RU

Bağçada uşaqların ağzına niyə "skoç" vurulub? -

Gəncə şəhərində fəaliyyət göstərən "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb. Bununla bağlı görüntünü azyaşlılardan birinin valideyni Metbuat.az-ın qaynar xəttinə göndərib. Uşağın atası müəllimin bu əməli ilə bağlı şikayətçi olduğunu bildirib. O qeyd edib ki, narazılığını bağça rəhbərliyinə bildirdikdə ona “bu sadəcə oyundur, hara şikayət edirsənsə, et” cavabı verilib. Valideyn isə deyir ki, belə oyun olmaz. “Uşağımızı nəsə öyrənməyə ora qoyuruq, ancaq orada da uşağın ağzını “skoç”layırlar”. Valideyn əlavə edib ki, şikayətlərindən sonra onun qapısına bir neçə nəfər gələrək təhqir və təhdid yağdırıb: “Mən özüm hazırda işlə bağlı Almaniyadayam. Yoldaşımı orada narahat edirlər. Nömrəsinə digər valideynlər, bağça rəhbərliyindən zənglər gəlir. Təhqir edirlər. Hələ qapıma da bir neçə nəfər gəlib, hamısının görüntüsü kameralarda var”. Məsələ ilə bağlı "Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova ilə əlaqə saxladıq. O, Metbuat.az-a açıqlamasında bildirib ki, həmin görüntülər sonadək yayımlanmayıb və şantaj məqsədi güdür. “Bu sadəcə oyundur. Digər uşaqların valideynləri də narahatdır ki, nəyə görə bizim uşağımızın görüntülərini paylaşıblar? Bütün valideynlər yığılıb həmin valideyni məhkəməyə verəcəklər. Bizim rəhbərimiz də şəhid Xuduş Kərimovun həyat yoldaşı Əfsanə Kazımovadır. Bu qədər sayt bir nəfərin sözü ilə heç nəyi dəqiqləşdirmədən yazıb paylaşıblar. Orada müəllimin, camaatın uşağının üzü düşüb”. P.Muradova şikayətçi valideynin evinə gedilməsi barədə də açıqlama verib: “Bizim mərkəzdən heç kim onların evinə getməyib, heç evlərini tanımırıq. Ancaq şəhidin dostları, qazilər hətta icra hakimiyyətinədək gedib çıxmışdılar ki, yoldan ötən bir nəfər bizim şəhid qardaşımızın mərkəzinə şər atmaq istəyir. Əslində, daha əvvəl uşağın anası şəxsən məni şantaj edirdi ki, bu görüntüləri yayacam. Mən də dedim ki, biz burada pis bir şey etmirik, oyun keçiririk. Pis nəsə etmək istəyən kameranın altında etməz. O “skoç”dan psixoloq-loqoped də istifadə edir. Oyunu keçirən müəllimə günahsız biridir. Həmin görüntülərdən sonra psixoloji sarsıntı keçirdi, işə gəlmədi”.Bu kimi hallarda bağçalara hansı qurumun nəzarət etməsi ilə bağlı maraqlandıq. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mətbuat Xidmətindən redaksiyamıza bildirildi ki, sözü gedən bağça özəldir və heç bir Regional Təhsil İdarəsinin tabeliyində deyil. Yalnız dövlət bağçaları təhsil idarələrinin tabeliyində olur.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
88
10
metbuat.az

10Источники