RU

Yaqland AŞPA-nın baş katibi postunda antiazərbaycan fəaliyyətlərinin mükafatını aldı...

Image

Əli Orucov: “Ermənilər bir vaxtlar Yaqlandın onlar üçün etdiklərini bu gün mükafatlandırırlar”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Norveçə rəsmi səfəri çərçivəsində Avropa Şurasının keçmiş baş katibi, Norveçin keçmiş baş naziri Torbyorn Yaqland ilə görüşüb. 

Görüş zamanı Mirzoyan və Yaqland regional hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar. XİN rəhbəri Yaqlandı Ermənistanın “Şərəf” ordeni ilə təltif edib. O, öz növbəsində Ermənistana bağlı olduğunu bildirib. Mükafatlandırma mərasimində nazir Mirzoyan qeyd edib: “Sizə bu ordeni təqdim etmək mənim üçün böyük şərəfdir. Bu, demokratiyamıza, eləcə də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə verdiyiniz töhfənin tanınmasının əlaməti və sübutudur”.

T.Yaqland öz növbəsində bunu qeyd edib: “Bu ordeni almaq böyük şərəfdir, böyük məmnunluqdur”.

Ermənilərin Yaqlanda olan sevgisi, bu isti münasibəti təsadüfi deyil. Məlumat üçün qeyd edək ki, T.Yaqland 2009-cu ilin 1 oktyabrından 2019-cu ilin sentyabınadək Avropa Şurasının baş katibi olub. Onun quruma rəhbərlik etdiyi dövrdə AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı qətnamə qəbul etməyib. Halbuki, Yaqlanddan əvvəl AŞPA 25 yanvar 2005-ci il tarixində “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnamədə işğalı pisləyib. Parlament Assambleyası bu qətnamədə yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşdüyünü, Azərbaycan ərazisinin xeyli hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini təəssüflə qeyd edib. Qətnamədə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə dair çağırış var. Yaqland baş katib olandan sonra belə qətnamələrə imkan vermədi. 26 yanvar 2016-cı il tarixdə Assambleyanın plenar iclasında Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabat müzakirə edilsə də, qurumda bununla bağlı tutarlı qətnamə qəbul edilməyib. Çünki Yaqland bunda maraqlı deyildi. Yaqland Azərbaycanın qaçqın və köçkünlərinin düşdüyü ağır durumla bağlı yardımın göstərilməsini Avropa Şurasının gündəliyinə çıxarmağa imkan vermədi. Bəhanə bu idi ki, qurumun belə səlahiyyəti yoxdur. 2019-cu ilin avqustunda Nikol Paşinyan Xankəndiyə qanunsuz səfər edib “Qarabağ Ermənistandır” deyib danışıqlar prosesini baltalayanda Yaqlandın baş katib olduğu Avropa Şurası kar və kor olaraq bu təxribatı görməzdən gəldi. İndi onun Ermənistana bir vaxtlar göstərdiyi bu xidmətləri Mirzoyan belə mükafatlandırır.

“Məhz onun baş katibliyi dövründə Ermənistanın işğalçılıq fəaliyyətini pisləyən qərarlara imkan verilməyib”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov qeyd etdi ki, Yaqland AŞ baş katibi olanda hər zaman Ermənistanın maraqlarının qorunmasına xüsusi önəm verib: “Məhz onun baş katibliyi dövründə Ermənistanın işğalçılıq fəaliyyətini pisləyən qərarlara imkan verilməyib. Ən yaxşı halda hansısa hesabat hazırlanıb ki, bu da formal xarakterli olub. Yaqlandın baş katibliyi dövründə Avropa Şurası Qarabağsız Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində xüsusi canfəşanlıq edib. Həmin dövrdə hər vasitə ilə çalışırdılar ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla sərhədləri açsın. Bu, hələ məsələnin görünən tərəfidir. Məsələnin görünməyən o qədər məqamları var ki, onlar bizə məlum deyil. Ona görə də ermənilər bir vaxtlar Yaqlandın onlar üçün etdiklərini bu gün mükafatlandırırlar”.

Vidadi ORDAHALLI





Избранный
33
baki-xeber.com

1Источники