RU

Hansı məhsulların beyin hüceyrələrinin məhvinə səbəb olduğu açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Demensiya - yaddaş, analitik qabiliyyətlər, diqqət, məkanda oriyentasiya kimi koqnitiv funksiyaların tədricən azalması ilə xarakterizə olunan simptomlar kompleksidir. Bu xəstəliyə ən çox altsheymer və damar demensiyası (beyində qan dövranının pozulması nəticəsində yaranır) səbəb olur. Demensiya, həmçinin ürək-damar, autoimmun xəstəlikləri, B qrupu vitaminlərinin kəskin çatışmazlığı, kəllə-beyin travmaları fonunda da inkişaf edə bilər".
Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə nevroloq Polina Lepilova xəbərdarlıq edib.
Onun sözlərinə görə, düzgün olmayan qidalanma bir-biri ilə əlaqəli xəstəliklərin - ateroskleroz, ürək-damar xəstəlikləri və demensiyanın inkişafına səbəb olur.
"Zərərli qidaların qəbulu qanda yağların balansının pozulmasına, damarların zədələnməsinə, iltihaba və beyin hüceyrələrinə zərər verən sərbəst radikalların əmələ gəlməsinə səbəb olur", - deyə həkim izah edib.
Lepilova bildirib ki, fastfud, qızardılmış qida, yağlı ət, marqarin, kərə yağının qəbulu kimi qida vərdişləri tərkibindəki transyağlar və doymuş yağlar səbəbindən sağlamlığa mənfi təsir göstərir.
"Bu maddələr "pis" xolesterin səviyyəsini artırır ki, bu da zamanla aterosklerozun inkişafına səbəb olur. Belə qidalanma, həmçinin neyronlara zərər verən sərbəst radikalların və iltihabın əmələ gəlməsinə səbəb olur", - deyə həkim qeyd edib.
Mütəxəssis, həmçinin tərkibində yüksək miqdarda duz olan məhsulların (gündə 5 qramdan çox) qəbulunu da risk faktoru kimi qiymətləndirib. Onun sözlərinə görə, belə qidalanma insult və arterial hipertenziyanın inkişafına gətirir, bunlar da öz növbəsində demensiyanın yaranmasına səbəb ola bilər.
"Tərkibində az miqdarda lif ilə (tərəvəz, meyvə, tam taxıl məhsulları) pəhriz də ürək-damar xəstəlikləri riskini özündə daşıyır. Çünki lif ümumi xolesterinin istehsalının, eləcə də şəkərli diabet riskinin azalmasına kömək edir. Spirtli içkilərin qəbulu isə damarların sağlamlığına mənfi təsir göstərir və beyin hüceyrələrinin normal işləməsi üçün zəruri olan B qrupu vitaminlərinin çatışmazlığına səbəb olur", - deyən həkim bütün bu xəstəliklərin demensiya ilə nəticələnə biləcəyini xatırladıb.
Mütəxəssis bildirib ki, əqli sağlamlığın qorunması üçün düzgün qidalanmanın da daxil olduğu kompleks tədbirlərin görülməsi vacibdir.
"Xüsusilə, təzə tərəvəz və meyvələr, tam taxıllar, qoz-fındıq, yağlı balıq növləri, yarma, az yağlı ət növləri və digər faydalı məhsulların qəbulunu nəzərdə tutan Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə olunur. Belə pəhriz antioksidantlar, faydalı omeqa-3 yağ turşuları və polifenollar kimi iltihabəleyhinə komponentlər hesabına koqnitiv funksiyaları yaxşılaşdırır", - deyə Lepilova sözlərini yekunlaşdırıb.
Избранный
12
3
oxu.az

4Источники