RU

"İş qrafiklərinin dəyişdirilməsi əlilliyi olan şəxslərin inteqrasiyasına töhfə verəcək" - QHT sədri

"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında iş qrafiklərinin dəyişdirilməsinin tıxacların azalması və əlilliyi olan şəxslərin iş həyatına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Onun sözlərinə görə, bir neçə il öncə QHT-lər iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürüblər və bu yanaşma ölkədə nəqliyyat sıxlığının azalması üçün real variant hesab olunurdu. "Bu gün bu məsələnin müzakirəsi daha aktualdır. İşəgötürənlər əlilliyi olan şəxslərin digərləri ilə bərabər əmək fəaliyyəti ilə məşğul olmasını təmin etməlidir", – deyə QHT sədri bildirib.

İctimai Birliyin sədri mövcud qanunvericiliyə əsasən, orqanizm funksiyasının 61-100 faiz pozulması səbəbindən əlilliyi müəyyən edilmiş işçilərin həftəlik iş saatının 36 saatdan artıq olmamalı olduğunu vurğulayıb. Bundan əlavə, əlilliyi olan şəxslər gecə növbəsinə yalnız onların yazılı razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında cəlb edilə bilərlər. "Bu şəxslərin iş saatı digərlərinə nisbətən bir neçə dəqiqə tez bitir", – deyə o əlavə edib.

Səbinə Kərimova qeyd edib ki, dəyişkən iş qrafiki dövlət orqanları, büdcə təşkilatları və tədris müəssisələrində işləyən əlilliyi olan şəxslər üçün müəyyən problemlər yarada bilər. Lakin ümumilikdə bu dəyişiklik onların işə uyğunlaşmasına ciddi maneə törətməyəcək. "Hazırda işləyən əlilliyi olan şəxslər üçün ən böyük problemlərdən biri tıxacdır. Nəqliyyatda itirilən zaman onlar üçün daha böyük çətinlik yaradır. İş qrafiklərinin dəyişdirilməsi qanunvericiliklə tənzimlənməlidir və bu addım şəhərdə nəqliyyat sıxlığının azalmasına, əlilliyi olan şəxslərin nəqliyyatdan istifadəsinin asanlaşmasına və onların cəmiyyətə daha çox inteqrasiya etməsinə imkan yaradacaq", – deyə o fikrini tamamlayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
22
qht.az

1Источники