2024-cü ilin sonuna Çində 6,1 milyon nikah qeydə alınıb. 2023-cü illə müqayisədə ölkədə nikahların sayı 20,5% azalaraq statistika aparıldıqdan sonra, yəni 1986-cı ildən bəri ən aşağı həddə çatıb. Üstəlik, evliliklərin sayının azalmasına baxmayaraq, Çində boşanmaların sayı il ərzində 1,1% artaraq 2,82 milyona çatıb.
HİT.az xəbər verir ki, “South China Morning Post” Çin Xalq Respublikasının Mülki İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb.
Çində 13,5 milyon cütlüyün münasibət qurduğu 2013-cü ildən bəri nikahların sayı durmadan azalır. Növbəti 11 il ərzində qeydiyyatların sayında yeganə artım 2022-ci ilin sonunda qeydə alınıb ki, bu da ölkədə koronavirusla bağlı sərt məhdudiyyətlərin aradan qaldırılması və dövlət qurumlarının normal fəaliyyətinin bərpası ilə bağlı olub.
Son illər nikahların sayı ilə yanaşı, doğum nisbəti də azalmaqdadır. 2024-cü ildə bu göstəricidə cüzi artım qeydə alınıb - 0,38%. Lakin ekspertlərin qeyd etdiyi kimi, Çində uşaqların böyük əksəriyyətinin nikahda doğulduğunu nəzərə alsaq, 2024-cü ildə qeydiyyatdan keçənlərin sayının kəskin azalması, şübhəsiz ki, yaxın illərdə doğum nisbətinin azalması ilə nəticələnəcək.
Samir