RU

Soyuq qış aylarında evsizlərə necə yardım edilir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Soyuq qış aylarında evsiz və kimsəsiz şəxslərin vəziyyəti daha da çətinləşir. Daldalanacaq yer tapa bilməyən insanlar yardımsevər vətəndaşların dəstəyinə möhtac olurlar. Bir neçə gündür, Bakıda soyuq və şaxtalı günlər başlayıb. Bəs bu dövrdə isti yer, yemək və geyimə ehtiyacı olanların tələbatı necə qarşılanır? Dövlət bu şəxsləri hansı yardımlarla təmin edir?
Oxu.Az mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan deyilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir və müəssisə baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir: 
"Müəssisəyə qəbul olunanlara burada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir. Müəssisənin müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 50 şəxs dövlət qayğısı ilə əhatə olunur. Bu ilin əvvəlindən müəssisənin müxtəlif şöbələrinə ümumilikdə 12 nəfər qəbul edilib. Onların arasında yetkinlik yaşına çatmayanlar olmayıb". 
Sığınacağa  qəbul qaydalarına gəlincə, bildirilib ki, uyğun olaraq şəxs müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəssisəsi tərəfindən yoxlanılır, həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur: 
"Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Sığınacağa qəbul edilənlərin hər birinin vəziyyəti nəzarətdə saxlanılır, onlarla fərdi iş aparılır, daha sonra isə həmin şəxslər cəmiyyətə reinteqrasiya edilirlər. Müəssisəyə qəbul edilən hər bir şəxs üçün mütəxəssislər tərəfindən fərdi plan tərtib edilir və plana uyğun olaraq sosial reabilitasiyası həyata keçirilir". 
"Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya "DOST" mərkəzləri vasitəsilə aparılır. Həmçinin vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 "WhatsApp" sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər", - deyə məlumatda bildirilib. 
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, fevral ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. 
Aləmdə Nəsib 
Избранный
18
oxu.az

1Источники