RU

ABŞ Ermənistanın silahlanmasına qarşıdır - ŞƏRH

Tramp administrasiyası Cənubi Qafqazda yeni münaqişə istəmir, Azərbaycanın maraqlarının nəzərə alınmasında maraqlıdır

Ermənistan fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşır. Bu barədə "Caliber"in yutub kanalında yayımlanan yeni süjetdə bildirilib. Məlumata görə, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək. Naxçıvan istiqamətində də Ermənistan silahlı qüvvələri yeni hava hücumundan müdafiə və radio-elektron döyüş mövqeyi qurublar. Bildirilir ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir. Xatırladaq ki, son günlər Ermənistan tərəfinin şərti sərhədlərdə aktivləşməsi müşahidə olunur. Kəlbəcər, Qazax və Naxçıvan istiqamətlərində döyüş mövqeləri gücləndirilir, səngərlər qazılır, müdafiə-istehkamları qurulur. 

Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, "Caliber"in məlumatlarının heç də yersiz olmadığı dəfələrlə təsdiqlənib. Deputatın sözlərinə görə, Ermənistanın təxribat hazırlığı içində olmasına dair xəbərlər də yersiz deyil: 

"Söhbət təkcə Fransadan getmir. Ermənistanın müdafiə naziri S.Papikyan yenə Hindistana gedib və niyə getdiyi aydındır. İranla Ermənistan arasında silahlanma ilə bağlı intensiv qapalı danışıqların getdiyi heç kimə sirr deyil. Ümumiyyətlə, Ermənistanın silahlandırılmasında İran heç də iddia etdiyi kimi "müsəlman təəssübkeşliyi" sərgiləmir, onun tamamilə əksini göstərir. Bu siyasət indi də davam edir. İranın Ermənistandakı səfirinin açıqlamaları da göstərir ki, məqsəd Cənubi Qafqazda sülhün yaranmaması və yeni toqquşmalara yol açılmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də səfərdə olarkən, həm Pentaqonun başçısı, həm də D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi ilə görüşmək istədi. Ancaq alınmadı. Bəs bu görüşlərə niyə cəhd edilirdi? Çünki hərbi məsələlər və Ermənistanın silahlandırılması müzakirə olunacaqdı. Keçmiş administrasiyadan fərqli olaraq Tramp hökuməti bu məsələdə ABŞ maraqlarından çıxış etməyi üstün tutur. "The National Interest" nəşrində 2024-cü ilin sentyabrında bir məqalə yayılmışdı, müəllifləri də haylar idi. Yazmışdılar ki, "Ermənistan ABŞ-nin bu regionda plasdarmına çevrilə bilər. Həm Rusiyaya, həm də Amerikanın sevmədiyi digər dövlətlərə qarşı..". Bu yaxınlarda sözügedən nəşrdə Azərbaycanla bağlı məqalə nəşr olundu və qeyd olundu ki, Azərbaycan ABŞ-nin Cənubi Qafqazda əsas müttəfiqi ola bilər. Amerikada hesab edirlər ki, Vaşinqton bu fürsəti qaçırmamalıdır. Paşinyanın ABŞ-yə 4 günlük səfərinin nəticələri də göstərdi ki, Tramp administrasiyası ABŞ-Ermənistan arasında imzalanmış strateji müttəfiqlik sənədini icra etmək niyyətində deyil. USAİD-in qapadılmasından sonra Ermənistan əsas maliyyə kanalını da itirib. Qısaca, Tramp administrasiyası Cənubi Qafqazda yeni münaqişənin yaranmamasında, Azərbaycanın maraqlarının nəzərə alınmasında maraqlıdır".

Parlament üzvü vurğulayıb ki, Avropa İttifaqının "mülki missiyası"nın Ermənistanda qalma müddətinin 2 il uzadılması o deməkdir ki, bütövlükdə Avropa Birliyi Fransanın təhriki ilə regionda sülh və sabitliyin olmasının ən azı 2 il qarşısını almağa çalışır: 

"Aİ "mülki missiya"nın son günlərdə şərti sərhədlərdə fəallaşması təsadüfi deyil. İndiki halda missiyanın orada olması, özlərini tez-tez göstərməsi Azərbaycana yönəlik çəkindirici mesaj anlamı daşıyır. Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, əgər Ermənistan ölkəmizin təhlükəsizliyi üçün təhdid sayılacaq güc toplayacaqsa, biz bunun qarşısını alacağıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan işğalçı dövlətdir. 30 il torpaqlarımızı işğal altında saxlayıb. Belə bir dövlətin yenidən silahlanaraq üzərimizə gəlməsinə heç kim imkan verməyəcək. Biz də verməyəcəyik. Kimsə bizə irad tuta bilməz. Şərti sərhədlərimizdə kim boy göstərsə, adekvat cavablarını alacaqlar. Əgər həqiqətən Ermənistanı düşünürlərsə, hay təəssübkeşliyi edirlərsə, o zaman qətiyyən ermənilərin silahlanmasına imkan verməməlidirlər".

Избранный
12
sherg.az

1Источники