TEREF poçtuna daxil olan şikayət məktubunu təqdim edir:
Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Vətən müharibəsi veteranı Hümbətov Bəhram Əzizağa oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Bildirmək istəyirəm ki, mən Hümbətov Bəhram Əzizağa oğlu Vətən müharibəsi veteranıyam. Ötən il işsizliklə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə müraciət etmişdim. ŞTB-nın sədri Murtuz Salahov da öz növbəsində məni "İttutan" vəzifəsi ilə şərəfləndirmişdi. Belə ki, mən şəhəri gəzib-dolaşırdım, camaatın gözü önündə rastlaşdığım sahibsiz küçə itlərini qovub tutaraq köhnə avtomobilimin baqajına salırdım, sonra da həmin itləri dağlıq ərazidə yerləşən it sığınacağına buraxırdım. 44 günlük Vətən müharibəsində silah əlimdə düşmənin arxasınca onları iti qovan kimi qovalayan döyüşçü, indi gəlib Göyçayda bir tikə çörək naminə əlimdə zəncir sahibsiz itləri qovmaqla məşğul idim. Mənə tutduğum itlərin sayına görə pul verirdilər. Demək olar ki, 6 ay müddətinə sözügedən birlikdə qeyri-rəsmi eyni vəzifəni yerinə yetirdim, lakin təkidlə tələb etməyimə baxmayaraq mənimlə əmək müqaviləsi bağlamadılar. Doğrusu çox çarəsizəm, maddi dururum heç də yaxşı deyil. Çünki, yenicə ailə həyatı qurmuşam. Veteranlığa görə 80 (səksən) manat təqaüd alıram. Əlacsız şəkildə, onların mənə həvalə etdiyi "İttutan" işində çalışırdım. Beləliklə 6 ay müddətində əmək müqaviləsi olmadan işlədim. Sonra it sığınacağı ləğv olundu, bütün itlər yenidən şəhərə qaçdılar. Göyçay Şəhər Təsərrüfatı Birliyi isə mənə 170 (yüz yetmiş) manat borclu qaldı. Hər dəfə haqqımı tələb edirəm, müxtəlif bəhanələr gətirirlər. Hansıki, veteranların incidilməməsi, onlara köməklik göstərilməsi istiqamətində cənab Prezidentin göstərişi var.
Nəzərinizə çatdırım ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, işəgötürən tərəf əmək müqaviləsi bağlamadan işlətdiyi şəxsi sağlam və təhlükəsiz əmək şəraitininin təmin olunmasından, o cümlədən onu digər haqq və hüquqlarından məhrum etmiş sayılır. Həmçinin bu hal Vergi Məcəlləsinin də tələblərinin pozulması hesab edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI-ci bəndini (Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.) rəhbər tutaraq xahiş edirəm, şikayətimin obyektiv araşdırılmasına, haqqım olan 170 (yüz yetmiş) manatın mənə verilməsinə və mənim Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyində rəsmi işlə təmin olunmağıma köməklik göstərəsiniz.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта