Deputat: "Uşaqların zərərli oyunlar barədə maarifləndirilməsində mətbuatın üzərinə böyük iş düşür"
"Təhsil toplumun və xalqın gələcəyini formalaşdırır. Bütün sahələrin bünövrəsi keyfiyyətli təhsildən keçir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq uğurlu təhsil kamil insan yetişdirir. Biliyi qazanmaq və ötürməklə şəxs özünü cəmiyyətdə təsdiq edir. Bu mənada məktəblərin missiyası əvəzolunmazdır. Məktəb sosial cəmiyyətdir, pedaqoq fəaliyyəti ilə birlikdə uşaqlara digər keyfiyyətlərin də aşılanması üçün yerdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
"Şəxsiyyətin yetişməsi ilə bağlı məsələ məktəbin cəmiyyət üçün dəyərini əvəzsiz edir. Hər bir dövlət təlim və tərbiyə məsələsinə xüsusi diqqət ayırmalıdır. Azərbaycanda təhsillə bağlı kifayət qədər proqramlar, qanunlar mövcuddur. Dövr sürətlə dəyişir. Və bu dəyişimdən dəyərlərin də forması dəyişir. Yeni cərəyanlar, sərhədsiz dəyərlər yaranır. Kiçik yaşda uşaqlar bu dəyişimin mənfi tərəflərini götürə, üzərində işlənilməsə həyat tərzinə çevrilə bilər.Bu məsələdə əsas risk altında olan gənclər və uşaqlardır. Virtual oyunlar arasında maarifləndirici oyunlar olsa da, xeyir və şər pararlel hərəkət edir. Hətta uşaqları həyatına son verməsi üçün təkid edəcək oyunlar bütün dünyada dolaşır. "Mavi balina" oyununa görə 2 uşaq canına qəsd etmişdi. İndi isə eşidirik ki, məktəbdə 5-ci sinif şagirdinə üzərində oyun adı olan müəmmalı kağız verilir. Həmin oyun dünyanın bir neçə yerində qadağan olunub. Təhsil verən tərəf, psixoloqlar, təhlükəsizlik və.s hər biri komplex şəkildə işləməlidir. Valideynlər də övladlarının oxuduğu məktəblə, müəllimlərlə sıx əlaqədə olmalıdırlar".
Deputatın sözlərinə görə, cəmiyyətin digər sahəsi olan mətbuat, informasiya, televiziyanın da üzərinə böyük iş düşür:
"Zərərli vərdişlərin qarşısını almaq üçün yazılar yazılmalıdır. Tv və sosial şəbəkələrdə bu sahədə mütəxəssis olan insanların çıxışları olmalıdır. Bu mövzular lakonik, maraqlı formalarda işlənməlidir, çünki uzun materiallar uşaqların fikirlərini cəlb etmir. Təbliğat məsələləri uşaqların ruhuna uyğun olaraq ciddi şəkildə aparılmalıdır. Ciddi, düşünülmüş mütəxəssis rəyləri təbliğat rolunda olmalıdır. Məktəbdə müəllimlər tərəfindən tədbirlər keçirilməli, tanınmış jurnalistlər, simalar dəvət edilməlidir. Məktəbdənkənar asudə vaxtın keçirilməsi üçün planlar qurulmalıdır. Uşaqlar həm də vətənpərvər və milli-mənəvi ruhda tərbiyə edilməlidir. Dərsdən kənar məşğuliyyət olaraq idman xüsusi yer tutur. Uşaqların idman, musiqi ilə məşğul olması onların sağlam insan kimi yetişməsində xüsusi rol oynayır".