd ərazisində dünyaya gəlib. Son 10 il ərzində 2016-cı ildə nikahdan kənar doğulan uşaqlar sayında rekord göstərici müşahidə olunub. Həmin ildə 26 288 uşaq nikahdan kənar doğulan uşaq kimi qeydə alınıb, onlardan 16 696-ı kənd, 9592-i isə şəhər ərazisində dünyaya gəlib. 

Pandemiya dövründə də rəsmi nikahdan kənar doğulan uşaqların sayı çox olub. 2019-cu ildə 21 453, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 556, 2022-ci ildə isə 18 814 uşaq rəsmi nikahdan kənar doğulub.

2025-ci ilin ikinci yarısından etibarən qohum evliliyinə rəsmi şəkildə qadağa qoyulacaq, həmçinin nikah yaşının müəyyən səbəblərdən 1 il azaldılmasına da icazə verilməyəcək.

Bəzi ekspertlər iddia edir ki, qohum evliliyinə qoyulan qadağa vətəndaş nikahlarının artmasına səbəb ola bilər.

Bəs rəsmi nikahdan kənar doğulan uşaqların atalarının müəyyən edilməsi necə baş verir?

Modern.az məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə ilə həmsöhbət olub. O bildirib ki, Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

“Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.

Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər”.

Избранный
37
modern.az

1Источники