"Hər iki komanda mübarizə apardı. Çətin oyun oldu. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 22-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O, Ramon Maçadonun yoxluğunun oyunlarına təsir etdiyini bildirib: "Desəm ki, təsir etmir, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Ayyub Alaş isə iki gündür bizə qoşulub. Ona da vaxt lazımdır".
E.Baxşıyev qeyd edib ki, hazırkı heyətlə həm kubok, həm də Premyer Liqada mübarizə apara bilərlər: "Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm və inanıram. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik".