Ölkədə, əsasən Bakı və Abşeronda həlli asan olan, amma həll edilməyən, getdikcə də dəhşətli nəticələrə aparan problemlərdən biri də sahibsiz küçə itləri problemidir. Qadın, uşaq, qoca demədən parçalayır, yeyir, qorxudub dəli edir, murdarlayır, bit - birə, gənə saçır. Küçələri nəcisə, sidiyə bürüyür, murdarlayır...
Getdikcə də törəyib artır, çoxalır. Gecə dükana getmək üçün darvazanı açırsan, qəfil 7-8 nəhəng it qarşına çıxır. Uşaq məktəbdən gəlir, döngədən dönəndə qəfil sürü ilə itlərlə üz - üzə gəlir. O dəfə cavan gəlin qız uşağı ilə dərzidən çıxırdı, qəfil böyük bir it qarşısına çıxdı. Qadın elə zənn etdi ki, it uşağı tutacaq. Bərk qışqıraraq özündən getdi, uşağın da bağrı yarıldı ağlamaqdan...
Yüzlərlə sakini dişləyib, xəsarət yetirib. İllərdir yazırıq, danışırıq, deyirik, baxan yoxdur. Demək olar ki, bütün telekanallar bu haqda süjetlər yayıb. Böyük avtomobillərə süvar olub ayağı yerə dəyməyən aidiyyatı məmurların heç tükü də tərpənmir. Düşünür ki, mənə dəyməyən ilan min il yaşasın...
Yazıq günlərə qalmışıq. Maddi çətinliklər, sosial problemlər bir yandan, it də bir yandan. Kimə neyləmişik, kimin toyuğuna daş atmışıq ki, bu zülmə düçar olmuşuq görəsən, İlahi?
O gün dayanacaqda qotur bir it silkələndi, yerə bir ovuc birə töküldü. Sonra dükandan qoğal yeyə-yeyə çıxan uşağın əlindən qoğal birələrin üstündə düşdü. Mən çatana kimi uşaq qoğalı yerdən götürüb dişlədi. Əlindən alıb kənara qoydum və dükana girib uşağa yeni qoğal aldım...
İtlərin bədənində böyük gənələr də var. Eləsi də var avtomobil vurub yarı şikəst halda küçələrdə dolaşır qanı axa-axa...
Bu boyda ölkədə bircə hektar yer tapılmır ki, bu zavallı heyvanlara bir dam tikib aparıb yığalar ora. İynəsini, dərmanını da verib normal qida ilə təmin edələr.
İlk görünüşdə adi görünsə də əslində dərin problemdir. Əgər it hüquqlarını qorumaqdırsa bəs insanların itlər tərəfindən pozulan hüquqları hara getdi? İtləri azad buraxmaq onların haqlarını qorumaqla da uyğun gəlmir. Çünki onlar da ac qalır, dərman və peyvənd olunmur, müalicə edilmir.
Bu qədər küçə itlərinin yollarda, məhəllələrdə dolaşmasına şərait yaradan qurum onların qidalanmasını sakinlərin qolu, qıçı, əti hesabına qərar veribsə bu, qanuna da, insanlığa da ziddir.
Əgər onlara aidiyyatı qurum tərəfindən qida verilmirsə demək düşünülüb ki, itlər sakinləri parçalayıb yeməlidirlər. Dişləmə, parçalama, xəsarət yetirmə faktları kifayət qədər olsa da hələ adamı tam parçalayıb yemə faktına rast gəlməmişəm. Görünür onun baş verməsi gözlənilir. Çünki bu qədər dişlənən, xəsarət alan adama görə tədbir görülmədi.
Bizdə hər şey belədir. Quru ağacı kəsmirlər. Hətta budaqları maşının üstünə düşür, zərər vurur, yenə də baxan olmur. Elə ki, bərk küləkdə ağac beş adamın üstünə düşüb dördünü öldürürsə onda yada düşür ki, ağacı kəsmək lazımmış...
İndi bu it məsələsində də gərək eyni anda 10-15 adamı həyatdan məhrum etsin ki, bəlkə (onda bəlkə!) nəsə düşünülsün?
Tural Irfan, MCP sədrinin müavini