Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Dmanisi rayonunun Qarabulaq kəndində həftəsonu məktəb fəaliyyətə başlayıb.
Senzor.az bildirir ki, “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə açılan məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar üçün ana dilini və gürcü dilini dərindən öyrənmək üçün lazımi şərait yaradılıb.
Mərkəzin rəhbəri Kamran Xıdırov deyib ki, kurslara ixtisaslı müəllimlər cəlb olunub və onlar uşaqların Azərbaycan dilini mükəmməl öyrənməsinə böyük maraq göstərirlər. “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi uğurlu layihələrdən biri də rayonumuzda "bazar günü" məktəbinin açılmasıdır. Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulan "bazar günü" məktəblərinin başlıca məqsədi yeni nəslə doğma dilimizin incəliklərini, zənginliyini, tariximizi, mədəniyyətimizi öyrətməkdir. Hazırda uşaq və yeniyetmələr üçün rayonun Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub və biz kurslarda gürcü dilinin də tədris olunmasını vacib hesab edirik, çünki hər iki kənd dağlıq zonada yerləşdiyi üçün əsasən Azərbaycan dilində ünsiyyətdə olurlar, digər tərəfdən şagirdlərimizin gürcü dilini mükəmməl öyrənməsi üçün kurslara gürcü müəllimini də cəlb etmişik”, - deyə K.Xıdırov bildirib.
Azərbaycan dili müəllimi Etiqam İcmayılov deyib: “Ana dilində danışmaq azərbaycançılıq ideologiyasının yaşadılması üçün əsas şərtidir. Kursa gələn uşaqlara Azərbaycan məktəblərində istifadə olunan "Əlifba" və "Ana sözü" dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şeirlər, yazıçılar haqda bilgilər verilir”.
"Bazar günü" məktəbinin gürcü dili müəllimi Maya Xmaladze isə bildirib ki, son illərdə Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə daxil olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolu var. İki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında da bu kurslar müstəsna rol oynayacaq.