İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir.
Modern.az xəbər verir ki, bu barədə bazar ertəsi Malayziyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vasitələr axtarmalıdır”, - Türkiyə lideri deyib.
Yanvarın 19-dan etibarən İsrail və Fələstinin HƏMAS hərəkatı arasında İsrail həbsxanalarında olan fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs rejimi qüvvədədir.
42 gün ərzində 33 israilli girov və 1000-ə yaxın fələstinli məhbusun azad edilməsini nəzərdə tutan sazişin birinci mərhələsi çərçivəsində artıq beş mübadilə həyata keçirilib. Bu mübadilələr nəticəsində İsrail tərəfi 21 girovu geri qaytarmağa nail olub.