RU

Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

"Report" xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.
Избранный
101
12
sherg.az

10Источники