RU

Berlində ictimai nəqliyyat işçilərinin tətili davam edir

Berlin İctimai Nəqliyyat Şirkətinin (BVG - Berliner Verkehrsbetriebe) işçiləri əməkhaqqının artırılması və daha yaxşı iş şəraiti tələbi ilə etirazları davam etdirirlər. Almaniya paytaxtında avtobus, metro və tramvayların hərəkəti tamamilə dayanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, BVG işçiləri Almaniyanın ən böyük həmkarlar ittifaqları təşkilatlarından olan Verdinin rəhbərliyi ilə etirazları gücləndirərək, işəgötürənlərdən daha ədalətli təkliflər tələb edirlər.

Aksiya zamanı yüzlərlə BVG əməkdaşı Berlinin nəqliyyat administrasiyasının qarşısında toplaşaraq, senator Ute Bondeyə petisiya təqdim edib. İşçilər martın 21-dək qənaətbəxş təklif verilmədiyi təqdirdə müddətsiz tətillərə başlayacaqları barədə xəbərdarlıq ediblər.

Verdi həmkarlar ittifaqı əməkhaqqının dərhal 750 avro artırılmasını, 13-cü maaşın (bayram müavinəti) tətbiqini və əlavə növbə əlavələrinin verilməsini tələb edir. BVG rəhbərliyi isə maaşların 15,3 faiz artırılmasını təklif etsə də, bu, işçiləri qane etmir.

Verdi Almaniya paytaxtının ictimai sektorunda daha genişmiqyaslı tətillər elan edib. Fevralın 13-14-də səhiyyə, kommunal xidmətlər və digər dövlət müəssisələrinin əməkdaşları işlərini dayandıracaqlar. Növbəti danışıqların fevralın 17-18-də Potsdamda davam etdirilməsi planlaşdırılıb.

BVG rəhbərliyi bu cür sərt tətilləri əhalinin əleyhinə olduğunu iddia edərək işçiləri kompromisə çağırır. Lakin həmkarlar ittifaqı reallıqdan uzaq maaşların və ağır iş şəraitinin dəyişmədiyi təqdirdə etirazları davam etdirəcəyini açıqlayıb.

Избранный
4
3
sia.az

4Источники