RU

Azərbaycanın anti-dron dəyənəyi | ARAŞDIRMA

”Qroza-S” kompleksi yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarını ələ keçirə bilir. Birinci halda aşkarlama məsafəsi 10 kilometr, ikinci halda 50 kilometrə qədərdir. Məlumatların yerüstü PUA idarəetmə məntəqəsinə ötürüldüyü radiokanal 10 km.-ə qədər məsafədə basdırıla və ya 30 km məsafədə PUA qəbuledicisinin boğulması təmin edilə bilər. Basdırma kanallarının enerji potensialı 300 vattdan az olmamalıdır. Müdaxilə tətbiq edilərkən idarəetmə paneli komandaları ötürmə qabiliyyətini itirir, aparatın özü isə telemetrik, video və s. siqnalları qəbul edə bilmir.

“Qroza-S” kompleksi 6x6 formullu özüyeriyən avtomobil şassisi üzərində qurulub. Şirkət bu kompleksi daha kiçik ölçülü 4x4 "Volat" zirehli vasitəsinə və ya 4x2 mikroavtobus platformasına inteqrasiya edə bilir. Azərbaycanın 6x6 variantına üstünlük verməsi kompleksin tətbiq ediləcəyi ərazilərin dağlıq relyefi ilə bağlıdır.

Kompleks döyüş meydanına çatdırıldıqdan sonra stansiyanın işə hazırlanmasına 10 dəqiqədən az zaman tələb olunur. Daşıyıcının daxilində operatorlar üçün iki avtomatlaşdırılmış iş yeri, radiotexniki kəşfiyyat və REM modulları, bir sıra anten dəstləri və s. yerləşdirilir. Bütün avadanlıqların fəaliyyəti avtonom elektrik enerjisi mənbəyi vasitəsilə təmin olunur.


Düşmən PUA-ları ilə mübarizənin daha çətin, lakin az maraqlı və perspektivsiz olmayan bir metodu da “peyk naviqasiyasının spufinqi” adlanır. Bu metodun mahiyyəti GPS, GLONASS, “Galileo” və ya “Beidou” sistemlərinə aid naviqasiya peyklərinin siqnallarını basdırmaqdan ibarətdir. Bu halda basdırılma müdaxilə ilə deyil, peykin PUA-ya ötürdüyü siqnalın ələ keçirilərək, təqlid olunması ilə həyata keçirilir. Müvafiq siqnalların istifadəsi PUA-nın idarəetmə qurğusunun yanılmasına səbəb olur. Belə bir təsir sayəsində PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir və REM stansiyasının saxta siqnallarını icra etməyə yönəlir. PUA-ları səhv istiqamətə yönləndirmək onlarla mübarizənin yollarından biridir.

“Qroza-S” kompleksinin spufinq metodu ilə istifadəsi 20 km-lik məsafədə məhdudlaşır. Kompleksin bu funksiyası Ermənistanın pilotsuz vasitələrini dəfələrlə mühafizə olunan zonadan uzaqlaşdırmağa, bəzən izə yerə endirməyə imkan verib.

Azərbaycan Vətən Müharibəsində digər REM vasitələrindən də istifadə edib. Bunlardan biri də Suriyada Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla tətbiq edilən “Koral” radioelektron mübarizə kompleksidir. “ASELSAN” şirkəti tərəfindən hazırlanan kompleks düşmənin radioelektron vasitələrini, rabitəsini, radarlarını, naviqasiya sistemini və digər bu kimi texnikalarını sıradan çıxarmaq imkanına malikdir. Onun vasitəsilə hava hücumundan mübarizə sistemlərinin yayındırılması və proqram təminatına müdaxilə mümkündür. Döyüşlərdə istifadəsi rəsmən təsdiqlənmədiyi üçün “Koral” üzərində geniş dayanmırıq. Bu haqda əvvəlki bölmədə danışmışıq.

2017-ci ildə isə Azərbaycanın keçmiş müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi üzərində işə başladığı barədə məlumat vermişdi. Amma sonra bu barədə çox danışılmadı.


Azərbaycan Ordusunun dəfələrlə düşmənin PUA-sını ərazimizdə yerə endirməsi heyətin üstün mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir, döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında vacib rol oynayır. Azərbaycan Ordusunun Ermənistana aid PUA-ları ələ keçirməsi qarşı tərəfin sərhədlərimizdə nəinki gözlənilməz əməliyyatlar, hətta kəşfiyyat xarakterli uçuşlar keçirmək imkanlarının da məhdud olduğunu göstərir.

Azərbaycan Silahlı Qüvvələri müharibədən sonra da dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində “Qroza-S” radioelektron mübarizə kompleksindən istifadə etməklə Ermənistan silahlı qüvvələrinə məxsusRusiya istehsalı “Qrifon-12” tipli pilotsuz uçuş aparatını aşkarlayıb, yerə endirməklə bu sahədə üstünlüyünü isbatlamışdı.

Türkiyə ilə müttəfiqliyimizi nəzərə alsaq, PUA əleyhinə lazer silahı Azərbaycan üçün əlçatan məsafədədir.


PUA, PUA sürüləri və onlara qarşı vasitələrin yaxın 25 ilin perspektiv silah sistemləri olacağı şübhəsizdir. Qırıcıların belə pilotsuz versiyada istehsalı uzaqda deyil. Pilotsuz vasitələrin modelləri artdıqca, onlara qarşı yeni mübarizə vasitələri də inkişaf etdiriləcək. İstehsalçıların maraqları PUA-larını bazarda daha uzun müddət qalmasını təmin etməkdən ibarətdir. Bunun üçün bəzi istehsalçıların sürü konsepsiyasına keçidi müşahidə olunur. Hazırda PUA-lara qarşı müxtəlif mübarizə metodlarından istifadə edən müxtəlif silah sistemləri hazırlanır, lakin onların kütləvi PUA sürüsünün hücumuna qarşı imkanlarını təsdiqləyən faktlara rast gəlinmir.Deməli, ən azından “PUA sürüsü və onlara qarşı müxtəlif effektiv mübarizə vasitələrinin hazırlanması” mövzusu hələ uzun müddət sənaye şirkətlərinin gündəmində olacaq.

AzVision.az -ınAnalitik Qrupu
Избранный
8
azvision.az

1Источники